Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrası ilə bağlı Azərbaycan Texnologiya Universiteti rəhbərliyi ilə layihə nümayəndələrinin görüşü keçirilib.
Görüşdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrasının uğurla davam etdirildiyini qeyd edərək bu tərəfdaşlıqdan məmnunluğunu ifadə edib, təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün milli səviyyədə şəbəkələşmənin qurulması və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə Avropa təcrübəsinin mənimsənilməsi baxımından layihənin əhəmiyyətindən bəhs edib.
Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova, layihənin İsveç tərəfdaşı olan Kral Texnologiya İnstitutunun (KHT) nümayəndəsi Viktor Kordas layihə çərçivəsində görülən işlərlə bağlı ətraflı məlumat veriblər.
Görüşün sonunda geniş fikir mübadiləsi aparılıb və layihənin gələcək fəaliyyəti müzakirə edilib.
Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.