Azərbaycan Respublikasının Konstitusiyası və milli-mənəvi dəyərlər XX əsr  millətlərarası və dövlətlərarası ziddiyyətlərin güclənməsi ilə yanaşı, ksenofobiyanı və ekstremizmi ehtiva edən ümumbəşəri və qlobal problemlərlə də yadda qaldı. XXI yüzillikdə dünyada bu proseslər davam edir sadəcə fərqli müstəvidə baş verir. Hazırda bir çox ölkələr dini ekstremizm, ksenofobiya, aqressiv islamofobiya, millətçilik problemlərindən əziyyət çəkir. Müasir  dövrdə tolerantlıq artıq sonsuz dözümlülüyün təbliği kimi deyil, zorakılığa, qanunsuzluğa qarşı qəti çıxış,  insanın danılmaz hüquqlarının tanınması kimi başa düşülür.  Əsrlər boyu Azərbaycan cəmiyyətinə xas olan böyük sərvətlərdən biri də məhz tolerantlıqdır. Tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu Azərbaycanda etnoslararası ənənəvi dostluq münasibətləri, qarşılıqlı mədəni-mənəvi zənginləşmə, vahid vətənçilik təfəkkürü, mükəmməl dözümlülük mühitini formalaşdırmışdır. Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük.  Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş azərbaycançılıq konsepsiyası ölkədə çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli mühiti təmin etdi, vətəndaşların vahid bayraq altında birləşməsində həlledici rol oynadı.             

Azərbaycan Respublikası Konstitusiyasının 5-ci maddəsi “Xalqın vahidliyi” haqqındadır. Bu maddənin II hissəsində deyilir: Azərbaycan Respublikası bütün Azərbaycan vətəndaşlarının ümumi və bölünməz Vətənidir.    Konstitusiyanın “Dövlət dili” haqqında 21-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.  Konstitusiyanın 25-ci maddəsinin (Bərabərlik hüququ) III bəndinə görə, İnsan və vətəndaş hüquq və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.  Konstitusiyanın 44-cü maddəsi “Milli mənsubiyyət hüququ” adlanır. Bu maddəyə əsasən, “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. Bu o deməkdir ki, hər bir kəs öz milli mənsubiyyətini seçməkdə azaddır, ona müdaxilə edilə bilməz. Milli azlıq, azsaylı xalq və etnik  qrupların sərbəst inkişafını təmin etmək Azərbaycan dövlətinin milli siyasətinin tərkib hissəsidir.  Eyni zamanda, Əsas Qanunun 45-ci “Ana dilindən istifadə hüququ” maddəsində deyilir: “Hər kəsin ana dilindən istifadə etmək hüququ, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”. Bildiyimiz kimi dil fərdlər arasında ünsiyyət vasitəsi kimi mühüm rol oynayır.  Azərbaycan Respublikası  Konstitusiyanın “Vicdan azadlığı” 48-ci maddəsinin III hissəsində qeyd edilir ki, dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə sərbəstdir. IV hissəsində isə göstərilir ki, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.  Azərbaycan Respublikası  Konstitusiyanın 47-ci, 49-cu və 58-ci maddələrində Azərbaycan Respublikası ərazisində yaşayan şəxslərin “Fikir və söz azadlığı”, “Sərbəst toplaşmaq azadlığı” və “Birləşmək hüququ” təsbit edilmişdir. Həmin müddəalarda şəxsin etnik mənsubiyyətindən asılı olaraq, hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır.  Azərbaycan Respublikasının Konstitusiyasına görə dinindən, irqindən, eləcə də dilindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqları və azadlıqları qorunur. Ayrı-ayrı etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada mehribançılıq, dostluq, qardaşlıq mühitində yaşayırlar. Bir sıra beynəlxalq təşkilatlar öz sənədlərində qeyd edirlər ki, azərbaycanlıların onlarla bərabər bir torpaqda yaşayan xalqlara qarşı tolerantlığı etalon hesab edilə bilər. Bəzi xarici siyasətçilərin dediyi kimi, Azərbaycan dünyaya neft, qazla bərabər həm də tolerantlığı da ixrac edən ölkə  imici qazanıbdır.  Azərbaycan Respublikasının Konstitusiyası ölkədə yaşayan müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin hüquq və azadlıqlarının etibarlı təminatçısıdır.  

 

Mehriban Tağıyeva

Azərbaycan Texnologiya Universitetinin

İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi