🚀 Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzi yeni və innovativ maarifləndirici layihəyə start verir. Layihə çərçivəsində “Texnologiyanın sirləri” adlı elmi-populyar animasiya şəklində silsilə çarxlar təqdim ediləcək.
Süni intellekt əsaslı animasiyada Eynşteyn obrazı ATU tələbələri ilə birlikdə texnologiyanın keçmişinə, bu gününə və gələcəyinə elmi səyahət edəcəklər. Hər bir animasiya seriyası tamaşaçını texnoloji inkişafın mühüm mərhələləri ilə tanış edərək, elmin insan həyatına təsirini sadə, vizual və anlaşılan formada təqdim edəcək.
Animasiyada komandanı zaman tunelinə “ATU Car” aparacaq. Qeyd edək ki, “ATU Car” ATU tələbələrinin ötən il ərsəyə gətirdiyi və ictimaiyyətin böyük marağına səbəb olan hibrid avtomobilin süni intellekt vasitəsilə canlandırılmış animasiya obrazıdır. Bu avtomobil simvolik olaraq gənclərin innovativ düşüncəsini, mühəndislik bacarıqlarını və gələcəyin texnologiyalarına açılan yolu təmsil edir. Layihə çərçivəsində aşağıdakı əsas mövzulara toxunulacaq:
🔹 Texnologiyanın tarixi və sənaye inqilabları
- · I Sənaye İnqilabı – buxar maşını, mexaniki istehsal
- · II Sənaye İnqilabı – elektrik enerjisi, kütləvi istehsal
- · III Sənaye İnqilabı – kompüterlər, avtomatlaşdırma, rəqəmsallaşma
- · IV Sənaye İnqilabı – süni intellekt, robototexnika, “ağıllı” sistemlər
🔹 Elmin və texnologiyanın təməl icadları
- · Elektrik və elektromaqnitizm
- · Daxiliyanma mühərriki
- · Kompüter və internetin yaranması
- · Peyk texnologiyaları və kosmik tədqiqatlar
- · Biotexnologiya və gen mühəndisliyi
🔹 Müasir və gələcək texnologiyalar
- · Süni intellekt və maşın öyrənməsi
- · Böyük verilənlər (Big Data)
- · Yaşıl və bərpa olunan enerji texnologiyaları
- · Ağıllı şəhərlər və IoT sistemləri
- · Avtonom nəqliyyat vasitələri və elektromobillər
🔹 Universitet və elmin rolu
- · Ali təhsilin texnoloji inkişafda rolu
- · Elmi-tədqiqat və sənaye əməkdaşlığı
- · Startap mədəniyyəti və innovasiya ekosistemi
- · Gənc mühəndis və tədqiqatçıların formalaşması
Layihənin əsas məqsədi elmi biliklərin geniş auditoriyaya, xüsusilə gənclərə və tələbələrə maraqlı və anlaşılan formada çatdırılması, eyni zamanda ATU-da formalaşan innovativ düşüncə mühitinin nümayiş etdirilməsidir.