Müasir dünyada ksenofobiya, dini dözümsüzlük və etnik münaqişələrin artdığı bir dövrdə humanizm və sülh ideyalarını təbliğ edən liderlərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il üzrə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” (Zayed Award for Human Fraternity) ilə təltif edilməsi, ölkəmizin onilliklər ərzində formalaşdırdığı tolerantlıq mühitinin və dövlət başçısının qlobal sülhə verdiyi töhfələrin beynəlxalq səviyyədə ən yüksək təsdiqidir.
Bu mükafat 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nayanın irsini yaşatmaq məqsədilə təsis edilib. Mükafatın ilk fəxri laureatları elə sənədi imzalayan iki böyük dini lider - Papa Fransisk və Şeyx Əhməd ət-Tayyeb olublar. Mükafat yalnız sülh bəyanatları verən deyil, bu ideyaları real əməllərə çevirən şəxsiyyətlərə təqdim olunur. İlham Əliyevin bu mükafata layiq görülməsi, onun rəhbərliyi ilə Azərbaycanın fərqli dinlərin və mədəniyyətlərin harmonik şəkildə bir arada yaşadığı nadir bir məkana çevrilməsinin nəticəsidir.
Azərbaycanın bu ali mükafata gedən yolu təsadüfi uğurlardan deyil, düşünülmüş və sistemli bir strategiyadan keçir. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm ölkədə sadəcə bir dözümlülük mühiti deyil, həm də qanunvericiliklə tənzimlənən və dövlət institutları tərəfindən dəstəklənən bir modelə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və ali təhsil müəssisələrində bu sahənin elmi əsaslarla tədris olunması, Azərbaycanın gələcək nəsillərini “insan qardaşlığı” prinsipləri ruhunda yetişdirmək hədəfinin göstəricisidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu institusional yanaşmaya - fərqlilikləri bir zənginlik kimi idarə etmək bacarığına verilən qiymətdir.
Ən mühüm məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən start götürən “Bakı Prosesi”dir. Bu platforma Şərq ilə Qərb, İslam dünyası ilə Xristian dünyası arasında körpü rolu oynayır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mütəmadi olaraq Bakıda keçirilməsi, Azərbaycanın qlobal humanitar gündəliyi müəyyən edən mərkəzlərdən birinə çevrilməsini təmin etmişdir. “Zayed” mükafatı bu fəaliyyətin qlobal miqyasda nə qədər zəruri olduğunu bir daha sübut etdi.
Dinlərarası harmoniyanın Azərbaycan modeli dünya üçün bir örnəkdir. Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanın həyat tərzidir” fəlsəfəsi ölkədəki bütün dini konfessiyaların dövlət tərəfindən bərabər dəstəklənməsində özünü göstərir. Mükafat komitəsi bu təltiflə həm də Azərbaycandakı bu daxili sabitliyi və fərqli inanclara olan dərin hörməti yüksək qiymətləndirmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun Vatikanda xristian katakombaların, Fransada kilsələrin, dünyanın müxtəlif yerlərində dini abidələrin bərpasındakı rolu bu humanitar missiyanın sərhədləri aşdığını və Azərbaycanın bəşəri irsə olan hörmətini nümayiş etdirir.
İnsan qardaşlığı yalnız dözümlü olmaq deyil, həm də çətin anda dəstək olmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın humanitar diplomatiyası həm pandemiya dövründə, həm də təbii fəlakətlər zamanı dini və irqi fərq qoymadan onlarla ölkəyə yardım əlini uzatması ilə yadda qalmışdır.
Bu mükafat Prezident İlham Əliyevin Cənubi Qafqazda yeni bir dövr - davamlı sülh və əməkdaşlıq erası yaratmaq səylərini əks etdirir. Otuz illik münaqişədən sonra Azərbaycanın sülh müqaviləsi və regional inteqrasiya təklifləri, intiqam deyil, birgəyaşayış və qardaşlıq prinsiplərinə əsaslanır. Bu cür uzaqgörənlik mükafat komitəsinin diqqətindən yayına bilməzdi, çünki insan qardaşlığı ən çox müharibədən sonrakı bərpa və barışıq proseslərində sınağa çəkilir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə bir siyasi liderin uğuru deyil, bütövlükdə Azərbaycan xalqının əsrlər boyu yaşatdığı tolerantlıq mədəniyyətinin zəfəridir. Bu hadisə Azərbaycanın “yumşaq güc” diplomatiyasını gücləndirir və ölkəmizin beynəlxalq aləmdə dialoq, sülh və qarşılıqlı hörmət rəmzi kimi imicini möhkəmləndirir. Bu mükafat bir daha göstərdi ki, Azərbaycanın təklif etdiyi multikulturalizm modeli bəşəriyyətin gələcək birgəyaşayışı üçün ən optimal yoldur.
Azərbaycan Texnologiya Umiversiteti
İctimai elmlər və multikulturalizm
kafedrasının dos.əv., t.f.d. M.İ.Tağıyeva