Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Tələbələr asudə vaxtlarını dəyərləndirmək üçün Universitetin Kitabxana informasiya mərkəzində olublar

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin TEC-nin təşkilatçılığı ilə Ətraf mühitin mühafizəsi kafedrasının Ekologiya mühəndisliyi 2242r qrup tələbələri asudə vaxtlarını dəyərləndirmək üçün Universitetin Kitabxana informasiya mərkəzində olublar. Onlar öz tədqiqat işləri ilə bağlı ədəbiyyatları seçib mütaliə aparmış və müxtəlif elmi əsərlərə istinad ediblər.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) məqsədi ilə birbaşa əlaqəlidir. Elmi ədəbiyyatla işləmək və müstəqil tədqiqat aparmaq bacarıqları tələbələrin akademik inkişafında mühüm rol oynayır. Kitabxana resurslarından səmərəli istifadə analitik düşüncə və elmi yanaşmanı gücləndirir. Bu isə biliklərin dərinləşdirilməsinə və keyfiyyətli təhsil mühitinin formalaşmasına xidmət edir.

Turizm ixtisasının IV kurs tələbələri "Gold Naftalan" Sağlamlıq Mərkəzində təcrübə keçirlər

Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərovun təşəbbüsü ilə ATU-nun sənaye əlaqələri genişlənib. "Gold Naftalan" ilə bağlanmış müqaviləyə əsasən tələbələrin təcrübə müddəti çox məhsuldar keçir.

Turizm sənayesinin təşkili kafedrasının müdiri iqtisad elmləri doktoru Yusif Hümbətov Turizm ixtisası üzrə təhsil alan tələbələrlə təcrübə yerində görüşüb.

Bu əməkdaşlığın daha da genişlənəcəyini, qarşılıqlı faydalı əlaqələrin yeni uğurlara aparacağına əminliyini bildirib.

Tələbələrimizə göstərilən diqqətə və etimada görə "Gold Naftalan" Sağlamlıq mərkəzinin rəhbərliyinə xüsusi təşəkkürümüzü bildiririk.

Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) ilə bağlıdır. Turizm sektorunda praktiki təcrübə tələbələrin peşə bacarıqlarını real iş mühitində inkişaf etdirməsinə imkan yaradır. Bu cür əməkdaşlıqlar təhsil ilə əmək bazarı arasında əlaqəni möhkəmləndirir. Nəticədə ixtisaslı kadr hazırlığı və xidmət keyfiyyətinin yüksəldilməsi təmin olunur.

ATU-da Novruz şənliyi təşkil olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) Novruzun şənliyi təşkil olunub.

Tədbiri rektor Yaşar Ömərov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, qazilər, ATU əməkdaşları və tələbələr izləyiblər.

Tədbirdə müxtəlif ansamblların, eləcə də ATU tələbələrinin ifasında müsiqilər səsləndirilib, rəqslər ifa edilib. 

Şənlik çərçivəsində universitetin həyətində Novruz adət-ənənələrini əks etdirən süfrələr qurulub, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub, fakültələr arasında kəndirdartma yarışı keçirilib. Novruzun personajları olan Kosa və Keçəl tədbirə bayram əhval ruhiyəsi qatıb. 

Şənlikdə tədbirin fəxri qonaqları olan qazi tələbələr və məzunlar rektor Yaşar Ömərovla birgə bayram tonqalını alovlandırıblar.


Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb. 

İclasda elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidovun keçiriləcək elmi konfrans barədə məruzəsi dinlənilib.

Daha sonra Mehman İsmayılovun təqdimatında Qida mühəndisliyi fakültəsinin, Alimə Qurbanovanın təqdimatında isə Kitabxana İnformasiya Mərkəzinin hesabatı dinlənilib.

İclas çərçivəsində tədris metodiki vəsaitlər təsdiq edilib, Qiyabi təhsil sektorunun müdiri İrşad Abbasov 70 illik yubileyi, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının baş müəllimi Fizuli Fərəci 65 illik yubileyi münasibətilə təltif olunub, Qida mühəndisliyi və ekspertiza kafedrasının əməkdaşı Sevda Qurbanova isə elmi ad alması münasibəti ilə mükafatlandırılıb.

Azərbaycan Texnologiya Universitetində Elm Günü qeyd olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) Elm Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidov, Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Şakir Əliyev, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fazil Kərimov çıxış edərək elm və texnologiyanın inkişafında universitetlərin rolundan, elmi tədqiqatların əhəmiyyətindən, ATU-nun elmi nailiyyətlərindən, universitetdə elmi fəaliyyətin inkişafı istiqamətində görüləcək işlərdən danışıblar. 

Tədbirdə tələbələrin elmi məruzələri də dinlənilib. Aysun Hüseynova “Dizaynın gələcəyi: süni intellekt və avtomatlaşdırma”, Aydan İsayeva “İşğaldan azad olunmuş ərazilərdə zondlama üsulu ilə monitorinq”, Zeynəb Rzayeva “Proqramlaşdırma dillərində çeşidləmə alqoritmləri”, Elmira Yusifli isə “Qərb bölgəsində sənaye tullantılarının təkrar emalının əhəmiyyəti” başlıqlı məruzələrlə çıxış edib, mövzular ətrafında ünvanlanan sualları cavablandırıblar.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) məqsədləri ilə uzlaşır. Elmi fəaliyyətlərin təşviqi tələbələrin tədqiqat bacarıqlarının inkişafına və innovativ düşüncənin formalaşmasına şərait yaradır. Müxtəlif mövzular üzrə təqdimatlar biliklərin tətbiqi və müzakirəsi üçün geniş imkanlar açır. Bu isə elmi potensialın gücləndirilməsi və innovasiya mühitinin inkişafına xidmət edir.

ATU-nun 55 illiyi münasibətilə Heydər Əliyev Parkında 55 çinar ağacı əkilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) 55 illik yubileyi çərçivəsində Gəncədə yerləşən Heydər Əliyev Parkında 55 çinar ağacı əkilib. Ağacəkmə aksiyası universitetin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin və Heydər Əliyev Park Kompleksinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, ATU-nun yaradılması vaxtilə — 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb və onun adı universitetin tarixində mühüm yer tutur. Məhz buna görə də, ATU-nun yubiley tədbirləri çərçivəsində Gəncədə Heydər Əliyevin əkdiyi çinar ağacının olduğu parkda yeni çinarların əkilməsi xüsusi rəmzi məna daşıyır. Bu təşəbbüs həm universitetin tarixinin əbədiləşdirilməsinə, həm də şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına töhfə vermək məqsədi daşıyır.