Azərbaycan Texnologiya Universitetinin (ATU), Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Gənclər Evinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr edilmiş "III Əzm Marafonu" keçirilib.
Yarışçılar əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini dinləyib, ardınca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edib, marafonun artıq üçüncü ildir ki, keçirildiyini və ənənəvi olaraq hər il təşkil ediləcəyini qeyd edib. YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov da çıxış edərək yarışçılara uğurlar arzu edib.
Marafon Gənclər Evinin önündən start götürüb, finiş xətti Zəfər Tağında yerləşib. 300 nəfərin qatıldığı yarışda birinci, ikinci və üçüncü yerləri tutan qaliblər qadın və kişi kateqoriyaları üzrə mükafatlandırılıblar.
Bu təşəbbüs SDG 3 (Sağlamlıq və rifah) və SDG 11 (Dayanıqlı şəhərlər və icmalar) məqsədləri ilə uyğunluq təşkil edir. Gənclərin idmana cəlb olunması sağlam həyat tərzinin təşviqi baxımından mühüm sosial əhəmiyyət daşıyır. Kütləvi idman tədbirləri eyni zamanda sosial həmrəyliyi və ictimai fəallığı gücləndirir. Belə yarışlar fiziki aktivliyi təşviq etməklə yanaşı, icma əsaslı müsbət sosial mühitin formalaşmasına da təkan verir.
Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş fakültələrarası intellektual yarış təşkil olunub.
Tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənclər arasında təbliğ etmək, tələbələrin intellektual biliklərini artırmaq və onların asudə vaxtını səmərəli təşkil etmək olub. Yarışda müxtəlif fakültələri təmsil edən komandalar bilik və zəka üzərində mübarizə apararaq fəallıq göstəriblər.
Yarışın nəticələrinə əsasən 1-ci yerin qalibi Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin Avangers komandası, 2-ci yerin qalibi İqtisadiyyat və İdarəetmə fakültəsinin Şərq cəbhəsi komandası, 3-cü yerin qalibi Qida Mühəndisliyi fakültəsinin Gizli dəstə komandası olub.
Tədbir tələbələr arasında intellektual mübarizəni təşviq etməklə yanaşı, gənclərin bilik və yaradıcılıq potensialını nümayiş etdirmək imkanı yaradıb.
Azərbaycan Texnologiya Universitetində (ATU) “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi ilə birgə təşkil olunub.
Tədbirin əsas məqsədi universitetin pedaqoji kollektivi və tələbələri arasında mülki müdafiə sahəsində biliklərin artırılması, fövqəladə hallara hazırlığın gücləndirilməsi və bu istiqamətdə zəruri davranış qaydalarının təbliği olub.
Çıxış edənlər fövqəladə halların növləri, onların qarşısının alınması yolları, həmçinin belə hallarda düzgün davranış qaydaları barədə ətraflı məlumat veriblər. Eyni zamanda, mülki müdafiə üzrə ilkin tədbirlərin təşkili, əhalinin təhlükəsizliyinin təmin olunması və təxliyə planlarının hazırlanması mövzularına da toxunulub.
Tədbirdə nümayiş etdirilən təqdimatlar və praktiki tövsiyələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda iştirakçıların sualları cavablandırılıb, müvafiq maarifləndirici materiallar paylanılıb.
Bu fəaliyyət SDG 11 (Dayanıqlı şəhərlər və icmalar) və SDG 3 (Sağlamlıq və rifah) ilə yanaşı SDG 4 (Keyfiyyətli təhsil) ilə də əlaqəlidir. Fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirmə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verir. Təxliyə planları və ilkin müdafiə tədbirləri barədə biliklərin artırılması risklərə hazırlıq səviyyəsini yüksəldir. Bu isə daha dayanıqlı, təhlükəsiz və məlumatlı cəmiyyətin qurulmasına xidmət edir.
Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfrans çərçivəsində İsrailin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Holon Texnologiya İnstitutunun alimlərinin iştirakı ilə xüsusi sessiya təşkil olunub.
Seminarda israilli alimlər – Prof. Michael Winokur, Prof. Haim Dottan, Prof. Antoanet Levy, Prof. Ilya Levin və Dr. Galit Welner müxtəlif sahələr üzrə elmi məruzələrlə çıxış ediblər. Təqdim olunan mövzular müasir dövrün elmi-texnoloji çağırışlarını əhatə edib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Prof. Michael Winokur “Əşyaların interneti (Internet of Things - IoT) laboratoriyası təcrübəsinin bölüşülməsi” mövzusunda çıxış edərək bu texnologiyanın sənaye və gündəlik həyatdakı tətbiqlərinə dair nümunələr təqdim edib. Prof. Haim Dottan və Prof. Antoanet Levy “Mədəni irs texnologiyaları və turizm” sahəsində innovativ yanaşmaları iştirakçılarla bölüşüblər. Prof. Levin və Dr. Galit Welner isə “Çoxdan gözlənilən süni intellektin gözlənilmədən meydana çıxması” başlıqlı təqdimatla süni intellektin sürətli inkişafına dair maraqlı faktlar və nümunələr açıqlayıblar.
Bundan əlavə, Prof. Antoanet Levy “HIT – Holon Texnologiya İnstitutu ilə Azərbaycan arasında fəaliyyətlər və əməkdaşlıqlar” mövzusunda təqdimatla çıxış edərək gələcəkdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivlərinə toxunub.
Bu təşəbbüs SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar), SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 4 (Keyfiyyətli təhsil) ilə sıx bağlıdır. Xarici alimlərin müasir texnologiyalar, IoT, süni intellekt və mədəni irs texnologiyaları üzrə təqdimatları bilik mübadiləsinin beynəlxalq səviyyədə genişlənməsinə şərait yaradır. Belə sessiyalar tədqiqatçılar və tələbələr üçün yeni elmi istiqamətlərin mənimsənilməsi baxımından dəyərli platformadır. Eyni zamanda, bu format universitetlərarası strateji əməkdaşlığın inkişafına xidmət edir.
Azərbaycan Texnologiya Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində daha 4 yeni tədris otağı əsaslı təmir və bərpadan sonra istifadəyə verilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və digər rəhbər heyət ixtisasların spesifikasına uyğun olaraq tematik dizaynda qurulmuş otaqlarla tanış olub. Rektor auditoriyaların yenilənməsinin təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi, tələbələrin daha səmərəli və yaradıcı şəkildə təhsil alması məqsədilə həyata keçirildiyini vurğulayaraq universitetdə tədris infrastrukturunun daim yenilənməsi və təkmilləşdirilməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Yeni istifadəyə verilən "Rəngkarlıq maketləşdirmə" və "Təsviri incəsənət və rəsm" auditoriyaları Yüngül sənaye mühəndisliyi və dizayn fakültəsinin, "Ekologiya" və "Mülki müdafiə" auditoriyaları isə Qida mühəndisliyi fakültəsinin tərkibində yaradılıb.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) ilə birbaşa, SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə isə dolayı şəkildə bağlıdır. Tədris infrastrukturunun yenilənməsi tələbələrin daha əlverişli, yaradıcı və ixtisasyönümlü mühitdə təhsil almasına şərait yaradır. Tematik auditoriyaların yaradılması nəzəri və praktiki öyrənmə prosesinin daha səmərəli təşkilinə xidmət edir. Bu isə ali təhsildə keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində mühüm addım hesab oluna bilər.
Azərbaycan Texnologiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Dördüncü Sənaye İnqilabı Dövründə Elm və Texnologiyaların Mövcud Vəziyyəti və İnkişaf Perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfransın ikinci günü uğurla davam edib.
Konfrans çərçivəsində bölmələr üzrə məruzələr dinlənilib, müasir elmi-texnoloji tendensiyalar müzakirə olunub və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Konfransın bölmələrinə Çin, İsrail, Türkiyə, Polşa, Rusiya, Ukrayna, Gürcüstan və Özbəkistanın nüfuzlu universitetlərinin elm adamları həmsədrlik edib.
Məruzələr Qida mühəndisliyi və texnologiyaları, Süni intellekt, elektronika və informasiya texnologiyaları, Tekstil və yüngül sənaye, Dizaynda innovativ texnologiyalar, Maşınqayırma, nəqliyyat və logistika, Metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar və Multikultural təhsildə innovativ texnologiyalar olmaqla 12 bölmədə dinlənilib.
Qeyd edək ki, konfransın məcmuələr toplusuna 21 ölkədən - 53 xarici, 17 yerli universitetdən, 10 tədqiqat institutu, 4 müəssisə və 2 dövlət qurumundan ümumilikdə 649 tezis qəbul edilib.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil), SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) məqsədlərinə töhfə verir. Müxtəlif elmi istiqamətlər üzrə bölmələrin fəaliyyəti müasir problemlərin multidissiplinar müstəvidə araşdırılmasına imkan yaradır. Xarici universitetlərin alimlərinin həmsədr qismində iştirakı beynəlxalq akademik inteqrasiyanın gücləndiyini göstərir. Bu cür elmi platformalar yeni əməkdaşlıqların formalaşması və tədqiqat nəticələrinin keyfiyyətinin yüksəlməsi üçün mühüm imkan yaradır.