Azərbaycan Texnologiya Universitetində (ATU) Azərbaycan Respublikasının ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir – 13-cü Dünya Şəhərləri Forumuna (WUF13) həsr edilmiş görüş keçirilib.

Maşın mühəndisliyi və logistika kafedrası ilə Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının birgə təşəbbüsü və akademik heyətinin iştirakı ilə baş tutan görüşün keçirilməsində məqsəd WUF13-ün əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, akademik mühitdə mövzu ətrafında fəal müzakirələrin təşviqi və universitetlərin qlobal proseslərə inteqrasiyasıdır.

Görüşdə Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyi diqqətə çatdırılıb, WUF13-ün ölkəmiz üçün əhəmiyyəti, eləcə də bu qlobal platformanın elm, təhsil, gənclər və dayanıqlı inkişaf baxımından yaratdığı imkanlar müzakirə olunub.

Çıxışlarda bildirilib ki, BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Dünya Şəhərləri Forumu şəhərlərin və yaşayış məntəqələrinin gələcəyinin müzakirə edildiyi ən mötəbər beynəlxalq platformalardan biridir. WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycanın urbanizasiya, davamlı inkişaf və şəhərsalma sahələrində qlobal müzakirələrin mərkəzinə çevrilməsinə xidmət edir.

Tədbirdə vurğulanıb ki, WUF13 Azərbaycan üçün yalnız beynəlxalq tədbir deyil, eyni zamanda elm və ali təhsil mühiti üçün yeni imkanlar yaradan mühüm platformadır. Forum çərçivəsində təşkil olunacaq elmi sessiyalar, panel müzakirələr və konfranslar Azərbaycan alimlərinin beynəlxalq elmi əməkdaşlıqlara qoşulması, birgə tədqiqat layihələrinin icrası və elmi bilik mübadiləsinin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Akademik heyət beynəlxalq tədbirdə gənclərin iştirak imkanlarına da xüsusi diqqət çəkib. Qeyd olunub ki, tələbələr və gənc tədqiqatçılar forum vasitəsilə innovativ ideyalarını beynəlxalq auditoriyaya təqdim etmək, “ağıllı şəhərlər”, “yaşıl texnologiyalar” və “dayanıqlı inkişaf” kimi istiqamətlər üzrə qabaqcıl təcrübələrlə tanış olmaq imkanı əldə edəcəklər. Bu isə gənclərin elmi və peşəkar inkişafına mühüm töhfə verəcək.

Eyni zamanda, tədbirdə WUF13-ün Azərbaycanın dayanıqlı inkişaf strategiyası ilə tam uyğunluq təşkil etdiyi qeyd olunub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji təşəbbüsləri və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərin forum çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunacağı vurğulanıb.