Azərbaycan Texnologiya Universitetində (ATU) 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində 20 Yanvar faciəsinin tarixi mahiyyətini və xalqımızın azadlıq mübarizəsini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib. Film iştirakçılarda həmin faciəli, eyni zamanda şərəfli günlərin xatirəsini yenidən canlandırıb.
Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, Gəncə şəhər Veteranlar Şurasının sədri Yusif Məmmədov, Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti Sadıq Mustafayev çıxış ediblər. Çıxışlarda 1990-cı ilin 20 Yanvar hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət olduğu vurğulanıb, xalqımızın başına gətirilən müsibətlərdən, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyindən, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizədən geniş bəhs edilib. Bildirilib ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.
Tədbirin sonunda tələbə Ayna Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeir səsləndirib.