Azərbaycan Texnologiya Universitetində (ATU) rəhbər heyətin iştirakı ilə yeni ilin ilk iclası keçirilib. İclas çərçivəsində rəhbər heyətə yeni təyin olunan əməkdaşlar kollektivə təqdim edilib. Universitetin rektoru Yaşar Ömərov iqtisadi məsələlər üzrə müşavir İlham Vəliyevi, strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Toğrul Sadıqovu və İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədovu kollektivə təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yeni təyin olunan rəhbər əməkdaşlar universitetin fəaliyyətinə töhfə vermək, təhsil və elmi-tədqiqat sahəsində keyfiyyət göstəricilərinin artırılması üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər.

İclas çərçivəsində həmçinin qış imtahan sessiyasının gedişi ətraflı müzakirə olunub, proses zamanı qarşıya çıxan məsələlər nəzərdən keçirilib. Rektor imtahanların şəffaf və qaydalara uyğun təşkili, tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.