Son 20 ildə Azərbaycanın su təhlükəsizliyi və su ehtiyatlarının idarə olunması sahəsində qazanılan nailiyyətlər ölkənin strateji inkişafının əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı bu sahədəki uğurları və gələcək planları aydın şəkildə əks etdirir.
Prezident İlham Əliyev çıxışında qeyd edib: “Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir”.
Bu sitatlar son 20 ildə həyata keçirilən siyasətin əsas nəticələrini vurğulayır. Prezidentin rəhbərliyi ilə su təchizatı və meliorasiya sahəsi daim prioritet olub – 2005-ci ildən başlayaraq su problemləri ən ali səviyyədə müzakirə edilir və həll yolları tapılır.
Dövlət başçısının qeyd etdiyi kimi, ümumi tutumu 500 milyon kubmetrdən artıq olan dörd böyük su anbarı tikilib. Bunlar əsasən içməli su təminatı və suvarma üçün strateji əhəmiyyət daşıyır.
“Taxtakörpü” su anbarı Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilib. İnşasına 2007-ci ildə başlanılıb, açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə 28 sentyabr 2013-cü ildə baş tutub. 8,71 kvadratkilometr sahəyə malik “Taxtakörpü” su anbarının ümumi su tutumu 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. “Taxtakörpü” su anbarı Azərbaycanın ən hündür torpaq bəndli su anbarıdır. Bu da nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir.
Eyniadlı rayonda yerləşən “Şəmkirçay” su anbarının tutumu isə 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. “Şəmkirçay” su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunur. 2014-cü ildə istismara verilən “Şəmkirçay” su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutur.
20 ildə tikilən və ya əsaslı yenidən qurulan iri su anbarlarıı sırasında ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan “Tovuzçay” su anbarı da yer alır. Bu layihə 2016-cə ildə istifadəyə verilməklə regionun su təminatını gücləndirib. Layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub.
Cəlilabad rayonu ərazisində Göytəpəçay məcrasında yerləşən, tənəzzül dövründə tikintisi yarımçıq alan “Göytəpə” su anbarı bərpa və tikinti işləri aparıldıqdan sonra 2010-cu ildə istifadəyə verilib. Ümumi həcmi 3,7 milyon kubmetr, faydalı həcmi isə 3,3 milyon kubmetr olan bu su anbarının istifadəyə verilməsi ilə Cəlilabadda kənd təsərrüfatının inkişafı sürətlənib və uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaranıb.
2005-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında istifadəyə verilən “Heydər Əliyev” su anbarı 16 min hektardan artıq ərazini suvarma suyu ilə təmin etməklə yanaşı, həm də elektrik enerjisinə olan tələbatı qismən ödəyir. Qeyd edim ki, 100 milyon kubmetr su tutumu olan bu anbarın tikintisinə 1980-ci ildə ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdı. Lakin o, Moskvaya getdikdən sonra inşaat işləri yarımçıq qalmışdı. Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu nəhəng obyektin tikintisi bərpa olunmuşdu.
İşğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləri çərçivəsində su anbarlarının bərpası və tikintisi xüsusi yer tutur. Qarabağ və Şərqi Zəngəzurun azad olunmasından sonra işğal dövründə dağıdılmış və ya nəzarətdən çıxmış “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”, “Köndələnçay”, “Zabuxçay” kimi su anbarları yenidən qurulub. Hazırda “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi davam etdirilir.
Prezident İlham Əliyevin su siyasəti uzunmüddətli və sistemli xarakter daşıyır. 2004-cü ildən başlayaraq içməli su proqramları qəbul olunub, ölkə üzrə su təminatı 40%-dən 73%-ə, Bakı və Abşeron üzrə 29%-dən 70%-ə çatdırılıb. Fasiləsiz su təminatı isə 95%-ə yüksəlmək üzrədir.
Bu siyasət nəticəsində Bakı və Abşeronun su təhlükəsizliyi təmin olunub.Qərb bölgəsi və digər rayonlar suvarma ilə təmin edilib. Azad edilmiş ərazilərdə su anbarlarının bərpası ilə Ermənistanın keçmiş su terroruna qarşı effektiv cavab verilib. Gələcək üçün 30-a yaxın yeni su anbarının tikintisi, magistral kanalların yenidən qurulması və Xəzər suyunun duzsuzlaşdırılması planlaşdırılır.
Azərbaycan su probleminə qarşı qlobal çağırışlara qarşı uğurlu model yaradıb. Prezidentin şəxsi nəzarəti və qətiyyəti sayəsində su təhlükəsizliyi ölkənin davamlı inkişafının ayrılmaz hissəsinə çevrilib ki, bu nailiyyətlər gələcək nəsillər üçün dayanıqlı su ehtiyatı vəd edir.
Xəyalə Məmmmədova
Azərbaycan Texnologiya Universitetinin Mətbuat xidmətinin rəhbəri