UTECA-da Xalq şairi Vahid Əzizin “Param-parça illər” adlı şeir kitabının ictimai müzakirəsi keçirilib Azərbaycan Texnologiya Universitetində Xalq şairi Vahid Əzizin “Param-parça illər” adlı şeir kitabının ictimai müzakirəsi keçirilib. Tədbirdə rektorun ictimai əlaqələr üzrə müşaviri Nazim Kərimov, Elmi Tədqiqat Mərkəzinin müdiri Qalibə Məmmədova, Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Məmmədli, müəllimlər və tələbələr iştirak edib.  Müzakirələr zamanı çıxışçılar Vahid Əzizin yaradıcılığında milli mənlik şüurunun inkişafı, vətənpərvərliyin gənclərə aşılanması, vətən həsrəti, millətə və dövlətə bağlılığın mühüm yer tutmasının əhəmiyyəti haqqında danışıblar. Şairin yaradıcılığında vətənin hər daşının təbliğinin üstünlük təşkil etdiyinə, bu istiqamətin aparıcı olduğuna xüsusi diqqət çəkilib. Qeyd olunub ki, şairin yaradıcılığında vətənpərvərlik, vətən nisgilinin izi açıq hiss edilir. Çıxışlarda bildirilib ki, Xalq şairi 44 günlük Vətən müharibəsindən sonra çap edilən “Param-parça illər” əsəri ilə qələbəyə öz töhvəsini verib. Kitabda “Qəhrəman Tərtər”dən tutmuş, “Tarixi Xudafərin”, “Qarabağ”, “Cəmi 44 günə” adlı şeirlərin həm tarixi ədalət, həm də gənclərin vətənpərvər əhval-ruhiyyədə böyüməsi baxımından uğurlu olduğu dilə gətirilib.