Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Buster dozasının əhəmiyyəti

Koronavirusla mübarizədə vətəndaş məsuliyyəti böyük əhəmiyyət kəsb edir. İstər yaxın, istərsə də uzaq çevrəmizdən qorunmaq və qorumaq üçün profilaktik tədbirlərin görülməsi, həmçinin gigiyenik qaydalara riayət etdilməsi lazımi xarakter daşıyır. COVID-19 virusuna qarşı  təsdiq edilən 4 peyvənd növü var ki, hər biri  Avropa Dərman Peraparatları Agentliyi tərəfindən elmi cəhətdən sınaqdan keçirilmiş və təhlükəsizlik standartlarına cavab verdiyi təsdiq edilmişdir. Peyvənd yaş həddi 18-dən yuxarı olar bütün vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Statistikaya əsasən demək olar ki, 2 milyondan artıq əhali vaksinasiya olunub. Bu isə öz növbəsində virusun kəskin şəkildə yayılmasının qarşısını alır.  Vaksin immunitet sistemini gücləndirmək üçün müəyyən infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Artıq orqanizm bakteriya və ya virusla rastlaşdıqda necə mübarizə aparacağını bilmiş olur. Əhali üzrə yaş kateqoriyasına nəzər yetirsək, yaranan bu virusun daha çox yaşlı nəsildə əks təsirini görə bilərik. Bəs sual oluna bilər ki, gənc nəslin COVID -19 virusuna yoluxması qaçınılmazdırmı? Gənc nəsildə immunitet  sisteminin yaşlı nəsilə nisbətən daha güclü olmasını nəzərə alarsaq, bu zaman yoluxan hər hansısa bir gəncin bu xəstəliyi keçirməsi təbii ki, yaşlı nəsilə nisbətdə dəfələrlə yüngül formada ola bilər. Ancaq gənc nəsil bu xəstəliyi yüngül və simptomsuz keçirməsinə baxmayaraq daşıyıcı hesab edilir. Bu da aydın məsələdir ki, onların kütləvi kollektivdə olmaları həmin insanları təhlükə altında qoyur. Bunun üçün isə daha məsuliyyətli və diqqətli davranmaq ən vacib nüansdır. Dünya üzrə aparılan müşahidələrə görə COVID-19 virusunun yarana bilən yeni ştammına qarşı mübarizədə peyvəndin əvvəlkindən daha güclü növünün tətbiq edilməsi zəruri hal yaradır. Araşdırılmalara görə peyvəndin virusdan qoruma səviyyəsi minimuma endikdə yoluxma ilə yenidən üzləşə bilmə ehtimalımız qaçınılmaz hal almış olur. “Buster” (qüvvətləndirici) dozası isə immunitet sistemini yenidən gücləndirməyi və peyvəndin effektivliyini artırmağı qarşıya məqsəd olaraq qoyur. Bəs üçüncü doza vaksin kimlərə şamil edilə bilər? Daha çox risk qrupuna daxil olan yaşı 50-dən yuxarı olan, tibb işçiləri, xroniki xəstəlikləri olan  şəxslər üçün nəzərdə tutulur.  Daha çox düşünülən məsələlərdən biri də vaksinasiya nəticəsində müxtəlif fəsadların olması ehtimalıdır. Lakin nəzər yetirsək görə bilərik ki, xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin bu virusa qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Yəni bu kimi xəstəlikləri olan şəxslər vaksinasiyası olunduqdan sonra heçbir  ciddi problem ilə üzləşməyiblər.  Statistikaya nəzər salsaq artıq yeni vaksinasiya olunmanın zəruriliyini görə bilərik.  Demək olar ki, müxtəlif xarici ölkələrdə buster dozasının vurulmasına başlanılmış və bu proses bizdə də ən yaxın zaman çərçivəsində tətbiq edilməlidir.  Beynəlxalq təcrübəyə nəzər yetirdikdə isə buster dozasının immuniteti öncəki dozalardan üç dəfə artıq gücləndirdiyi müşahidə olunub. Məlumatlara əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətli xarakter daşıyır. Bu profilaktik tədbirlər nəticəsində isə yoluxma və ölümlərin azalmasını təmin edə bilərik.  

 

Adilə Həsənova

 Turizm sənayesinin təşkili və ekologiya

 kafedrasının assistenti

EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib

11 oktyabr 2021-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması ve İnkişaf Etdirilməsi" EQAC” layihəsi üzrə yekun konfrans keçirilib. Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin yekun konfransında Tədris işləri üzrə prorektor Vüqar İsmayılov, Keyfiyyət təminatı və audit şöbəsinin mütəxəssisi Jalə Həmzəyeva və layihə meneceri İlahə Qurbanova iştirak ediblər. Onlayn formatda təşkil olunan tədbirdə layihə koordinatorunun təqdimatında 4 il müddətində layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr, yerli tərəfdaş universitetlərin uğur hekayələri, eləcə də beynəlxalq ekspertlərin layihənin Azərbaycanda ali təhsilin keyfiyyətinin artırılmasına verdiyi töhfələr barədə hesabatlar dinlənilib.

Böyük qayıdış Cəbrayıldan başlayıb

 Hərb tariximizə qızıl hərflərlə yazılan şanlı Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad edilməsi ilə nəticələndi. Bu böyük qələbənin və Qarabağa böyük qayıdışın başlanğıcı idi. Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olundu. Və biz cəbhədən gələn hər qələbə xəbərini nəfəs almadan dinləyir, düşmənin məhv olan texnika və canlı qüvvəsinin videogörüntüsünü gördükcə qisasın qiyamətə qalmadığını görürdük. Hər bir azərbaycanlı eyni hissləri keçirirdi - Xocalı, Kəlbəcər, Zəngilan və ümumilikdə öz yurdundan didərgin, şəhid düşənlər! Qanınız yerdə qalmır deyirdik! Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirdi. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon idi və nə xoşbəxt xalqıq ki, bu bütöv Qarabağın azad olunması ilə nəticələnən bir savaş oldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşmüşdür. Müharibədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər. Bu mənim üçün də bir qürur mənbəyidir, çünki bu təltif olunanlar içərisində mənim ailəmin də payı vardır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 4-də azad Cəbrayıla səfər etmiş, bir sıra tədbirlərdə iştirak etmiş, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoymuşdur. Görüşdə çıxış edən dövlət başçımızın müraciəti hər bir cəbrayıllının ürəyini fərəh hissi ilə doldurur: “Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər”. Çıxışına davam edən dövlət başçımız Cəbrayılın azad olunmasının böyük əhəmiyyətini vurğuladı: “Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Amma ondan sonra bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim - Cəbrayıl şəhəri azad edilmişdir! Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Fürsətdən istifadə edərək bir daha əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.                  

 

Mehriban Aslanova

Azərbaycan Texnologiya Universitetinin

Qida mühəndisliyi və ekspertiza kafedrasının

baş müəllimi, texnika üzrə fəlsəfə doktoru   


Qəhrəman Tərtər və Suqovuşan düşmənə göz dağı oldu

44 günlük haqq savaşımızda təkcə igid oğullar deyil, igid şəhərlərimiz və qəsəbələrimiz də vuruşdu, düşmənə göz dağı verdi. Qəhrəman Tərtər kimi! Düşmən dağıtdı, yandırdı, ancaq xalqın qələbə əzmini, Vətən sevgisini söndürə bilmədi. Küllərindən yenidən doğuldu, ayağa qalxdı Tərtər! Bu gün qürurla öz Ali Baş Komandanını qarşılayır - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə oldu. Prezident İlham Əliyevin Bərdə və Tərtər rayonlarına səfəri gözlənilən idi. Çünki elə ay olmur ki, ölkə başçısı regionlarda işlərin gedişatı ilə tanış olmasın.  Tərtər və Bərdə Vətən müharibəsinin getdiyi 44 gün ərzində ən çox atəşə məruz qalan rayonlar sırasındadır. Xüsusilə Tərtər daimi olaraq erməni təcavüzkarları tərəfindən top və raket atəşinə tutulub. Çoxsaylı evlər dağıdılıb, insanlar qətlə yetirilib. Eləcə də Bərdə rayonuna raket atılması nəticəsində xeyli insan həyatını itirdi, şəhərə böyük ziyan dəydi. Bu yerlərdə olmaq hər bir azərbaycanlını qürurlandırır.  Tərtərin Talış kəndi strateji əhəmiyyətə malik ərazilərdəndir. Uzun müddət düşmən işğalında olan əraziləri azad etmək düşmənə ağır zərbələrin endirilməsi demək idi. İgid zabit və əsgərlərimiz həmin əraziləri nəzarət altına götürdü və yüksəkliklər düşməndən azad olundu. Bununla da bizim uğurlu irəliləyişlərimiz baş verdi.  Prezident İlham Əliyev ilk günlərdən Bərdə, Tərtər, Suqovuşan qəsəbəsinin və Talış kəndinin bərpası üçün lazımi tapşırıqlarını verib və həmin ərazilərdə çox mühim tədbirlər həyata keçirilir. İnfrastruktur layihələr davam edir, yollar çəkilir, ərazilər minalardan təmizlənir. Bu ərazilərdə həyatın canlandırlıması üçün tədbirlər görülməkdədir.  Prezident İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib, Talış-Tapqaraqoyunlu Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Dövlət başçısı Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və provaslav kilsələrində olub. Prezident İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib. Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.Prezident İlham Əliyev rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.  Bərdə Azərbaycanın böyük təsərrüfat və mədəni cəhətdən inkişaf edən rayonlarındandır. Orada peşə məktəblərinin açılması və gələcək bir çox vəzifələrin müəyyənləşdirilməsi göstərir ki, ölkə rəhbəri Bərdənin inkişafında olduqca maraqlıdır. Prezident İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib.  Prezident İlham Əliyev həm Bərdədə, həm də Tərtərdə dağıdılmış ərazilərə baş çəkib, insanlarla görüşüb və özünün xüsusi bəyanatlarını səsləndirib. Bu bəyanatlar ilk növbədə 44 günlük Vətən müharibəsi və əsgərlərimizin qazandığı qələbə ilə bağlı idi. Ölkə rəhbəri bu nailiyyətləri səsləndirməklə düşmənə yeni bir mesaj verdi. Bildirdi ki, biz ərazilərimizi təcavüzkarlardan azad etmişik. Ölkə başçısı bir dövlət rəhbəri olaraq sülhün və əmin-amanlığın tərəfdarı olduğunu bəyan edti. Cənab Prezident İspaniya və digər xarici telekanallara müsahibəsində öz məqsədini dilə gətirib. Deyib ki, biz Ermənistanla qarşılıqlı sülh və dostluq şəraitində yaşamağın tərəfdarıyıq: “Ermənistanın hərbi-siyasi rəhbərliyi bu barədə düşünməlidir. Bununla bağlı müəyyən tədbirlər görülməkdədir, baş nazirlərin müavinləri səviyyəsində kommunikasiyaların bərpası istiqamətində müzakirələr aparılır. İlk növbədə sərhədlər dəqiqləşdirilməli, erməni silahlı birləşmələrinin qalıqları Qarabağdan çəkilməli, Zəngəzur dəhlizinin açılması üçün imkan yaradılmalı və sülh müqaviləsi imzalanmalıdır. Bunlar nəinki Azərbaycan, eləcə də Ermənistan üçün vacibdir. Çünki Ermənistan ağır iqtisadi-siyasi böhran şəraitindədir”.               

Mehriban Aslanova 

Azərbaycan Texnologiya Universitetinin

Qida mühəndisliyi və ekspertiza  kafedrasının

baş müəllimi, texnika üzrə fəlsəfə doktoru  

Cəbrayıl – qələbəyə gedən yolda ilk zəfər addımları

 Cəbrayılın azad olunması 44 günlük qısa bir müddətdə xalqımızın böyük qələbəsi ilə nəticələnən Vətən müharibəsində yaşadığımız ilk sevinclərdən birincisi  idi. Vətən müharibəsi  başlanan gün-2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.  4 oktyabr 2020-ci il tarixinddə Ali Baş Komandan İlham Əliyevin dilindən Cəbrayıl tamamilə işğaldan azad olundu müjdəsini eşitdiyimiz anda hər birimizin ürəyi sevinc, gözləri yaşla doldu. O an  30 illik həsrətə son qoyulduğunu, artıq böyük qələbəyə yaxınlaşdığımızı bütün qəlbimizlə hiss etdik. 27 il ərzində Cəbrayl rayonuna işğalçı Ermənistan tərəfindən həm maddi,həm də ciddi şəkildə mənəvi zərər dəyib. Maddi zərər hesablamalara görə 13,928 milyard ABŞ dolları məbləğindədir. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 27 ildir bu insanlar öz ata-baba torpaqlarına həsrət, köçkün sözünün verdiyi mənəvi yüklə yaşamaq məcburiyyətində buraxılıblar.  Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağtumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr var ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Cəbrayil rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçmişdii. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdə birlikdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Qarabağ müharibəsində 362 nəfər şəhid olmuş, 191 nəfər əlil olmuşdu. 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 4 oktyabr 2020-ci il Cəbrayılın işğaldan tamamilə azad olunması Azərbaycan xalqı üçün böyük qələbənin müjdəsi və qələbəsi idi.  2020-ci il dekabrın 4-də  Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 10 min 211 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.  

 

Professor Əhəd Nəbiyev 

Azərbaycan Texnologiya Universitetinin

Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri    

Dahi  şəxsiyyət , həmişəyaşar lider

Dahi  şəxsiyyət , həmişəyaşar lider Azərbaycan tarixində misilsiz  xidmətlərilə  əbədiyaşar mövqe qazanmış ümumilli lider Heydər Əliyev öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcədə dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz buraxıb. Azərbaycanın bir qərinəlik tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin hər dəfə hakimiyyətə gəlişi xalqımız üçün bir qurtuluş olub. Ölkəmizin keçən əsrin 60-cı illərin sonundan başlayan və 21-ci əsrə adlayan 35 illik bir dönəmi yeniliklər və irəliləyişlərlə seçilib.  Heydər Əliyev Azərbaycan xalqının  müstəqillik, suverenlik arzusunu tarixi reallığa çevirib,  böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlayıb. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının müəllifi kimi qəbul edir.  O, 1969-cu ildən bu ölkəyə başçılıq etdi. O zaman keçmiş Sovetlər məkanında aqrar ölkə olan Azərbaycanı,  inkişaf etmiş sənaye və kənd təsərrüfatı respublikasına, elm, mədəniyyət ölkəsinə çevirmək üçün Heydər Əliyev böyük zəhmət çəkdi.   Keçmiş SSRİ rəhbərliyində olan bir çoxlarının həsəd və qərəzinə baxmayaraq Heydər Əliyev şəxsiyyəti və zakası bütün bu maneələri dəf etdi. Əslində hər şey vahid, güclü, müstəqil Azərbaycanın yaradılmasına hesablanmışdı.   Heydər Əliyev Azərbaycana Vətənin dar  və ən ağrılı günlərində yenidən qayıtdı. Ulu öndərin Respublika rəhbərliyinə qayıdışı ilə ölkənin içtimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Müstəqil dövlət quruculuğu prosesi daha etibarlı müstəviyə keçdi. Azərbaycanın daxilində yaranan sabitlik  beynəlxalq   aləmdə ölkəmizə yaranan inamı artırmağa səbəb oldu.  Ulu yaradan ona çox şey bəxş etmişdi - fenomen yaddaşı, dərin təhlil qabiliyyətini, öz xalqına, vətəninə bağlılığı, sadəliyi, dözümü və nəhayət tarix yaratmaq  bacarığını. Bu dahi şəxsiyyət həqiqətən dahilərə məxsus xüsusiyyətləri ilə seçilirdi. O nə qədər ciddi, zəhmli lider idisə, həm də çox sadə, ürəyi yumuşaq və xalqının içində olan sadə bir azərbaycanlı idi.  Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid,  dünya birliyinin tanıyıb hörmət etdiyi Azərbaycan kimi bir dövlət yaratmaq xilaskar kimi ulu öndər  Heydər Əliyevə nəsib oldu. Onun ən böyük arzusu işğalda olan ərazilərimizin azad olunması və Azərbaycanı bütöv görmək idi. Artıq bir ildir ki, bu toroaq uğrunda canından keçən şəhidlərimizin  və ulu öndərin ruhu daha rahat, huzurlu şəkildə uyumaqdadır. Artıq Azərbaycan Ali baş komandan İlham Əliyevin siyasəti, ordumuzun gücü, xalqımızın inam və cəsarəti ilə qələbə qazanməş, uzun illər sonra öz torpaqlarını işğaldan azad etmiş, gücünü, qüdrətini bütün dünyaya sübut edən ölkədir. Bu isə ulu öndərin Azərbaycanla bağlı arzularının  hələ başlanğıcıdır, çünki daha böyük qələbələrimiz hələ qabaqdadır.   

 

Ulduz Babayeva 

Qida mühəndisliyi və ekspertiza kafedrasının 

dosent əvəzi, texnika üzrə fəlsəfə doktoru