İsveçdə ECAR Erasmus+ təlimləri davam edir 16 may tarixindən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində İsveçdə təlimlərə start verilib. Layihənin İsveç tərəfdaşı Kral Texnologiya İnstitutunun (KHT) təşkilatçılığı ilə baş tutan seminarın mövzusu “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu”dur. Təlimlərdə Azərbaycan Texnologiya Universitetini elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülalıyev təmsil edir. Xatırladaq ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir. Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya İnstitutu (KTH) ev sahibliyi edir. Sözügedən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, 15 Azərbaycan universitetindən 3 rektor, 20 müxtəlif sahələr üzrə prorektor və digər rəhbər şəxslər iştirak edirlər. Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya İnstitutunun, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub.