Azərbaycan Texnologiya Universitetinin tələbə və müəllimlərdən ibarət heyəti Bakıda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştirak edib. Tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər rəsmilər iştirak ediblər.Tədbirdə UTECA-nı Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov və tələbələri təmsil edib. UTECA-da təhsil alan gələcəyin qida mühəndisləri Xəzəryanı regionun qida sənayesi iştirakçılarının ən əsas görüş platformasında 20-dən çox ölkənin mütəxəssisləri və texnologiyaları, eləcə də məhsulları ilə tanış olublar. Bundan başqa, sərgi çərçivəsində təşkil edilən yerli və xarici mütəxəssislərin seminarlarını dinləyiblər.27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində və 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində sektorun aparıcı istehsalçılarının qənnadı, ət məmulatları, meyvə-tərəvəz, süd məmulatları, ət-süd məhsulları, şirələr, çay, tütün, delikates və digər qida məhsulları, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, işarələmə avadanlıqları və bir sıra digər məhsullar təqdim edilir.Sərginin rəsmi tərəfdaşları arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və digər dövlət qurumları var.20 may tarixinədək davam edəcək sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılarla ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır.