Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Bu əlaqələr iki qardaş türk xalqının tarixi münasibətləri əsasında formalaşıb. Xalqlarımızı etnik və tarixi bağlar, ortaq mədəniyyət, adət-ənənələr və dil bağlayır. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünü çox doğrultmayıb. Bir qədər sonra isə ikitərəfli münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyev əvəzsiz xidmətlər göstərib. Məhz bu günkü əlaqələrin möhkəmliyi Ulu Öndərin adıyla bağlıdır. 28 avqust 1995-ci ildə Bişkekdə “Manas” dastanının 1000 illik yubley tədbirinin keçirilməsi bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisə sayılır. Dahi şəxsiyyət Heydər Əliyev qırğız xalqının məşhur “Manas” eposuna yüksək qiymət vermişdi. Sitat: “Manas” qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. Bu epos qırğız xalqının daim vətənpərvər olduğunu, ədalətsevər, azadlıqsevər olduğunu bütün dünyaya nümayiş etdirir. “Manas” qırğız xalqının, türk dünyasının, türkdilli xalqların, islam dünyasının bütün dünya sivilizasiyasının, bəşəriyyətin böyük mədəni və mənəvi sərvətidir. Şairlərimiz “Manas”ı Azərbaycan dilinə tərcümə etmişlər. Qırğız xalqı çoxlu çətinliklərə, həyatın keşməkeşlərinə baxmayaraq min il “Manas”ın sözlərini qəlbində qoruyub saxlamış, onun göstərdiyi yolla azadlığa və müstəqilliyə doğru getmişdir. “Manas” dastanı bütün türk dünyasının başa düşüləcəyi dildə yazılıb”- sitatın sonu. “Azərbaycanlıları və qırğızları yalnız ortaq keçmiş deyil, uzun sürən səmimi dostluq və qardaş münasibətləri, həm də müasir tarix birləşdirir. Ölkələrimizin tarixində çox perspektivli bir mərhələ açılır” - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri 2022-ci il aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüş zamanı söyləyib. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Eyni zamanda qeyd edilməlidir ki, dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləyib və bu çox müsbət hal kimi dəyərləndirilir. İki ölkənin mədəni-humanitar əməkdaşlığına toxunan Sadır Japarov görüş zamanı qeyd edib ki, mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə şərait yaradırlar. Biz Azərbaycan ilə həm ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıyıq. Ölkələrimiz arasında sıx və səmərəli əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu imkanlardan gələcəkdə də istifadə edilməlidir.
Mehriban İmran qızı Tağıyeva
Azərbaycan Texnologiya Universitetinin
İctimai elmlər və multikulturalizm kafedrasının dosenti