6 may tarixində bir qrup gənc və UTECA könüllüləri üçün universitetdə Ümumilli liderə həsr edilmiş film nümayiş etdirilib.  Gəncə şəhər Gənclər Evi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində gənclər əvvəlcə UTECA-nın Heydər Əliyev Mərkəzində yaradılan muzeyi ziyarət ediblər.  Ekskursiya zamanı rektorun tədris və sənaye işləri üzrə müşaviri dos.Aqil Eyvazov muzey barədə məlumat verib. Bildirib ki, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən muzey 2005-ci ildə yaradılıb. Burada onun xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğısını əks etdirən fotoşəkillər, tarixi sənədlər və digər dəyərli eksponatlar yer alır. Azərbaycan Texnologiya Universitetinin də 50 il əvvəl məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan A.Eyvazov xilaskarın Azərbaycançılıq məfkurəsindən bəhs edib.  Ekskursiya zamanı Gənclər Evinin direktoru Amil Qurbanov da tələbələrlə fikirlərini bölüşüb. Qeyd edib ki, dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri onu hələ sağlığında xalqımızın Ümummilli liderinə çevirib: “Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik Ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib”.  Daha sonra Logistika Mərkəzində “Heydər Əliyev – Dahi şəxsiyyət” sənədli filmi izlənilib.