Ulu öndər  Heydər Əliyevin  uzaqgörən  siyasəti  nəticəsində  1994-cü ildə  imzalanmış  neft  kontraktlarında nəzərdə  tutulan  enerji siyasətini  bu  gün Prezident İlham Əliyev  elan etdiyi “Yaşıl  enerji” strategiyası davam etdirir.İqlim  dəyişikliyi  dünyanın  enerji  keçidini  təşviq  edən  reallıqdır. Müasir dövrdə   enerji   təhlükəsizliyi  və ekoloji  təhlükəsizlik  arasında  balansa  nail  olmaq  məqsədilə  “yaşıl enerji”- dən  istifadənin təxirəsalınmadan genişləndirilməsi vacibdir.Enerji  resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı  kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə  atılmış  əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”- nın  qəbul  edilməsi  olub. Dövlət  Proqramının  qəbulu  bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin  bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır. Bildiyiniz  kimi,  15 mart 2022-ci ildə  “Qarabağ”  Günəş Elektrik Stansiyasının təməlqoyma  mərasimi  keçirildi. Bundan  2 ay öncə də “Xızı-Abşeron”  Külək  Elektrik  Stansiyasının təməli qoyulmuşdu. Hər iki  təməlqoyma  mərasimində Azərbaycan Prezidenti cənab  İlham  Əliyevin  iştirak etməsi  məhz  ölkə  rəhbərliyinin  bu  sahənin  inkişafına olan  marağını  göstərir  və  dəstəyini  ifadə  edir.Prezident  İlham  Əliyev  Bakı  Enerji  Həftəsi  çərçivəsində  27-ci  Beynəlxalq Xəzər  Neft  və  Qaz  Sərgisinin  cari  ilin  1  iyun  tarixində  rəsmi  açılış  mərasimində çıxışı zamanı qeyd etdi ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri  günəş, digəri   isə  külək  olmaqla, iki  elektrik  stansiyası inşa olunur ki, onların birgə  istehsal  gücü  470  meqavatdır. Gələn  il  bu  iki stansiya istifadəyə veriləcəkdir və  bu, yalnız  başlanğıcdır.Energetika Nazirliyinin yanında  Bərpa  Olunan  Enerji  Mənbələri  Dövlət  Agentliyinin  direktoru  Təbriz  Əmmayevin  bərpa  olunan  enerji  mənbələri  ilə  bağlı  enerji  layihələrinin  əhəmiyyətini  şərh  edərək  qeyd  etdi  ki, biz  bunu  mərhələlərə  bölmüşük  ki, ümumi  enerji  sisteminə  təsiri  çox  olmasın. İlkin  mərhələdə  “Acwa Power”  şirkəti ilə  inşa  ediləcək  240  meqavat  gücündə  külək  elektrik  parkı,  “Masdar”  şirkəti ilə 230  meqavat  gücündə  günəş  elektrik  stansiyası  işə  düşəcək. 2030-cu  ilədək  Azərbaycanın  elektrik  enerjisi  qoyuluş  gücündə  bərpaolunan  enerji mənbələrinin payını  30  faizə çatdırılması istiqamətində aparılmış  təhlillər onu  göstərir  ki, yeni  günəş  və  külək  elektrik  stansiyaları  vasitəsi  ilə 1500 meqavat  gücün  yaradılması  mümkündür.  Bərpa  olunan  enerjidən  istifadə  artıq  bir qlobal  trenddir. İstər  ekoloji  töhvələr  baxımından,  istərsə də  tükənən  resurslardan  istifadənin  daha  qənaətli  bir  rejimdə  istifadəsi  baxımından  bərpaolunan  enerji  mənbələrindən  istifadə  çox  zəruridir. 

 

dos. Mehriban Tağıyeva   

Azərbaycan Texnologiya Universiteti İctimai elmlər