Azərbaycan Texnologiya Universiteti Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisində iştirak edib. “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində Gəncədə baş tutan tədbirdə Azərbaycan Texnologiya Universitetini Qida mühəndisliyi fakültəsi təmsil edib.Professor-müəllim heyəti və tələbələr universitet texnoparkının iaşə məhsullarını sərgiləyib, tədqiqatçıların yeniliklərini nümayiş etdiriblər. Universitetin alimlərinin və qida mühəndislərinin yeni texnologiyalar əsasında ərsəyə gətirdikləri məhsul nümunələri sərgi ziyarətçilərinin marağına səbəb olub.Tədbir 200-ə yaxın dövlət və özəl şirkətlərin, fermerlərin, kənd təsərrüfatı və biznes assosiasiyalarının, startap şirkətlərin, dəyər zənciri iştirakçılarının, yerli hakimiyyət orqanlarının, bankların iştirakı ilə baş tutub.Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisinin təşkilində məqsəd fermer və qurumlar, aqrar sektor iştirakçıları arasında sinerji - körpü yaratmaqdır.“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən keçirilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və Gəncə Aqrar Təlim Mərkəzi layihənin əsas tərəfdaşlarındandır.