Rumıniyanın "Gheorghe Asachi" İasi Texniki Universitetinin Mühəndislik və Tekstil məhsullarının Dizaynı kafedrasının 3 nəfər professor-müəllim heyəti Erasmus+ proqramı çərçivəsində 19-23 iyun 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində səfərdə olublar.Proqramın ilk günləri Qabaqcıl Materiallar, Məhsullar və Proseslər üzrə Araşdırma Mərkəzinin direktoru, eyni zamanda Beynəlxalq Toxuculuq Texnoloqları Federasiyasının (IFKT) Rumıniya bölməsinin prezidenti professor Mirela Blaqa, dos. Alina İovan-Draqomir və Dr. Mariana İçimin universitetin Tədris şöbəsi və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ilə görüşü keçirilib.Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, mübadilə sayının artırılması, hər iki ölkənin təhsil sistemi və mədəniyyəti ilə bağlı geniş müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib.Daha sonra nümayəndə heyəti universitetin Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, onlara öz ölkə və universitetlərinə aid maraqlı məruzələrlə çıxış ediblər, dizayn və tekstil sahəsinə dair fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar digər fakültə dekanları və professor müəllim heyəti ilə görüşüb, sıx əməkdaşlıq imkanları müzakirə edilib.