Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans 3-4 may tarixlərində öz işini bölmələrdə uğurla davam etdirib.ATU-nun beynəlxalq konfranslar tarixində ilk dəfə bölmələrə xarici universitetlərdən olan elm adamları həmsədrlik edib.Türkiyənin On Doqquz May və İstanbul Texniki Universitetləri, Böyük Britaniyanın Birmingem Şəhər Universiteti, Qazaxıstanın Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti, Özbəkistanın Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu, Belarus Respublikasının Vitebsk Dövlət Texnologiya Universiteti, Gürcüstanın Suxumi Dövlət və Aqrar Universitetləri, Rusiya Federasiyasının Saratov Dövlət Texniki və Nijni Novqorod Dövlət Texniki Universitetlərini təmsil edən nümayəndələr elmin 10 vacib istiqaməti üzrə formalaşan bölmələrə onlayn qaydada həmsədrlik edib.Hibrid qaydada keçirilən beynəlxalq elmi-praktik konfransa respublika ilə yanaşı Türkiyə, İngiltərə, İspaniya, Rumıniya, Polşa, Ukrayna, Moldova, Gürcüstan, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Malayziya, Hindistan daxil olmaqla 16 ölkədən məqalə göndərilib. Konfransın məcmuələr toplusuna ümumilikdə 721 material daxil edilib ki, onlardan 220-si xarici elm adamlarının məqalələridir.