Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verir

Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir. Aşağıdakı tələblərə cavab verənlər öz namizədliklərini irəli sürə bilərlər. ATGTİ-yə üzv olan təhsil müəssisələrindən birində tələbə statusu daşımalı; Təhsilinin sonuncu ilində olmamalı; Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır.Namizədlər üçün lazım olan sənədlərin siyahısı:

Namizədin platforması (sosial mediada paylaşılacaqdır);

Namizədin CV-si;

Tərcümeyi-hal;

Motivasiya məktubu;

Şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.

Qeydiyyat linki: https://forms.gle/nph3CSeQSHbkUkUh8   

 

 

 

(ECAR) Erasmus+ layihəsi çərçivəsində EFMD Global təşkilatının iştirakı ilə təlimlər təşkil edilib

24-25 oktyabr 2022-ci il tarixlərində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində EFMD Global təşkilatının iştirakı ilə təlimlər təşkil edilib. Təlimlərə Bakı Biznes Universiteti ev sahibliyi edib. Təlimlərdə layihənin yerli tərəfdaşı olan ali təhsil müəssisələrinin prorektor və digər rəhbər şəxsləri iştirak edib. Azərbaycan Texnologiya Universitetini Elm və innovasiyalar üzrə prorektor əvəzi dos. Mayıs Gülalıyev və Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova təmsil edib. Görüşün ilk günündə yerli tərəfdaş universitetlərin beynəlxalq əlaqələr üzrə nümayəndələri tərəfindən universitetin SWOT analizi, beynəlxalq sahədəki uğurları, əsas strateji hədəfləri ilə bağlı təqdimatlar edilib, tez-tez rast gəlinən çətinliklərlə bağlı geniş müzakirələri aparılıb, EFMD təşkilatı nümayəndələrinin müvafiq çıxışları dinlənilib, təlimin növbəti günündə isə Rektorlar Konfransının jurnalının hazırlanması və dərci ilə bağlı məhsuldar fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən təklif və tövsiyələr verilib.   

 

 

 

Azərbaycan Texnologiya Universiteti “Elm, təhsil və biznes: Qarşılıqlı inteqrasiya strategiyası” mövzusunda II beynəlxalq elmi-praktik konfransda iştirak edib

Azərbaycan Texnologiya Universiteti Kabardin-Balkar Dövlət Aqrar Universitetinin təşkil etdiyi Kabardin-Balkar Respublikasının ilk Prezidenti V.M.Kokovun xatirəsinə həsr olunmuş “Elm, təhsil və biznes: Qarşılıqlı inteqrasiya strategiyası” mövzusunda II beynəlxalq elmi-praktik konfransda iştirak edib.Konfransın eyni zamanda tərəfdaşı qismində çıxış edən Azərbaycan Texnologiya Universitetini açılış tədbirində elmi işlər üzrə prorektor əvəzi dos.Mayıs Gülalıyev və Marketinq kafedrasının dosenti Nüşabə Hacıyeva təmsil edib. Plenar iclasda M.Gülalıyev “Elm, təhsil, biznes vəhdəti və inteqrasiyası” mövzusu ilə çıxış edib. N.Hacıyeva isə iki universitet arasında elmi əməkdaşlığın səmərəsindən bəhs edib.Hibrid qaydada, 2 gün davam edən konfransın panel iclasları İqtisadiyyat və idarəetmənin aktual məsələləri, Kənd təsərrüfatı sektorunun innovativ inkişafının müasir problemləri və perspektiv istiqamətləri, Təhsil texnologiyalarının inkişaf strategiyası, Kiçik və orta biznesin inkişafı problemləri və perspektivləri, Mühasibat uçotu və analitik informasiya mühitinin formalaşması və qiymətləndirilməsinin müasir mexanizmləri, Heyvandarlıq və bitkiçilikdə innovativ texnologiyalar, Kənd təsərrüfatı sektorunun inkişafının müasir mühəndis-enerji-ekoloji-texnoloji aspektləri kimi 7 bölmə üzrə olub. Konfransın 44 ölkədən 200-dən artıq materialın daxil olduğu məcmuələr toplusunda Azərbaycan Texnologiya Universiteti əməkdaşlarının və tədqiqatçılarının da məqalələri yer alır.  

 

 

 


Basketbol üzrə Tələbə Liqasının seçmə mərhələsi start götürəcək

  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 27-dən basketbol üzrə Tələbə Liqasının seçmə mərhələsi start götürəcək. Seçmə mərhələsində Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universiteti təmsil olunacaq. Seçmə mərhələsinə hazırlıq məqsədi ilə bu gün Azərbaycan Texnologiya Universitetinin İdman Klubunda GDU-nun oğlanlardan ibarət yığma komandası ilə UTECA yığma komandası arasında yoldaşlıq oyunu keçirilib. Oyunu 37:34 hesabı ilə Azərbaycan Texnologiya Universitetinin basketbol komandası qazanıb. 

 

 

 

Azərbaycan Texnologiya Universiteti Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisində iştirak edib

Azərbaycan Texnologiya Universiteti Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisində iştirak edib. “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində Gəncədə baş tutan tədbirdə Azərbaycan Texnologiya Universitetini Qida mühəndisliyi fakültəsi təmsil edib.Professor-müəllim heyəti və tələbələr universitet texnoparkının iaşə məhsullarını sərgiləyib, tədqiqatçıların yeniliklərini nümayiş etdiriblər. Universitetin alimlərinin və qida mühəndislərinin yeni texnologiyalar əsasında ərsəyə gətirdikləri məhsul nümunələri sərgi ziyarətçilərinin marağına səbəb olub.Tədbir 200-ə yaxın dövlət və özəl şirkətlərin, fermerlərin, kənd təsərrüfatı və biznes assosiasiyalarının, startap şirkətlərin, dəyər zənciri iştirakçılarının, yerli hakimiyyət orqanlarının, bankların iştirakı ilə baş tutub.Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisinin təşkilində məqsəd fermer və qurumlar, aqrar sektor iştirakçıları arasında sinerji - körpü yaratmaqdır.“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən keçirilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və Gəncə Aqrar Təlim Mərkəzi layihənin əsas tərəfdaşlarındandır. 

 

 

 

 

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “Bootcamp” keçirilib

“Mentorun 72 saatı” adlı "Bootcamp” tədbirinə bu gün Şamaxı şəhərində start verilib.3 gün davam edəcək tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan yeni “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılıb.Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Texnologiya Universitetin rektoru Yaşar Ömərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetin prorektoru Rəşad Əliyev, “Azərikard" MMC-nin direktor müavini Zakir Əhmədov və digər şəxslər iştirak ediblər.Tədbirdə bir sıra mövzularda təlimlər, sonra isə komandalar üzrə iş təşkil olunacaq, həmçinin "Bilim Bakı" Mərkəzinin rəhbəri “Milli Teknoloji Hamlesi T3 Vakfı & Teknofest” haqqında məlumat verəcək.2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.