Azərbaycan Texnologiya Universitetində rektorun elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülalıyevin iştirakı ilə Tələbə Elmi Cəmiyyətinin illik hesabat görüşü keçirilib. Görüşdə fakültə TEC sədrləri iştirak edib. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin TEC sədri Aqşin Hüseynov, İqtisadiyyat və idarəetmə fakültəsinin TEC sədri Zeynəb Qocayeva, Qida mühəndisliyi fakültəsinin TEC sədri Sevda Qurbanova , Avtomatika telekomunikasiya və informatika fakültəsinin TEC sədri Arzu Əsgərov il ərzində fakültədə təşkil olunan tələbə elmi seminarları barədə məruzə edib, keçirilən elmi tədbirlər haqqında hesabatla çıxış ediblər. Universitet TEC sədri Aysel Məmmədli isə yekun hesabatla çıxış edib, növbəti tədris ili üçün nəzərdə tutulan planlar barədə məlumat verib. Mayıs Gülalıyev növbəti tədris ili üçün iş planları, təkliflər planı üzərində işləməyi, TEC fəaliyyətini daha da inkişaf etdirməyi tövsiyə edib.
Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə 10-15 iyun tarixlərində Mini-futbol üzrə Gəncə şəhərinin açıq çempionatı keçiriləcəkdir. Yarışda idman təşkilatları, idman klubları və müəssisələr iştirak edəcək. Açılış mərasimi 10 iyun tarixində Azərbaycan Texnologiya Universitetinin İdman Zalında baş tutacaq. Yarışa qatılacaq komandalar öz güclərini Gəncə İdman liseyinin süni örtüklü meydançasında sınayacaqlar. Qalib komandalar kubok, medal, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müxtəlif ölkələrdən 55-ə yaxın nümayəndənin iştirak etdiyi "Beynəlxalq həftə"də Azərbaycan Texnologiya Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin elmi işlər üzrə dekan müavini Jalə Həmzəyeva təmsil edib. Tədbir Polşanın Belostok şəhərində keçirilib. 23-27 may tarixlərində Belostok Texnologiya Universitetində baş tutmuş tədbirdə müxtəlif fikir mübadilələri aparılıb, əməkdaşlıq məsələləri, ölkələrin təhsil sistemləri müzakirə olunub, eləcə də təmsil olunan ölkələrin mədəniyyətləri və dəyərləri haqda danışılıb. Təlim müddətində hər bir nümayəndə öz ölkə və universitetinə aid materiallar nümayış etdirərək maraqlı məruzələrlə çıxış ediblər. Jalə Həmzəyeva “Azərbaycan, Gəncə və Texnologiya Universiteti” başlıqlı mövzu ilə çıxış edib. Ölkəmizin regionda rolundan, Gəncənin tarixindən, UTECA-nın nailiyyətlərindən bəhs edib. Tədbir çərçivəsində Belostok Texnologiya Universitetinin fakültələrinə ekskursiyalar təşkil edilib, rəhbər heyətilə görüşlər keçirilib. Sonda iştirakçılar sertifikatlarla təltif edilib.
Müxtəlif ölkələrdən 55-ə yaxın nümayəndənin iştirak etdiyi "Beynəlxalq İşçi Həftəsi"ndə Azərbaycan Texnologiya Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment kafedrasının müəllimi Şəhanə Alıyeva təmsil edib. 12-16 iyun 2023-cü il tarixlərində Polşanın Silesiya Texnologiya Universitetində baş tutmuş tədbirdə müxtəlif fikir mübadilələri aparılıb, əməkdaşlıq məsələləri, ölkələrin təhsil sistemləri müzakirə olunub, eləcə də təmsil olunan ölkələrin mədəniyyətləri və dəyərləri haqda danışılıb.Tədbir çərçivəsində müxtəlif ölkələrin bir sıra universitetləri tərəfindən əməkdaşlıq təklifləri irəli sürülüb, Silesiya Texnologiya Universitetinin fakültələrinə ekskursiyalar təşkil edilib, rəhbər heyətilə görüşlər keçirilib.Sonda iştirakçılar sertifikatlarla təltif edilib.
1 iyun tarixindən start götürən imtahanlar yazılı, test və şifahi formada keçirilir. Proses 2 iyuladək davam edəcək. 14 iyun tarixindən isə qiyabi təhsil alan tələbələrin imtahanları başlayacaq və proses 29 iyunadək davam edəcək. Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir.
Azərbaycan Texnologiya Universiteti (UTECA) beynəlxalq səviyyəli peşəkar mütəxəssis Nailə Mehrabova ilə dünyada əsas prioritet problem olan qida təhlükəsizliyinin təmin olunması və UTECA-nın bu sahədə rolu mövzusunda görüş keçirib. Görüş zamanı rektor, professor Akif Süleymanov universitetin baza ixtisaslarından birinin məhz qida sənayesi olduğunu vurğulayaq əməkdaşlığın məhsuldar olacağına əminlik ifadə edib, yaranan şəraiti həm tələbə və gənc tədqiqatçılar, həm də professor heyəti üçün yaxşı fürsət kimi qiymətləndirib. Oksford Universitetində təhsil almış, eləcə də Stanford Universitetinin Executive MBA üzrə ilk azərbaycanlı qadın məzunu olan Nailə Mehrabova qida təhlükəsizliyinin dünyada prioritet mövzu olduğunu, qida təhlükəsizliyi və bu sahənin kadr hazırlığı istiqamətində mühüm araşdırmalar apardığını bildirərək UTECA-nın bu kontekstdə əhəmiyyətli rol oynaya biləcəyini deyib. Görüşdə Qida Təhlükəsizliyi mövzüsunda fikir mübadiləsi aparılıb, UTECA-nın bu istiqamətdə fəaliyyət planı müzakirə olunub.