Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Bildirib ki, 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub. Bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri professor Əhəd Nəbiyev, Fizika kafedrasının dosenti Zərdan Səmədov, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Süsənbər Məmmədova çıxışlarında qeyd ediblər ki, 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub. Tədbirdə İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Mətanət Mustafayevanın “Milli azadlıq hərəkatında ziyalılar”, İnzibati idarəetmə və kommersiya kafedrasının assistenti Arzu Əsgərovun “Azərbaycan xalqının milli azadlıq hərəkatının başlanğıc günü” adlı məruzələri dinlənilib. İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Aynur Əliyeva və Arzu Əsgərov vətənpərvər şeirlər səsləndiriblər. 

 

 

 

 

ATU-da YAP-ın təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilibTədbirdə YAP Gəncə Şəhər Təşkilatının və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri və YAP üzvü olan universitet əməkdaşları iştirak edib.Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu, yarandığı zamandan keşməkeşli yol keçərək ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atmasından danışıb.YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov çıxış edərək bildirib ki, Azərbaycan xalqı bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni uğurlar qazanmaq istiqamətində partiya Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir. Nurəddin İbrahimov partiyanın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində YAP Gəncə şəhər təşkilatının rolundan, mütəşəkkil, fəaliyyətindən söhbət açıb.Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının 30 illik tarixi şərəfli inkişaf yoludur.Tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Daha sonra İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, Magistratura və doktorantura şöbəsinin müdiri Ulduz Babayeva, YAP Gəncə Şəhər Təşkilatı üzrə məsul şəxs Ceyhun Mirzə, tələbə Namiq Muradov məruzələrlə çıxış ediblər.Bildirilib ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib. Çıxışlarda Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağı vurğulanıb.Tədbir çərçivəsində partiya fəallarının yekdil qərarı ilə Yaşar Ömərov YAP Gəncə Şəhər Təşkilatının 8 saylı (Azərbaycan Texnologiya Universiteti) ərazi partiya təşkilatının sədri, sosial məsələlər və ictimayətlə əlaqələr üzrə rektor müşaviri Şahmar Həsənov isə sədr müavini seçilib.Sonda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, Azərbaycan Texnologiya Universiteti əməkdaşı olan bir qrup YAP üzvünə Fəxri fərman təqdim olunub.   

 

Azərbaycan Texnologiya Universiteti aşağıda adı göstərilən vakant olan vəzifənin tutulması üçün müsabiqə elan edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

AZƏRBAYCAN  TEXNOLOGİYA  UNİVERSİTETİ

Aşağıda adı göstərilən vakant olan vəzifənin tutulması üçün

MÜSABİQƏ  ELAN  EDİR    

Menecment kafedrası - professor  1 yer Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:                                     

 Ünvan: Gəncə şəhəri,

Ş.İ.Xətai pr. 103, AZ - 2011

Əlaqə telefonu: 022-257-56-29

 

REKTORLUQ     

 


ATU vakant olan vəzifənin tutulması üçün müsabiqə elan edir

  Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Texnologiya UniversitetiAşağıda adı göstərilən vakant olan vəzifənin tutulması üçün müsabiqə elan edir: “Avtomatika və informasiya texnologiyaları” kafedrası – kafedra müdiriSənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 30 gün müddətində qəbul edilir. Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana göndərilməlidir.

Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103

Əlaqə telefonu: 022-257-56-29

 

REKTORLUQ  

Azərbaycan Respublikasının Konstitusiyası və milli-mənəvi dəyərlər

  Azərbaycan Respublikasının Konstitusiyası və milli-mənəvi dəyərlər XX əsr  millətlərarası və dövlətlərarası ziddiyyətlərin güclənməsi ilə yanaşı, ksenofobiyanı və ekstremizmi ehtiva edən ümumbəşəri və qlobal problemlərlə də yadda qaldı. XXI yüzillikdə dünyada bu proseslər davam edir sadəcə fərqli müstəvidə baş verir. Hazırda bir çox ölkələr dini ekstremizm, ksenofobiya, aqressiv islamofobiya, millətçilik problemlərindən əziyyət çəkir. Müasir  dövrdə tolerantlıq artıq sonsuz dözümlülüyün təbliği kimi deyil, zorakılığa, qanunsuzluğa qarşı qəti çıxış,  insanın danılmaz hüquqlarının tanınması kimi başa düşülür.  Əsrlər boyu Azərbaycan cəmiyyətinə xas olan böyük sərvətlərdən biri də məhz tolerantlıqdır. Tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu Azərbaycanda etnoslararası ənənəvi dostluq münasibətləri, qarşılıqlı mədəni-mənəvi zənginləşmə, vahid vətənçilik təfəkkürü, mükəmməl dözümlülük mühitini formalaşdırmışdır. Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük.  Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş azərbaycançılıq konsepsiyası ölkədə çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli mühiti təmin etdi, vətəndaşların vahid bayraq altında birləşməsində həlledici rol oynadı.             

Azərbaycan Respublikası Konstitusiyasının 5-ci maddəsi “Xalqın vahidliyi” haqqındadır. Bu maddənin II hissəsində deyilir: Azərbaycan Respublikası bütün Azərbaycan vətəndaşlarının ümumi və bölünməz Vətənidir.    Konstitusiyanın “Dövlət dili” haqqında 21-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.  Konstitusiyanın 25-ci maddəsinin (Bərabərlik hüququ) III bəndinə görə, İnsan və vətəndaş hüquq və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.  Konstitusiyanın 44-cü maddəsi “Milli mənsubiyyət hüququ” adlanır. Bu maddəyə əsasən, “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. Bu o deməkdir ki, hər bir kəs öz milli mənsubiyyətini seçməkdə azaddır, ona müdaxilə edilə bilməz. Milli azlıq, azsaylı xalq və etnik  qrupların sərbəst inkişafını təmin etmək Azərbaycan dövlətinin milli siyasətinin tərkib hissəsidir.  Eyni zamanda, Əsas Qanunun 45-ci “Ana dilindən istifadə hüququ” maddəsində deyilir: “Hər kəsin ana dilindən istifadə etmək hüququ, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”. Bildiyimiz kimi dil fərdlər arasında ünsiyyət vasitəsi kimi mühüm rol oynayır.  Azərbaycan Respublikası  Konstitusiyanın “Vicdan azadlığı” 48-ci maddəsinin III hissəsində qeyd edilir ki, dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə sərbəstdir. IV hissəsində isə göstərilir ki, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.  Azərbaycan Respublikası  Konstitusiyanın 47-ci, 49-cu və 58-ci maddələrində Azərbaycan Respublikası ərazisində yaşayan şəxslərin “Fikir və söz azadlığı”, “Sərbəst toplaşmaq azadlığı” və “Birləşmək hüququ” təsbit edilmişdir. Həmin müddəalarda şəxsin etnik mənsubiyyətindən asılı olaraq, hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır.  Azərbaycan Respublikasının Konstitusiyasına görə dinindən, irqindən, eləcə də dilindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqları və azadlıqları qorunur. Ayrı-ayrı etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada mehribançılıq, dostluq, qardaşlıq mühitində yaşayırlar. Bir sıra beynəlxalq təşkilatlar öz sənədlərində qeyd edirlər ki, azərbaycanlıların onlarla bərabər bir torpaqda yaşayan xalqlara qarşı tolerantlığı etalon hesab edilə bilər. Bəzi xarici siyasətçilərin dediyi kimi, Azərbaycan dünyaya neft, qazla bərabər həm də tolerantlığı da ixrac edən ölkə  imici qazanıbdır.  Azərbaycan Respublikasının Konstitusiyası ölkədə yaşayan müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin hüquq və azadlıqlarının etibarlı təminatçısıdır.  

 

Mehriban Tağıyeva

Azərbaycan Texnologiya Universitetinin

İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi    

 

 

Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin hüquqi statusu

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən, onun varlığının ən əsas, bəlkə də yeganə təminatçısı onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dil hər bir  xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olur, onun taleyini yaşayır.  Elə buna görə də, ən böyük mənəvi sərvətimiz olan  Ana dilimiz dövlət rəmzlərimiz olan himnimiz, gerbimiz, bayrağımız qədər müqəddəsdir.  Dilimizin dünya dilləri sırasında özünəməxsus kamil yerlərdən birini tutması, onun lüğət tərkibi, mükəmməl qrammatik quruluşu eyni zamanda səs sistemi ilə müəyyən edilir. Bir çox xalqların görkəmli nümayəndələri Azərbaycan dilinin dünya dilləri sırasında özünəməxsus yeri olduğunu dəfələrlə qeyd etmiş və Qafqazda əsas ünsiyyət vasitəsi ola bilmə baxımından Avropada geniş yayılmış dillərlə müqayisə etmişlər.  Təbii ki, tarixin müxtəlif dövrlərində dilimizə qarşı münasibət də birmənalı olmayıb. Bəzən başqa dillərin təsirinə məruz qalıb, xalqın siyasi arenada rast gəldiyi çətinliklər ona da təsirsiz ötüşməyib.  Ancaq zaman-zaman özünün inkişaf mərhələsini keçirən dilimiz XVI əsrdə də mövqelərini müəyyən qədər möhkəmlədə bilib. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Həmin dövrdə  Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Məhz bu dövrdə  xalq şeirində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Vaqif yaradıcılığı ilə başlanır. Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründə diqqət yetirilən əsas sahələrdən olub. Cümhuriyyətin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qısa vaxtda dil sahəsində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli izlər buraxıb. Təkcə elə bunu demək kifayətdir ki, 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verilib. Aparılan islahatların məntiqi davamı kimi AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 27-də ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verib. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib, hətta bu məqsədlə hökumət tərəfindən müəyyən bir vəsait də (351 min manat) ayrılıb. Parlamentin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Dövlət Universitetinin açılması məsələsi müzakirə olunub, deputatlar çıxışlarında bu ilk ali məktəbdə tədris işləri ilə yanaşı, onun hansı dildə aparılması məsələsinə də xüsusi diqqət yetiriblər. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasətinin geniş şəkildə təbliğ olunduğu bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi.  Amma buna baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev ana dilinin dövlət dili statusunu qorumaq məqsədi ilə  öz mövqeyini cəsarətlə və qətiyyətli şəkildə nümayiş etdirmişdir. O, birbaşa  SSRİ Konstitusiyasının özündən sitat gətirirdi və deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir və bu  hüquq ana dilində oxumaq imkanı ilə təmin olunmalıdır. Həmin dövrdə konstitusiyanın ümumxalq müzakirəsinə verilməsi nə qədər formal xarakter daşısa da, milli ruhlu ziyalılarımız Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdılar. Nəhayət, Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsi birdəfəlik həll edilir və orada belə bi maddə öz əksini tapır: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi.  Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır və 1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı. Düzdür, o dövrdə dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Respublikamızda cəmiyyətin elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada işlədilə bilməsin. Lakin ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində hələ görüləsi işlər çoxdur. Ana dilində aşağı siniflər üçün dərs vəsaitlərinin keyfiyyətinin yüksəldilməsinə, uşaqların ibtidai təhsilinin ana dilində olmasına diqqət yetirmək lazımdır. Çünki, unutmaq olmaz ki, ilk təhsilin ana dilində olması həm düşüncə tərzinə təsir edir, həm də bir azərbaycançılıq məsələsidir.  Təəssüflə qeyd edək  ki, kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda  Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Belə ki, əsassız olaraq xarici dillərə üstünlük verilir və bu cür əcnəbi dilli lövhələr gənc nəslin nitqinə mənfi təsir göstərir.  Azərbaycan dili elə bir mükəmməl quruluşa, zəngin söz ehtiyatına malik bir dildir ki, onun vasitəsilə az sözlə böyük mənalar ifadə etmək mümkündür, məhz buna görə də, dilimizi başqa dillərin sözləri ilə kortəbii şəkildə ağırlaşdırmağa qəti ehtiyac yoxdur.   Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Xalqın yaratdığı, filoloqların sistemləşdirdiyi, ədiblərin isə üzərində söz sənəti yaratdığı dilimizi qorumaq hər bir vətəndaşımızın borcudur. Bu həm də dövlətçilik, azərbaycançılıq  məsələsidir.   

 

Zəminə Novruzova 

Azərbaycan Texnologiya Universitetinin

İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi