Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovun dəvəti ilə “KOICA ODA Azərbaycan” layihəsinin rəhbəri Soo Hyun Rhee Texnologiya Universitetini ziyarət edib.

Qonağı qəbul edən dos. Yaşar Ömərov universitet, fakültələr, universitetdə yaradılmış İnnovasiya Mərkəzi və onun fəaliyyəti haqqında məlumat verib, universitetdə innovativ ekosistemin yaradılmasının prioritetlərdən biri olduğunu vurğulayıb.

Soo Hyun Rhee öz növbəsində dəvət üçün təşəkkürünü bildirib və Gəncədə olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə regionda startapların təşviqi və həyata keçirilməsi imkanları, birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Bununla yanaşı, səfər çərçivəsində universitetdə Strateji inkişaf planının əsas istiqamətləri – Elmi tədqiqat strategiyası, Beynəlmiləlləşmə siyasəti üzrə müzakirələr aparılıb, bu sahədə Cənubi Koreya təcrübəsi haqqında geniş məlumat verilib.

Qeyd edək ki, “KOICA ODA Azərbaycan” layihəsi Cənubi Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyilə həyata keçirilir. Qrant layihəsinin məqsədi Azərbaycanda innovasiya siyasətinin səmərəliliyinin artırılması üçün innovasiyalar üzrə Strateji Yol Xəritəsinin hazırlanmasıdır. Layihə innovasiya ekosisteminin inkişafına görə lider ölkələrdən biri olan Cənubi Koreyanın təcrübəsindən yararlanmaqla Azərbaycanda müvafiq sahəyə investisiya qoyuluşuna, iqtisadiyyatın müxtəlif sahələrində innovasiyaların tətbiqinə dəstək verir.