Müxtəlif ölkələrdən 55-ə yaxın nümayəndənin iştirak etdiyi "Beynəlxalq həftə"də Azərbaycan Texnologiya Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin elmi işlər üzrə dekan müavini Jalə Həmzəyeva təmsil edib. Tədbir Polşanın Belostok şəhərində keçirilib. 23-27 may tarixlərində Belostok Texnologiya Universitetində baş tutmuş tədbirdə müxtəlif fikir mübadilələri aparılıb, əməkdaşlıq məsələləri, ölkələrin təhsil sistemləri müzakirə olunub, eləcə də təmsil olunan ölkələrin mədəniyyətləri və dəyərləri haqda danışılıb. Təlim müddətində hər bir nümayəndə öz ölkə və universitetinə aid materiallar nümayış etdirərək maraqlı məruzələrlə çıxış ediblər. Jalə Həmzəyeva “Azərbaycan, Gəncə və Texnologiya Universiteti” başlıqlı mövzu ilə çıxış edib. Ölkəmizin regionda rolundan, Gəncənin tarixindən, UTECA-nın nailiyyətlərindən bəhs edib. Tədbir çərçivəsində Belostok Texnologiya Universitetinin fakültələrinə ekskursiyalar təşkil edilib, rəhbər heyətilə görüşlər keçirilib. Sonda iştirakçılar sertifikatlarla təltif edilib.
Müxtəlif ölkələrdən 55-ə yaxın nümayəndənin iştirak etdiyi "Beynəlxalq İşçi Həftəsi"ndə Azərbaycan Texnologiya Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment kafedrasının müəllimi Şəhanə Alıyeva təmsil edib. 12-16 iyun 2023-cü il tarixlərində Polşanın Silesiya Texnologiya Universitetində baş tutmuş tədbirdə müxtəlif fikir mübadilələri aparılıb, əməkdaşlıq məsələləri, ölkələrin təhsil sistemləri müzakirə olunub, eləcə də təmsil olunan ölkələrin mədəniyyətləri və dəyərləri haqda danışılıb.Tədbir çərçivəsində müxtəlif ölkələrin bir sıra universitetləri tərəfindən əməkdaşlıq təklifləri irəli sürülüb, Silesiya Texnologiya Universitetinin fakültələrinə ekskursiyalar təşkil edilib, rəhbər heyətilə görüşlər keçirilib.Sonda iştirakçılar sertifikatlarla təltif edilib.
1 iyun tarixindən start götürən imtahanlar yazılı, test və şifahi formada keçirilir. Proses 2 iyuladək davam edəcək. 14 iyun tarixindən isə qiyabi təhsil alan tələbələrin imtahanları başlayacaq və proses 29 iyunadək davam edəcək. Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir.
Azərbaycan Texnologiya Universiteti (UTECA) beynəlxalq səviyyəli peşəkar mütəxəssis Nailə Mehrabova ilə dünyada əsas prioritet problem olan qida təhlükəsizliyinin təmin olunması və UTECA-nın bu sahədə rolu mövzusunda görüş keçirib. Görüş zamanı rektor, professor Akif Süleymanov universitetin baza ixtisaslarından birinin məhz qida sənayesi olduğunu vurğulayaq əməkdaşlığın məhsuldar olacağına əminlik ifadə edib, yaranan şəraiti həm tələbə və gənc tədqiqatçılar, həm də professor heyəti üçün yaxşı fürsət kimi qiymətləndirib. Oksford Universitetində təhsil almış, eləcə də Stanford Universitetinin Executive MBA üzrə ilk azərbaycanlı qadın məzunu olan Nailə Mehrabova qida təhlükəsizliyinin dünyada prioritet mövzu olduğunu, qida təhlükəsizliyi və bu sahənin kadr hazırlığı istiqamətində mühüm araşdırmalar apardığını bildirərək UTECA-nın bu kontekstdə əhəmiyyətli rol oynaya biləcəyini deyib. Görüşdə Qida Təhlükəsizliyi mövzüsunda fikir mübadiləsi aparılıb, UTECA-nın bu istiqamətdə fəaliyyət planı müzakirə olunub.
Biznes innovator Qida mühəndisliyi fakültəsinin Şərabçılıq və Qida laboratoriyalarında yaradılan şərait və elmi nailiyyətlərlə yaxından tanış olduqdan sonra fakültənin akademik heyəti, tədqiqatçıları və tələbələri ilə görüşüb. Görüşdə müvafiq sahənin aktual problemlərinə toxunulub, müzakirələr aparılıb. Universitetin alimləri öz təklif və mülahizələrini bildiriblər. Vaxtilə - artıq 26 yaşında CEO olan N.Mehrabova strateji tranformasiya mövzusunda çıxış edərək öz təcrübələrini bölüşüb. Transxəzər, Cənubi Qafqaz neft və neft məhsullarının daşınması layihəsində təcrübəyə sahib mütəxəssis neft, su, qida təhlükəsizliyi, innovasiyalar üzrə araşdırmalar aparır, daha sonra özəl və dövlət sektorunda məsləhətçi kimi çıxış edir. N.Mehrabova Oksford Universitetində təhsil alıb, eləcə də Stanford Universitetinin Executive MBA üzrə ilk azərbaycanlı qadın məzunudur.
UTECA-da baş tutan görüşdə rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov, Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Nazim Vəliyev, Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyev, ADY-nin Karyeranın idarə edilməsi və İşə qəbul şöbələrinin rəhbər şəxsləri İlkin Məcidov və Elçin Nəsirov iştirak ediblər. Görüş zamanı dəmiryolu yükdaşımaları ilə bağlı son illər ölkədə əldə edilən nailiyyətlərdən danışılıb. Qeyd edilib ki, Azərbaycanda dəmir yolu vasitəsi ilə daşınan yüklərin həcmi ildən-ilə artır. Belə ki, cari ildə bu göstərici 14 milyon ton olduğu halda gələn il rəqəmin təxminən 29 milyon tona çatacağı gözlənilir. Ələt limanı və Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin yaxın gələcəkdə istismara veriləcək Zəngəzur dəhlizi sayəsində bu sahədə böyük sıçrayışın olacağı, buna görə də sözügedən sahədə ciddi kadr ehtiyacının artacağı vurğulanıb. Rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov UTECA ilə ADY arasında imzalanan memorandumun və daha öncəki görüşlərin əhəmiyyətini qeyd edərək bundan sonra tərəfdaşlığın daha da genişləyəcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, universitetin inkişaf strategiyasının prioritet istiqamətlərindən biri logistika sənayesidir: “Rektor professor Akif Süleymanov müvafiq ixtisasın tələbələrinin müasir tələblər çərçivəsində təcrübə keçmələrinə həssas yanaşır. Tələbələrimiz müxtəlif logistik mərkəzlərdə tədqiqatlar aparır və seminarlarla çıxış edirlər. Təsadüfi deyil ki, son illər logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, eləcə də nəqliyyat mühəndisliyi ixtisaslarımıza qəbul planı tam dolur. Bir sözlə, universitetimiz bu sahənin kadr təminatında müəyyən rol oynayır. Əminik ki, ADY ilə əməkdaşlıq müvafiq ixtisaslarımızın məzunları üçün yeni platforma olacaq”. Görüş zamanı ADY QSC-də mövcüd olan vakansiyalar barədə mütəmadi olaraq universitetə məlumat verilməsi, ADY QSC-də UTECA tələbələrinin təcrübəsi, qarşılıqlı mütəxəsis mübadiləsi, müəyyən tədris proqramının müəssisənin tələblərinə uyğunlaşdırılması və s. kimi punktları əks etdirən birgə fəaliyyət planının hazırlanmasına dair razılıq əldə edilib.