Azərbaycan Texnologiya Universitetində İnzibati idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib. “Azərbaycanda yerli özünüidarəetmənin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda baş tutan seminarın məruzəçiləri tələbələr olub.Universitet ərazisində yerləşən Şəhidlər abidəsi ziyarət edildikdən sonra ali təhsil ocağının həyətinə şəhid məzun və tələbələrin xatirəsinə fidanlar basdırılıb. Daha sonra seminar iştirakçıları auditoriyaya toplaşıblar. Seminar Avtomatika, telekommunikasiya və informatika fakültəsinin şəhid məzunları – Rahim Mikayılov və Nurlan Həsənovun vaxtilə dərs keçdikləri auditoriyada baş tutub.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.Seminarda Azərbaycan Texnologiya Universitetinin şəhid məzunları Rahim və Nurlanın valideynləri və yaxınları, qazi tələbə və məzunlar, ətraf rayonların bələdiyyə sədrləri və nümayəndələri iştirak edib.Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa bəxş etdiyi Zəfər Günündən bəhs edib. Daha sonra Y.Ömərov seminarın mövzusuna toxunaraq əhəmiyyətindən danışıb, tələbələrə və rəhbərlərinə uğurlar arzulayıb. İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri professor Füzuli Məmmədov çıxış edərək bildirib ki, ətraf rayonların bələdiyyə sədrləri və nümayəndələrinin iştirakı məruzəçi tələbələr üçün əlavə stimul olacaq.Seminar çərçivəsində şəhid məzunlar Rahim və Nurlanın valideynləri və ailə üzvləri də çıxış ediblər, şəhidlərin tələbəlik xatirələrini bölüşüblər. Tədbirdə masaların üzərində universitetin bütün şəhid və məzunlarının şəkilləri qoyulub. Onlara həsr olunmuş videoçarxlar nümayiş etdirilib.Tədbir zamanı Ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmədə rolu adlı qısametrajlı film nümayiş olunub. Daha sonra tələbələr - Asif Həsənov, Taleh Abbasov, Urfan Cəfərov, Nigar Hüseynova, Gündüz Abdullayev, Şəbnəm Yusifzadə, Əsmər Əlizadə, Aysel Qurbanova bələdiyyə və idarəetmə sahəsində müxtəlif məruzələrlə çıxış ediblər, rəhbərlərin və seminar dinləyicilərinin suallarını cavablandırıblar.Sonda məruzəçilər təltif edilib.
Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir. Aşağıdakı tələblərə cavab verənlər öz namizədliklərini irəli sürə bilərlər. ATGTİ-yə üzv olan təhsil müəssisələrindən birində tələbə statusu daşımalı; Təhsilinin sonuncu ilində olmamalı; Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır.Namizədlər üçün lazım olan sənədlərin siyahısı:
Namizədin platforması (sosial mediada paylaşılacaqdır);
Namizədin CV-si;
Tərcümeyi-hal;
Motivasiya məktubu;
Şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.
Qeydiyyat linki: https://forms.gle/nph3CSeQSHbkUkUh8
24-25 oktyabr 2022-ci il tarixlərində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində EFMD Global təşkilatının iştirakı ilə təlimlər təşkil edilib. Təlimlərə Bakı Biznes Universiteti ev sahibliyi edib. Təlimlərdə layihənin yerli tərəfdaşı olan ali təhsil müəssisələrinin prorektor və digər rəhbər şəxsləri iştirak edib. Azərbaycan Texnologiya Universitetini Elm və innovasiyalar üzrə prorektor əvəzi dos. Mayıs Gülalıyev və Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova təmsil edib. Görüşün ilk günündə yerli tərəfdaş universitetlərin beynəlxalq əlaqələr üzrə nümayəndələri tərəfindən universitetin SWOT analizi, beynəlxalq sahədəki uğurları, əsas strateji hədəfləri ilə bağlı təqdimatlar edilib, tez-tez rast gəlinən çətinliklərlə bağlı geniş müzakirələri aparılıb, EFMD təşkilatı nümayəndələrinin müvafiq çıxışları dinlənilib, təlimin növbəti günündə isə Rektorlar Konfransının jurnalının hazırlanması və dərci ilə bağlı məhsuldar fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən təklif və tövsiyələr verilib.
Azərbaycan Texnologiya Universiteti Kabardin-Balkar Dövlət Aqrar Universitetinin təşkil etdiyi Kabardin-Balkar Respublikasının ilk Prezidenti V.M.Kokovun xatirəsinə həsr olunmuş “Elm, təhsil və biznes: Qarşılıqlı inteqrasiya strategiyası” mövzusunda II beynəlxalq elmi-praktik konfransda iştirak edib.Konfransın eyni zamanda tərəfdaşı qismində çıxış edən Azərbaycan Texnologiya Universitetini açılış tədbirində elmi işlər üzrə prorektor əvəzi dos.Mayıs Gülalıyev və Marketinq kafedrasının dosenti Nüşabə Hacıyeva təmsil edib. Plenar iclasda M.Gülalıyev “Elm, təhsil, biznes vəhdəti və inteqrasiyası” mövzusu ilə çıxış edib. N.Hacıyeva isə iki universitet arasında elmi əməkdaşlığın səmərəsindən bəhs edib.Hibrid qaydada, 2 gün davam edən konfransın panel iclasları İqtisadiyyat və idarəetmənin aktual məsələləri, Kənd təsərrüfatı sektorunun innovativ inkişafının müasir problemləri və perspektiv istiqamətləri, Təhsil texnologiyalarının inkişaf strategiyası, Kiçik və orta biznesin inkişafı problemləri və perspektivləri, Mühasibat uçotu və analitik informasiya mühitinin formalaşması və qiymətləndirilməsinin müasir mexanizmləri, Heyvandarlıq və bitkiçilikdə innovativ texnologiyalar, Kənd təsərrüfatı sektorunun inkişafının müasir mühəndis-enerji-ekoloji-texnoloji aspektləri kimi 7 bölmə üzrə olub. Konfransın 44 ölkədən 200-dən artıq materialın daxil olduğu məcmuələr toplusunda Azərbaycan Texnologiya Universiteti əməkdaşlarının və tədqiqatçılarının da məqalələri yer alır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 27-dən basketbol üzrə Tələbə Liqasının seçmə mərhələsi start götürəcək. Seçmə mərhələsində Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universiteti təmsil olunacaq. Seçmə mərhələsinə hazırlıq məqsədi ilə bu gün Azərbaycan Texnologiya Universitetinin İdman Klubunda GDU-nun oğlanlardan ibarət yığma komandası ilə UTECA yığma komandası arasında yoldaşlıq oyunu keçirilib. Oyunu 37:34 hesabı ilə Azərbaycan Texnologiya Universitetinin basketbol komandası qazanıb.
Azərbaycan Texnologiya Universiteti Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisində iştirak edib. “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində Gəncədə baş tutan tədbirdə Azərbaycan Texnologiya Universitetini Qida mühəndisliyi fakültəsi təmsil edib.Professor-müəllim heyəti və tələbələr universitet texnoparkının iaşə məhsullarını sərgiləyib, tədqiqatçıların yeniliklərini nümayiş etdiriblər. Universitetin alimlərinin və qida mühəndislərinin yeni texnologiyalar əsasında ərsəyə gətirdikləri məhsul nümunələri sərgi ziyarətçilərinin marağına səbəb olub.Tədbir 200-ə yaxın dövlət və özəl şirkətlərin, fermerlərin, kənd təsərrüfatı və biznes assosiasiyalarının, startap şirkətlərin, dəyər zənciri iştirakçılarının, yerli hakimiyyət orqanlarının, bankların iştirakı ilə baş tutub.Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisinin təşkilində məqsəd fermer və qurumlar, aqrar sektor iştirakçıları arasında sinerji - körpü yaratmaqdır.“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən keçirilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və Gəncə Aqrar Təlim Mərkəzi layihənin əsas tərəfdaşlarındandır.