Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov tarixi gün münasibətilə kollektivi təbrik edib, çıxışında Azərbaycanın müstəqillik əldə etdiyi gündən indiyədək qazandığı nailiyyətlərdən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub yaratdığı Azərbaycan indi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Sosial məsələlər və ictimayətlə əlaqələr üzrə rektor müşaviri Şahmar Həsənov çıxışında müstəqilliyin bərpasını dövlətçiliyimizin davamı kimi səciyyələndirib.İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, dosent əvəzi Mehriban Tağıyeva və digər çıxışçılar demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla və sürətlə həyata keçirilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, xalqımızın müstəqillik uğrunda mübarizəsindən danışıblar. Tədbir zamanı tələbələr şeir səsləndirib, tarda musiqi nömrəsi ifa ediblər. Sonda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
2020-ci ilin 17 oktyabrında gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti 2 raket hücumu nəticəsində dinc sakinlərin yaşadığı evlər yerlə-yeksan olub, dağıntılar altında qalan 15 mülki şəxs həyatını itirib, 55 nəfər yaralanıb. Həmin gecə dağıntılar altından çıxarılanlar arasında Azərbaycan Texnologiya Universitetinin tələbəsi Gülçin Ağayeva və onun ailəsi də var idi. O gecə Gülçinin babası Nurəddin Ağayev şəhid olub, özü və digər ailə üzvləri isə müxtəlif xəsarətlər alıb.Hadisənin il dönümündə Gülçin və atası Ramiz Ağayevlə görüşən Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov başsağlığı verərək universitet rəhbərliyinin və dövlətin hər zaman onların yanında olduğunu diqqətə çatdırıb.Gülçinin təhsil haqqının universitet tərəfindən qarşılanacağını bildirən Y.Ömərov qeyd edib ki, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət hər bir kəsin vətəndaşlıq borcudur.Gülçinin atası Ramiz Ağayev göstərilən diqqət və qayğıya görə təşəkkür edib.Gülçin dizayn ixtisasının 4-cü kurs tələbəsidir.Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən 60 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşinə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla, 175 nəfər yaralanıb.
Azərbaycan Texnologiya Universitetinin qida mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Namiq Muradov Rusiya Federasiyası Kalmıkiya Respublikasında Xəzəryanı ölkələrin universitetlərinin 24-cü Baş Assambleyasında təmsil olunub.Assambleya çərçivəsində plenar iclasda iştirak edən Namiq Muradov Kalmık Dövlət Universitetinin rektoru Badma Salayev tərəfindən təbliğat işlərində fəal iştirakına görə universitetin yaranmasının 50 illiyinə həsr edilmiş yubiley medalı ilə təltif edilib.4-7 oktyabr tarixlərində təşkil olunan Xəzəryanı ölkələrin universitetlərinin 24-cü Baş Assambleyasında Rusiya Dövlət Dumasının deputatları, Kalmıkiya Respublikası rəsmiləri və dünyanın 52 təhsil ocağı da daxil olmaqla 500-dən çox yerli və xarici qonaq iştirak edib.Tədbirdə Kalmık Dövlət Universitetinin rəsmi dəvəti ilə iştirak edən N.Muradov adıçəkilən təhsil ocağının məzunu olub.
Azərbaycan Texnologiya Universiteti doktorant və dissertantların elmi inkişafına dəstək məqsədilə oktyabr ayının 18-dən başlayaraq ingilis dili kurslarına start verir. Kurslar gələn ilin iyun ayına qədər davam edəcək.
Azərbaycan Respublikasının Gənclər Fondu sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edir.Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsindən ibarətdir.Müsabiqə qaliblərinin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulur.Qiymətləndirmə zamanı müraciət edənin davamiyyət və akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdikləri nailiyyətlər, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı əsas meyar olaraq götürülür.Müsabiqədə iştirak etmək istəyən gənclər Fondun rəsmi internet səhifəsi (youthfoundation.az – Elektron Xidmətlər) və GəncAPP mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçərək elektron xidmətlər bölməsində yerləşdirilmiş müvafiq ərizə formasını doldurub sayt üzərindən Fonda göndərməlidirlər.Son müraciət tarixi: 1 noyabr 2022-ci il, saat 18:00Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və GəncAPP mobil tətbiqində yerləşdiriləcəkdir.
Görüşdə elmi işlər üzrə prorektor vəzifəsini müvəqqəti icra edən dos.Mayıs Gülalıyev elmi işlərin aktivləşməsinin vacibliyini qeyd edib. Tədbirdə magistr, dissertant, doktorantların elmi məqalələrinin dərci, fakültələr üzrə TEC-lərin fəaliyyəti kimi məsələlər, iş planları müzakirə edilib.Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankı tərəfindən birgə həyata keçirilən “Yerli texnoloji startapların inkişafının təşviqi”, eləcə də “Gələcək üçun bacarıqlar” layihələrinin mentorluq proqramlarında iştirak edən müəllimlər çıxış edərək əldə etdikləri təcrübələrdən, bu təcrübələrin universitetdə startapların inkişafı üçün verdiyi imkanlardan danışıblar.