Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov 2024/2025-ci tədris ilinə hazırlıqla bağlı iclas keçirib. İclasda rəhbər heyət, dekanlar, kafedra müdirləri, mərkəz və şöbə müdirləri iştirak edib. 

İclas çərçivəsində  ATU-nun elmi işlər üzrə prorektor əvəzi, elm və innovasiya üzrə müşavir Sahil Həmidov və Magistratura və doktorantura şöbəsinin yeni müdiri Eldəniz Bayramov kollektivə təqdim edilib.

Daha sonra Y.Ömərov iclas iştirakçılarını yeni tədris ilinin başlanması ilə əlaqədar təbrik edib, bakalavr və magistr qəbulunun nəticələri barədə qısa məlumat verib.

İclas zamanı dərs yüklərinin və dərs cədvəllərinin vaxtında hazırlanması, vaxtında təqdim olunması və yeni dərs ilində qarşıda duran digər məsələlərin icrası ilə bağlı tapşırıqlar verilib.

ATU  publik hüquqi şəxs statusu alaraq yenidən təşkil olunacaq

 
Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 7 sentyabr tarixli, 409 saylı qərar imzalayıb.
Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Texnologiya Universitetindən başqa daha 3 ali təhsil müəssisəsi - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

ATU-nun doktorantı  "International Youth Biodiversity Conference 2024" -də Azərbaycan təmsil edib

Azərbaycan Texnologiya Universitetinin (ATU) doktorantı Elnur Arifzadə Yaponiyanın Yokohama şəhərində keçirilən "International Youth Biodiversity Conference 2024" -də Azərbaycanı təmsil edib.
O, konfrans çərçivəsində keçirilən komanda görüşlərində "Azərbaycanda bioloji müxtəliflik" mövzusunda çıxışlar edib.
Beynəlxalq konfrans Qlobal Gənclərin Biomüxtəliflik Şəbəkəsi (GYBN), Yaponiyanın Ətraf Mühit Nazirliyi, Bioloji Müxtəliflik üzrə Konvensiyanın Katibliyi və Yaponiya Biomüxtəliflik Fondu arasında əməkdaşlıq çərçivəsində keçirilib.
Tədbirin məqsədi Kunminq-Montreal Qlobal Biomüxtəliflik Çərçivəsinin effektiv həyata keçirilməsinə dəstək göstərmək və təcrübə mübadiləsi aparmaqdır.
Qeyd edək ki, konfransa dünya ölkələrindən müraciət edən 9000 gəncdən yalnız 120 nəfəri iştirak hüququ qazanıb. Onlar arasında məhdud sayda gənc tam təqaüd əldə edib ki, belə iştirakçılardan biri də ATU-nun doktorantı Elnur Arifzadə olub.


Azərbaycan Texnologiya Universitetində yeni təyinat

 
Sahil Həmidov Azərbaycan Texnologiya Universitetində elmi işlər üzrə prorektor əvəzi, elm və innovasiya üzrə müşavir vəzifəsinə təyin edilib.
Sahil Zahid oğlu Həmidov 18 avqust 1981-ci ildə anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tətbiqi kimya ixtisası üzrə bakalavriat pilləsini, 2004-cü ildə isə Analitik kimya ixtisası üzrə magistratura pilləsini bitirib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Analitik kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
2003/2018, 2023/2024-cü illərdə BDU-da müxtəlif vəzifələrdə (laborant, baş laborant, müəllim, dosent) çalışıb. 2019/2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında böyük məsləhətçi, 2020/2022-ci ildə sektor müdiri vəzifəsində çalışıb.
Respublika və xarici ölkələrin elmi mətbuatlarında dərc olunmuş 100-ə yaxın elmi əsərin və 3 kitabın müəllifidir. 40-dan çox beynəlxalq elmi konfranslarda məruzələrinin tezisləri çap olunub. ED 2.16 Dissertasiya Şurasının üzvüdür.

Azərbaycan Texnologiya Universitetində yeni təyinat

 
Azərbaycan Texnologiya Universitetinin (ATU) Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsinə Eldəniz Bayramov təyin edilib.
Texnika üzrə fəlsəfə doktoru, dosent Eldəniz Ənvər oğlu Bayramov 1964-cü ildə Daşkənd (Özbəkistan) şəhərində anadan olub.
O, M.V.Lomonosov adına Odessa Yeyinti Sənaye Texnologiyası İnstitutunun məzunudur.
Əmək fəaliyyətinə 1986-cı ildə Gəncə çörək-kökə kombinatında başlayıb. 1997-ci ildən isə ATU-nun “Qida mühəndisliyi və ekspertiza” kafedrasında çalışır.
Eldəniz Bayramov “XXI əsr Azərbaycan ixtiraçıları” Beynəlxalq layihəsinin qalibi, 200-ə yaxın elmi və tədris metodiki əsərin, 16 patentin müəllifidir.

ATU yeni tədris ilinə hazırlaşır

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni tədris ilinə hazırlıq prosesi davam edir.
Hazırda universitetin bir sıra auditoriyalarının yeni mebel avadanlıqları ilə təchizatı işləri aparılır.