Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da Prof. Dr. Patrick Siegfriedin elmi seminarı keçirilib

Azərbaycan Texnologiya Universitetində Almaniyanın Trier Tətbiqi Elmlər Universitetinin Magistratura şöbəsinin müdiri Prof. Dr. Patrick Siegfriedin elmi seminarı keçirilib.
 
“Startap şirkətlərində xidmət mühəndisliyi” mövzusuna həsr edilmiş seminarda professor-müəllim heyəti, eləcə də magistr və doktorantlar iştirak edib, alman professorla müvafiq sahənin aktual məsələləri müzakirə edilib.

REFRESH layihəsinin Keyfiyyətin Təminatı Şurasının növbəti iclası keçirilib

19 fevral tarixində “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsinin Keyfiyyətin Təminatı Şurasının 2-ci iclası keçirilib. 

Layihə konsorsiumuna daxil olan 6 yerli və 4 xarici universitetin nümayəndələrinin iştirak etdiyi görüş onlayn qaydada baş tutub.

İclasda Azərbaycan Texnologiya Universitetini REFRESH layihəsi üzrə meneceri, tədris işləri üzrə prorektor Raqif Hüseynov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova təmsil edib.

Görüşdə layihənin tanıdılması və dayanıqlığı məqsədilə təcrübə səfərlərindən sonra Bakıda yekun konfransın keçirilməsi, R. Dunlapın müəllifi olduğu “Dayanıqlı Enerji” kitabının Azərbaycan dilinə tərcümə edilməsi təklif edilib, keyfiyyətə nəzarət məsələlərinin detalları müzakirə olunub və yekun olaraq vahid keyfiyyətə nəzarət sənədinin yaradılması haqqında qarşılıqlı razılıq əldə edilib.

Azərbaycan Texnologiya Universiteti BP ilə yeni layihənin icrasına başlayır

Azərbaycan Texnologiya Universiteti ilə BP şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında imzalanmış qrant müqaviləsinə əsasən universitetin Avtomatika, telekommunikasiya və informatika fakültəsinin nəzdində “Kibertəhlükəsizlik üzrə elmi, metodiki, tədqiqat və təlim mərkəzinin (layihəsinin) təşkili” adlı layihənin icrasına start verilir.

Layihənin əsas məqsədi ATU tələbələrinin kriptoqrafiya və kriptologiya sahəsi üzrə qabaqcıl biliyə malik mütəxəssis kimi hazırlanmasına dəstək göstərmək, onlar üçün xüsusi hazırlanmış kurikuluma uyğun kibertəhlükəsizlik sahəsində təlimlər təşkil etmək, eləcə də Gəncə və ətraf ərazilərdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti, biznes və dövlət orqanları nümayəndələrinin İKT sahəsində ixtisaslaşmasını və təlimini təşkil etmək, onların kiberhücum risklərinə qarşı rəqəmsal savadlılıq səviyyəsinin artırılmasıdır.


ATU-da  dekan vəzifəsinə seçki keçirilib

14 fevral tarixində Azərbaycan Texnologiya Universitetində Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı vəzifəsinə seçki keçirilib.
 
Fakültə əməkdaşlarının səs çoxluğu ilə dosent Əliyev Şakir Hüseynqulu oğlu Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı seçilib.
 
Qeyd edək ki, Şakir Əliyev 1991-ci ildən Azərbaycan Texnologiya Universitetində laborant, baş laborant, baş müəllim, 2020-ci ildən indiyədək isə Maşın mühəndisliyi və logistika kafedrasının müdiri vəzifələrində çalışıb.
 
O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə 2008-ci ildə texnika üzrə fəlsəfə doktoru dərəcəsinə, 2013-cü ildə isə dosent elmi adına layiq görülüb. Hazırda elmlər doktoru proqramı üzrə dissertasiya işini başa çatdıraraq sənədləri AAK-a təqdim edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Texnologiya Universitetinə avadanlıqlar ianə edib

Avadanlıqlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən "Technest" layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinə ianə edilib.
 
3D printer, proyektor, kompyuterlər və digər avadanlıqların təqdimatında ATU-nun rektoru v.m.i.e. dos.Yaşar Ömərov, tədris işləri üzrə prorektor Raqif Hüseynov, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri Orxan İsmayılov, layihə meneceri Gülnar Mirhüseynova, baş mütəxəssisi Püstə Qasımova və tələbələr iştirak edib.
 
Təqdimat zamanı Yaşar Ömərov İnnovasiya Mərkəzinin son texnologiyalarla təchiz edilməsinin tələbələr üçün yeni stimul olacağını bildirərək İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə və rəhbərliyinə təşəkkür ifadə edib.
 
Təqdimat çərçivəsində agentlik nümayəndələri ATU tələbələrinin startap layihələri ilə tanış olublar.
 
İanənin edilməsində məqsəd universitetdə startap ekosisteminin inkişafına dəstək göstərmək, tələbələrin İKT sahəsində təlimlərdə praktik vərdişlər və bacarıqlar qazanmasına, əldə edilən biliklərin yeni ideyalara və startaplara çevrilməsinə nail olmaqdır.
 
Qeyd edək ki, İnnovasiya Mərkəzinin ATU tələbələrindən ibarət 500-ə yaxın üzvü var, hazırda tələbələr 10 aktiv startap üzərində çalışırlar.

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Nokia" Azərbaycan şirkəti arasında görüş keçirilib

İRİA-nın təşəbbüsü ilə baş tutan üçtərəfli görüşdə ATU-nu rektor v.m.i.e. dos. Yaşar Ömərov, tədris işləri üzrə prorektor Raqif Hüseynov, strateji məsələlər və rəqəmsallaşma işləri üzrə müşavir Mehman Kərimov, Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyev, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, İRİA-nı şöbə müdiri Orxan İsmayılov, layihə meneceri Gülnar Mirhüseynova, baş mütəxəssis Püstə Qasımova, "Nokia" şikətini isə satış müdiri Hilal Əfrasiyabov və menecer Elçin Məmmədov təmsil edib.

Görüşdə birgə əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və görüləcək işlər müzakirə edilib, ATU-da qurulacaq laboratoriya haqqında danışılıb, bundan başqa "Nokia" Azərbaycan şirkəti ilə əməkdaşlıq memorandumunun imzalanması haqqında razılıq əldə edilib.

Bu təşəbbüs Azərbaycan Texnologiya Universitetinin Strateji inkişaf planına və Elmi tədqiqat strategiyası, Beynəlmiləlləşmə və Keyfiyyət təminatı siyasətlərinə uyğun olaraq, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın və rəqəmsal innovasiyaların təşviqi, keyfiyyət siyasətinin inkişafı və tələbələrin əmək bazarının çağırışlarına cavab verən bacarıqlarla təchiz olunması məqsədini daşıyır.