Azərbaycan Texnologiya Universitetində (ATU) tələbə və akademik heyətin peşəkar inkişafına dəstək məqsədilə növbəti təlimlər təşkil olunub. Təlimlər ATU tərəfdaşlardan biri olan “Nar” mobil rabitə operatorunun iştirakı ilə həyata keçirilib. Tələbələr və müəllimlər üçün nəzərdə tutulan təlimlərin əsas məqsədi peşəkar bacarıqları inkişaf etdirmək, tələbələri əmək bazarına hazırlamaq və karyera planlaşdırmasında dəstək göstərmək olub.

İlkin mərhələdə müvafiq ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən təlimlərdə mobil rabitənin əsasları, əmək bazarında praktiki təcrübənin önəmi, eləcə də uğurlu karyera quruculuğunun əsas istiqamətləri əhatə olunub. İnteraktiv formatda keçən görüşlər zamanı iştirakçılar real iş mühiti və texnologiyalara dair ətraflı məlumat əldə edib, öz suallarını "Nar" mütəxəssislərinə ünvanlayıblar.

Təlimlərin növbəti mərhələsi universitetin akademik heyəti üçün nəzərdə tutulub. Bu çərçivədə "Nar" şirkətinin texniki heyəti tərəfindən keçirilən sessiyada müəllimlər "Nar Laboratoriyası"nın müasir avadanlıqları və onların işləmə prinsipləri ilə yaxından tanış olublar. Təlim iştirakçıları mobil şəbəkələrin iş prinsipləri, yeni texnoloji həllər və təcrübəyə əsaslanan öyrənmə metodları haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, 2.2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar”ın ötən ilin oktyabrında Texnologiya Universitetində laboratoriyası istifadəyə verilib. Aktiv əməkdaşlıq çərçivəsində ATU-da “Nar” mütəxəssislərinin silsilə seminarları təşkil edilir.