Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində (ATU) Məzun Günü keçirilib

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos.Yaşar Ömərov çıxış edib. Y.Ömərov bu günün ATU ailəsi üçün əlamətdar bir gün olduğunu qeyd edib. O, məzunların bundan sonra da layiqli vətəndaş olacaqlarına, gələcək həyatda, təhsil sahəsində yeni-yeni uğurlara imza atacaqlarına əminlik ifadə edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “Nar" şirkətinin Baş icraçı direktoru Qunnar Panke, Azərbaycan Texnologiya Universitetinin professoru Ələmdar Əlbəndov, valideynlər, əlaçı və eyni zamanda qazi məzunlar çıxış edərək tələbələri təbrik edib, həyatlarının bundan sonrakı mərhələsində uğur və nailiyyətlər arzulayıblar.

Tədbir ən yüksək göstəriciləri olan, universitetin ictimai həyatında və idman sahəsində fərqlənən tələbələrin təltif olunması ilə davam edib. Ən yüksək nəticələrlə məzun olanların şəkilləri və məlumatları monitorda əks olunub. Məzunlarımıza ATU ilə əməkdaşlığı olan ATS Food MMC-nin Şəmkir istehsal sahəsi, “Nar"  şirkəti tərəfindən hədiyyələr verilib. 

Məzun Günü “Eurovision-2022” müsabiqəsində ölkəmizi təmsil edən, Respublikamızın gənc və istedadlı ifaçılarından olan Nadir Rüstəmlinin konsert proqramı ilə davam edib.

Bundan başqa DJ Xaliq Bağırov, “Gəncə band” nəfəsli alətlər qrupu, Gəncə Dövlət Filarmoniyasının solistləri, eləcə də universitetin məzun tələbələri tədbir iştirakçıları qarşısında maraqlı musiqi nömrələri ilə çıxış edib.

Məzun Günü tələbələrin müxtəlif musiqi sədaları altında rəqsi ilə davam edib.

Sonda məzunlar Vətənə, xalqa, dövlətə sadiq qalacaqlarına, bundan sonrakı həyatlarında böyük həvəslə çalışaraq layiqli mütəxəssis olacaqlarına and içərək məzun papaqlarını səmaya atıblar.

 

 

 

Qurban bayramı münasibətilə təsərrüfat işçiləri ilə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində Qurban bayramı münasibətilə təsərrüfat işçiləri ilə görüş keçirilib. 

Görüşdə tədris işləri üzrə prorektor Raqif Hüseynov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, ümumi işlər üzrə prorektor Rauf Bağırov, Təsərrüfat və təchizat şöbəsinin müdiri Mətləb Əliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Xudayar Məmmədov iştirak edib, işçiləri universitet rəhbərliyi adından bayram münasibətilə təbrik edərək xoş arzularını çatdırıblar.

Daha sonra bütün təsərrüfat işçilərinə ATU Həmkarlar İttifaqı Təşkilatının xətti ilə bayram sovqatı və "Azersun" şirkətinin hədiyyələri paylanıb.

İctimai Şurasının növbəti iclası keçirilib

 

Azərbaycan Texnologiya Universitetində İctimai Şuranın (İŞ) ikinci iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov İctimai Şura üzvlərini salamlayıb, müzakirə olunacaq məsələlərin, ediləcək təklif və tövsiyələrin, ümumilikdə ictimai rəyin öyrənilməsinin universitetin fəaliyyətində əhəmiyyətini vurğulayıb.

İclasda İŞ sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, üzvlərdən “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Regional İnkişaf” İctimai Birliyinin (İB) Gəncə-Daşkəsən bölməsinin nümayəndəsi Aişə Osmanlı, “Təmas” Regional İnkişaf İB-nin sədri Südabə Məmmədova, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov, ATU-nun tədris işləri üzrə prorektoru Raqif Hüseynov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov iştirak edib.

İŞ sədri və üzvləri 2023/2024-cü tədris ilinin yay imtahan sessiyası ilə tanış olub, prosesi monitor vasitəsilə izləyiblər. Onlara imtahanların gedişi və təşkili, İmtahan Komissiyası, Apellyasiya Komissiyasının fəaliyyəti ilə bağlı məlumatlar təqdim edilib. 

İclasda yay imtahan sessiyasının ardından ATU-nun inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Yekunda şura tərəfindən universitet rəhbərliyinə təklif və tövsiyələr təqdim edilib.

Qeyd edək ki, ötən il əsası qoyulan İctimai Şura ictimai rəyin əhəmiyyəti əsas götürülərək Gəncə universitetləri arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində yaradılıb.


Gəncə Basketbol Liqasının final oyunları keçirilib

Azərbaycan Texnologiya Universiteti, Azerbaycan Basketbol Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkil etdiyi 2023-2024-cü il yarış mövsümünün Gəncə Basketbol Liqasının final oyunları keçirilib.

Final oyununda Gəncə Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Regional Kollec Leons Basketbol Klubu ilə qarşılaşıb. Azərbaycan Texnologiya Universitetinin (ATU) komandası isə 1-ci və 2-ci yerlər uğrunda Telekom Basketbol İdman Klubunun komandası ilə qarşılaşıb. Nəticədə Telekom Basketbol Klubu 1-ci yerə çıxıb. ATU komandası 2-ci, Regional Kollecinin komandası 3-cü yerdə qərarlaşıb.

Qalib komandalara Azərbaycan Basketbol Federasiyasının təsis etdiyi pul mükafatı, kubok, medal, diplomlar təqdim edilib, seçilmiş idmançılar hədiyyələrlə təltif olunublar.  

ATU komandasının kapitanı Ömər Nəsibov Gəncə Basketbol Liqasının ən məhsuldar oyunçusu (MVP) seçilib.

“Nar” tələbələr üçün təlim təşkil edib

 
“Nar” şirkəti tərəfindən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün təlim təşkil olunub. Təlim “Nar” ilə ATU arasında cari ilin fevralında imzalanmış müqavilə çərçivəsində baş tutub.
Təlimdən əvvəl ATU-nun rektoru v.m.i.e. dosent Yaşar Ömərov və "Nar" şirkətinin Baş icraçı direktoru Qunnar Panke tələbələrlə görüşüb, onlara bir sıra tövsiyələr verərək gələcək karyeralarında uğurlar arzu edib.
Tədbirdə “Nar”ın Texniki xidmət masası şöbəsinin rəisi Nurlan Oruczadə "Mobil rabitənin əsasları" mövzusu ilə çıxış edib. Texniki ixtisaslar üzrə təhsil alan tələbələrin qatıldığı tədbirdə mütəxəssis nəzəri və praktik təcrübələrini bölüşüb, gələcəyin kadrları ilə fikir mübadiləsi aparıb, ünvanlanan sualları cavablandırıb.
Sonda tələbələr sertifikat və “Nar”ın hədiyyələri ilə təltif olunublar.

"Nar" şirkətinin Baş İcraçı Direktoru Qunnar Pankenin başçılıq etdiyi nümayəndə heyəti ATU-ya səfər edib

 
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə "Nar" şirkəti arasında cari ilin 23 fevral tarixində bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "Nar" şirkətinin Baş icraçı direktoru Qunnar Pankenin başçılıq etdiyi nümayəndə heyətinin ATU-ya səfəri təşkil olunub.
Səfər çərçivəsində nümayəndə heyətinin ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərovla görüşü keçirilib. Görüşdə əməkdaşlığın perspektivləri, eləcə də memorandumda nəzərdə tutulan işlərin reallaşdırılması məsələləri müzakirə edilib.
Daha sonra qonaqlar laboratoriyalarını gəzib, universitetin maddi-texniki bazası ilə tanış olublar.