Azərbaycan Texnologiya Universitetinin Avtomatika, telekommunikasiya və informatika fakültəsi Gəncə şəhəri və ətraf rayonların, o cümlədən kənd məktəblərinin yuxarı sinif şagirdləri üçün tanıtım kampaniyası təşkil edib.

Kampaniya çərçivəsində fakültənin nəzdində fəaliyyət göstərən Avtomatika və informasiya texnologiyaları, Kompüter mühəndisliyi və telekommunikasiya, Ümumi və tətbiqi riyaziyyat, Ümumi və tətbiqi fizika kafedralarının əməkdaşları Gəncə şəhərinin 29, 34 saylı orta məktəblərində, eləcə də Samux, Ağstafa, Tovuz məktəblərində şagirdlər ilə görüşlər keçiriblər.

 Təqdimatlarda kafedra nümayəndələri tədris olunan ixtisaslar, qəbul imkanları, təcrübə proqramları, əmək bazarındakı perspektivlər, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat veriblər. Eyni zamanda, şagirdləri maraqlandıran suallar cavablandırılıb, ixtisas seçimində dəstək ola biləcək çap materialları təqdim olunub, daha yaxından tanışlıq üçün valideynləri ilə birgə ATU-ya dəvət ediliblər.