Azərbaycan Texnologiya Universitetində bölgə universitetləri arasında 3 tərəfli memorandum imzalanıbAzərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Üçtərəfli sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov, Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov və Mingəçevir Dövlət Universitetinin rektoru dos. Şahin Bayramov imzalayıb.Azərbaycan Texnologiya Universitetində imzalanan memorandum elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.Əməkdaşlıq pedaqoji kadrların və elmi işçilərin, magistr və doktorantların mübadiləsi, qabaqcıl tədqiqat və inkişaf metodları sahəsində təcrübə mübadiləsi, elmi işçilərin və mütəxəssislərin birgə innovasiya fəaliyyətinin təşkili və.s sahələri əhatə edir.
2022-2023-cü tədris ili üzrə 172 magistr dissertasiya müdafiəsinə buraxılıb. Müdafiə 16 iyun tarixində başlayıb və iyulun 5-dək davam edəcək. Dissertasiya müdafiəsinə akademik borcu qalmayan və ilkin müzakirədən müvəffəqiyyətlə keçən magistrlar buraxılır.
Yaz imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər və media nümayəndələri iştirak edib.Tədris şöbəsinin müdiri Raqif Hüseynov əvvəlcə dəyirmi masa ətrafında imtahan prosesi barədə məlumatlar verib. Bildirib ki, imtahanlar universitetin 5-ci tədris korpusunda aparılır və gün ərzində 800-ə yaxın tələbə test və yazılı qaydada imtahanlarda iştirak edir. R.Hüseynov sonuncu kursların Yekun Dövlət Attestasiya İmtahanının dünəndən başladığını, 3 gün ərzində davam edəcək bu imtahanların da nəzarət altında obyektiv keçirilməsinə səy göstərildiyini vurğulayıb. Əlavə edib ki, imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə otaqlarda müşahidə kameraları yerləşdirilib, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib. İmtahan nəticələri kənar şəxslərin girişinin qadağan olunduğu kodlaşdırma otağında yoxlanılır və həmin gün də tələbələrə elan edilir.Valideynlər şifahi məlumatlar aldıqdan sonra imtahan zallarını gəzib, prosesi yaxından izləyiblər. Burada İmtahan Komissiyasının sədri İlhamə Quliyeva və Apellyasiya Komissiyasının sədri Eldəniz Bayramovla həmsöhbət olublar. Onlar baş verə biləcək neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndirib, biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi ilə bağlı tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə ediblər.Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına 2 iyunda start verilib. Proses 5 iyuladək davam edəcək.
Azərbaycan Texnologiya Universitetində (ATU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrası ilə bağlı ATU-nun müvafiq komitə üzvləri ilə görüş keçirilib.Görüşdə layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində yaradılmış komitələrin gördüyü işlərlə bağlı ətraflı məlumat verib, eyni zamanda daxili monitorinq məqsədi ilə layihə sənədlərinə baxış keçiriblər.Görüşün sonunda geniş fikir mübadiləsi aparılıb və komitələrin gələcək fəaliyyəti müzakirə edilib.Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.İclasda Tədris şöbəsinin müdiri Raqif Hüseynov 2023/2024-cü tədris ili üzrə qəbul planının vəziyyəti barədə çıxış edib. Daha sonra Avtomatika, Telekommuniyasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyevin, Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri Sakit Verdiyevin hesabat məruzələri dinlənilib.Elmi Şurada professor-müəllim heyətinin növbəti tədris ili üzrə iş normaları, tədris metodiki vəsaitlərin təsdiqi kimi bir sıra məsələlərə baxılıb.İclas çərçivəsində Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Nazim Vəliyev, Yüngül sənaye mühəndisliyi və Dizayn kafedrasının baş müəllimləri Maya Hümbətova, Qənirə Abbasova yubileyləri münasibəti ilə fəxri fərmanla təltif olunublar.
Rumıniyanın "Gheorghe Asachi" İasi Texniki Universitetinin Mühəndislik və Tekstil məhsullarının Dizaynı kafedrasının 3 nəfər professor-müəllim heyəti Erasmus+ proqramı çərçivəsində 19-23 iyun 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində səfərdə olublar.Proqramın ilk günləri Qabaqcıl Materiallar, Məhsullar və Proseslər üzrə Araşdırma Mərkəzinin direktoru, eyni zamanda Beynəlxalq Toxuculuq Texnoloqları Federasiyasının (IFKT) Rumıniya bölməsinin prezidenti professor Mirela Blaqa, dos. Alina İovan-Draqomir və Dr. Mariana İçimin universitetin Tədris şöbəsi və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ilə görüşü keçirilib.Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, mübadilə sayının artırılması, hər iki ölkənin təhsil sistemi və mədəniyyəti ilə bağlı geniş müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib.Daha sonra nümayəndə heyəti universitetin Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, onlara öz ölkə və universitetlərinə aid maraqlı məruzələrlə çıxış ediblər, dizayn və tekstil sahəsinə dair fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar digər fakültə dekanları və professor müəllim heyəti ilə görüşüb, sıx əməkdaşlıq imkanları müzakirə edilib.