Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun qiyabi təhsil alan 5-ci kurs tələbələri ilə görüşü keçirilib.
Görüş kurs tələbələrinin 28 aprel 2025-ci il tarixində başlayan istehsalat təcrübəsi çərçivəsində baş tutub.
Görüşdə istehsalat təcrübəsinin gedişatı, qarşıya qoyulan vəzifələr və tələbələri maraqlandıran bir sıra məsələlər müzakirə olunub. Rektor tələbələrə uğurlar arzulayaraq təcrübə müddətində universitetdə qazandıqları bilik və bacarıqları real mühitdə tətbiq etməyi, təşəbbüskar və məsuliyyətli olmağı tövsiyə edib. O, həmçinin istehsalat təcrübəsinin gələcək peşəkar karyeraları üçün mühüm mərhələ olduğunu vurğulayıb.
Tədrisin təşkili və idarə edilməsi şöbəsinin məsul nümayəndələrinin və təcrübə rəhbərlərinin də iştirakı ilə baş tutan tədbirdə istehsalat təcrübəsinin təşkili və sənədləşmə prosesi ilə bağlı tələbələrə ətraflı məlumatlar verilib.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) ilə uyğunluq təşkil edir. Təcrübə proqramları tələbələrin nəzəri biliklərini real iş mühiti ilə əlaqələndirməsinə imkan yaradır. Bu cür görüşlər onların peşəkar inkişaf istiqamətində motivasiyasını artırır. Bu isə gələcək əmək bazarına daha hazırlıqlı kadrların yetişdirilməsinə töhfə verir.