Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi Gəncə şəhəri və ətraf rayonların, o cümlədən kənd məktəblərinin yuxarı sinif şagirdləri üçün tanıtım kampaniyası təşkil edib.

Kampaniya çərçivəsində fakültənin nəzdində fəaliyyət göstərən İdarəetmə, İqtisadiyyat, Turizm sənayesinin təşkili, Xarici dillər, İctimai elmlər və multikulturalizm kafedralarının əməkdaşları 22 Gəncə məktəbində, eləcə də Goranboy, Şəmkir, Tovuz, Bərdə, Tərtər rayon məktəblərində şagirdlər ilə görüşlər keçiriblər.

Təqdimatlarda kafedra nümayəndələri tədris olunan ixtisaslar, qəbul imkanları, təcrübə proqramları, əmək bazarındakı perspektivlər, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat veriblər. Eyni zamanda, şagirdləri maraqlandıran suallar cavablandırılıb, ixtisas seçimində dəstək ola biləcək çap materialları təqdim olunub, daha yaxından tanışlıq üçün valideynləri ilə birgə ATU-ya dəvət ediliblər.