Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında ölkəmizin güclü və cəlbedici investisiya iqliminə malik olduğunu xüsusi qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın sabit inkişaf siyasəti, iqtisadi dayanıqlığı və əlverişli investisiya mühiti xarici şirkətlərin ölkəmizə marağını artırır. Ölkə başçısının çıxışından bu da məlum oldu ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji siyasətində dönüş nöqtəsidir. Belə ki, 240 MVt gücə malik bu stansiya ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək, alternativ enerji mənbələrinin payını artıracaq və Azərbaycanın yaşıl inkişaf yolunda mühüm addım olacaq. Layihə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə birgə həyata keçirilib. Bu əməkdaşlığı yüksək qiymətləndirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın beynəlxalq tərəfdaşlığa açıq olması və xarici investorlar üçün etibarlı mühit yaratması ölkəmizin qlobal enerji bazarında mövqeyini daha da gücləndirəcək. Ölkəmizin yaşıl hidrogen istehsalı və ixracı üçün möhkəm baza formalaşdıran bu layihə regionun infrastruktur imkanlarını genişləndirməklə yeni iş yerlərinin yaradılmasına,  Xızı və Abşeron bölgələrində sosial-iqtisadi inkişafın sürətlənməsinə səbəb olacaq.

Azərbaycanın enerji siyasəti yalnız daxili tələbatı ödəmək deyil, həm də beynəlxalq bazarlara ekoloji təmiz enerji ixracını təmin etmək məqsədi daşıyır. Bu yanaşma ölkəmizin enerji strategiyasının əsas sütunlarından biridir. Azərbaycan uzun illərdir ki, neft və qaz ixracatçısı kimi tanınsa da, son illərdə yaşıl enerji sahəsində atılan addımlar ölkəmizi yeni bir mərhələyə çıxarır.

Hidrogenin Avropa və dünya bazarlarında artan tələbatı nəzərə alınarsa, bu stansiya Azərbaycanın ixrac imkanlarını genişləndirəcək və ölkəmizi regionda ekoloji təmiz enerji sahəsində lider mövqeyə yüksəldəcək.

Beynəlxalq bazarlara ekoloji təmiz enerji ixracı Azərbaycanın iqtisadiyyatını şaxələndirəcək, yeni gəlir mənbələri yaradacaq və ölkəmizin qlobal enerji xəritəsində rolunu daha da gücləndirəcək. Bu, həm də Azərbaycanın COP29 konfransında götürdüyü öhdəliklərin davamı olaraq, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf hədəflərinin reallaşdırılması üçün mühüm addımdır.

Beləliklə, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə enerji siyasətində yeni mərhələyə qədəm qoyan ölkəmiz arasında reallaşdırılan bu layihə yalnız “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ilə məhdudlaşmır, həm də Azərbaycanın gələcək enerji strategiyasının simvolu kimi çıxış edir. Daxili tələbatın ödənilməsi ilə yanaşı, beynəlxalq bazarlara ekoloji təmiz enerji ixracını təmin etməyin başlanğıcı olan bu layihə yaşıl inkişaf yolunda irəliləyişimizi daha da sürətləndirir. 

Layihənin həyata keçirilməsinin əsas strateji əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycanın enerji siyasətində dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin beynəlxalq öhdəliklərinin icrasına da mühüm töhfə verir. Buraya neft və qazla yanaşı günəş və külək enerjisi balansını təmin edən enerji şaxələndirilməsi, Azərbaycanın yaşıl hidrogen istehsalı və ixracı üçün günəş enerjisinin mühüm baza rolunu oynadığı ixrac imkanları, xarici sərmayələrin cəlb edilməsi ilə ölkəmizin iqtisadiyyatında sabitliyin möhkəmlənməsi, külək stansiyalarının enerji balansında alternativ mənbələrin payını artırmaqla enerji müstəqilliyinə verdiyi töhfə, yeni iş yerlərinin açılması və sosial-iqtisadi inkişafın gücləndiyi regional inkişaf daxildir.

Nəticə etibarilə, Azərbaycanın yaşıl enerji strategiyasının mühüm göstəricisi olan bu layihə ölkənin enerji balansında alternativ mənbələrin payını artıraraq ekoloji təmiz istehsalın genişlənməsinə şərait yaradır. Bu, karbon emissiyalarının azalmasına xidmət etməklə yanaşı, dayanıqlı inkişaf hədəflərinin reallaşmasına da mühüm töhfə verir. Sabitlik, inkişaf və beynəlxalq əməkdaşlıq prinsiplərinə əsaslanan, güclü investisiya iqliminə malik olan Azərbaycan bu layihə ilə enerji potensialını daha da gücləndirir və beynəlxalq investorların etimadını bir daha təsdiqləyir.

 

Azərbaycan Texnologiya Unuiversitetinin

İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi

Zəminə Novruzova