Azərbaycan Texnologiya Universitetinin strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri vəzifəsinə Toğrul Sadıqov, İnnovasiya Mərkəzinin direktoru vəzifəsinə isə Elnur Əhmədov təyin edilib.
📊 Strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri Toğrul Hüseyn oğlu Sadıqov 11 yanvar 1984-cü ildə Şuşa şəhərində anadan olub. O, 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsinin bakalavr, 2009-cu ildə isə İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi fakültəsinin magistr məzunu olub.
Toğrul Sadıqov müxtəlif illərdə “Unibank” ASC-nin Gəncə filialında aparıcı mütəxəssis, “Bank Respublika” ASC-də departament rəhbəri müavini, Gəncə filialının müdir müavini və Goranboy filialının müdiri vəzifələrində çalışıb, Alman–Azərbaycan Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsində maliyyə məsləhətçisi kimi fəaliyyət göstərib. Proqramlaşdırma sahəsində 5 ildən artıq təcrübəyə malikdir.
🚀 İnnovasiya Mərkəzinin direktoru Elnur Zülfüqar oğlu Əhmədov isə 29 iyul 1990-cı ildə Gəncə şəhərində anadan olub. O, 2008-ci ildə 637 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının menecment ixtisasına qəbul olub, daha sonra təhsilini eyni ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura səviyyəsində davam etdirib. 2023–2024-cü illərdə ABŞ-ın Virciniya ştatında yerləşən “IVY College”də ingilis dili proqramı üzrə təhsil alıb.
Elnur Əhmədov beynəlxalq təcrübəyə malikdir, müxtəlif illərdə “Unibank” ASC, “Veysəloğlu” MMC şirkətlərində müxtəlif vəzifələrdə, “X-Link”, “Syscon Azerbaijan”, ABŞ-yə məxsus “Utilities One”, Çinə məxsus “Anhui Runke Import and Export Trade Co., LTD” şirkətlərində direktor vəzifələrində çalışıb.