Azərbaycan Texnologiya Universiteti (ATU) beynəlxalq elmi reytinq platforması “AD Scientific Index” tərəfindən açıqlanan 2024–2026-cı illər üzrə proqnoz göstəricilərinə əsasən mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Universitet Azərbaycan üzrə ali təhsil müəssisələrinin reytinqində ən sürətlə yüksələn universitetlərdən biri kimi ölkə miqyasında lider mövqeyə doğru irəlilədiyini təsdiqləyib.

Reytinq nəticələrinə əsasən, ATU xüsusilə elmi məhsuldarlıq və sitatlanma göstəriciləri üzrə mühüm nailiyyətlər əldə edib və son beş ilin nəticələrinə görə ölkənin aparıcı universitetləri sırasında yer alıb.

Belə ki, son 5 ilin H-indeksi üzrə Azərbaycan Texnologiya Universiteti 2024-cü ildə 11-ci yerdə qərarlaşdığı halda, 2026-cı ildə 2-ci yerə yüksəlib. Eyni zamanda, son 5 ilin “i10” indeksi üzrə universitet 2024-cü ildə 9-cu yerdən 2026-cı ildə 2-ci yerə yüksəlməklə əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Bu göstəricilər ATU-da elmi fəaliyyətin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və universitetdə tədqiqat əsaslı inkişaf modelinin uğurla tətbiq edildiyini aydın şəkildə ortaya qoyur.

Əldə olunan müsbət dinamika əsasında Azərbaycan Texnologiya Universiteti yaxın illərdə ölkənin aparıcı tədqiqat universitetlərindən birinə çevrilməyi və beynəlxalq elmi rəqabətdə mövqeyini daha da möhkəmləndirməyi qarşısına məqsəd qoyur.

Qeyd edək ki, “AD Scientific Index” reytinqi universitetlərin elmi fəaliyyətini obyektiv və ölçülə bilən göstəricilər əsasında qiymətləndirir. Reytinqin hesablanmasında “Google Scholar” məlumat bazasına əsaslanan üç əsas indikator – H-indeks, “i10”-indeks və ümumi sitat sayı nəzərə alınır. Göstəricilər həm universitetin ümumi elmi fəaliyyətini, həm də son beş ilin elmi məhsuldarlığını ayrıca əhatə edir.