Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

UTECA-da video və canlı dərslər davam edir

Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi üçün tədris prosesinin təxirə salınması ilə əlaqədar olaraq Azərbaycan Texnologiya Universiteti elektron dərslərin təşkilini həyata keçirir.  Artıq bir müddətdir universitetin rəsmi uteca.edu.az Facebook və Instagram səhifələrindən mühazirələr canlı bağlantıyla nümayiş olunur. UTECA Official rəsmi YouTube səhifəsində isə videodərslər yerləşdirilir. Dərslər bütün kursları əhatə edir və proqram üzrə davam etdirilir.      

UTECA-da mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılıb

 6 tədris korpusu, inzibati bina, idman zalı, tələbə yataqxanası, tələbə avtobusu dezinfeksiya edildi Azərbaycan Texnologiya Universitetinin tələbələr üçün nəzərdə tutulan avtobus, akt zalları, auditoriyalar, laboratoriyalar, təlim mərkəzləri, dərs və iş otaqları, sanitar qovşaqlar, zirzəmilər mütəxəssislər tərəfindən dezinfeksiya edilib. 6 tədris korpusu və inzibati bina dezinfeksiya edildikdən sonra, işlər universitetin idman zalında davam etdirilib. Burada da bütün bölmələr diqqətdə saxlanılıb. Daha sonra əks-epidemik tədbirlər universitetin yataqxanasında aparılıb. Bir neçə aydır tələbələrin istifadəsinə verilən yataqxana da kompleks şəkildə mütəxəssislər tərəfindən dezinfeksiya edilib.  Dezinfeksiya işlərini icra edən mütəxəssislər bildiriblər ki,  koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti isə azdır. Dezinfeksiya zamanı Türkiyə və İspaniya istehsalı yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub. Səthlərdən asılı olaraq dərman məhsulları dəyişə bilir. Qeyd edək ki, ölkə ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.      

Elmi Şura keçirilib

Antiplagiat komissiyasının yaradılıb. Azərbaycan Texnologiya Universitetində (UTECA) Elmi Şuranın növbəti iclası keçirilib. Gündəlikdə Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti, qış imtahan sessiyasının ilkin nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris metodiki vəsaitlərin təsdiqi və s. kimi bir sıra məsələlər olub.  Elmi Şuranın sədri, professor Akif Süleymanov iclası açıq elan edərək üzvləri və işçtirakçıları müzakirə olunacaq məsələlərlə tanış edib, Elmi Şuranın işinə müvəffəqiyyətlər, məhsuldar keçməsini arzulayıb.  Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti barədə Yusif Hümbətov çıxış edib. Məruzədən sonra fakültənin sonrakı fəaliyyətində dair məsləhətlər, təkliflər səsləndirilib. Qış imtahanlarında 2043 nəfər iştirak edib. Onlardan 1521 nəfəri imtahanı müvəffəqiyyətlə verib. 77 nəfər əla, 308 nəfər əla və yaxşı, 1136 nəfər qarışıq qiymətlər alıb. Bu kimi məlumatları Tədris şöbəsinin rəhbəri Piri Axundov qış imtahan sessiyasının ilkin nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi barədə hesabatında səsləndirib. Tədris işləri üzrə prorektor Vüqar İsmayılov universitetin ümumi hesabatı ilə çıxış edib. Hesabat zamanı fakültələr və ixtisaslar üzrə tələbə sayı, əlavə təhsil, köçürülmə göstəriciləri, fakültələr üzrə müəllim kontingenti, orta yaş həddi, gənc müəllimlərin sayı, ixtisaslar üzrə qəbul göstəriciləri, mübadilə proqramında son vəziyyət, tələbələrin hazırki istehsalat təcrübələri – cəlb olunduqları müəssisələr, magistrların elmi pedaqoji və tədqiqat təcrübələri, universitetin daxildə və müəssisələrdə fəaliyyət göstərən laboratoriyaları, tyutor xidməti və təsdiq olunan tədris metodiki vəsaitlər barədə dəqiq məlumatlar slaydlar vasitəsilə təqdim edilib.   Elmi katib Mətanət Əhmədova Antiplagiat komissiyasının yaradılması təklifi ilə çıxış edib. Məruzəçi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarına əsasən elmi dərəcə və elmi ad verilməsinə dair təqdim edilən sənədlərin hazırlanması məqsədi ilə iddiaçının elmi və tədris-metodiki işlərində elmi plagiatın aşkar edilməməsinə dair arayış tələb edilir. Bu səbəbdən universitetdə Antiplagiat komissiyasının yaradılması təklif olunur. Məsələ ilə bağlı müzakirələrdən sonra Elmi Şura milli kontentin inkişaf etdirilməsi və plagiatlıqla səmərəli mübarizə aparmaq məqsədi ilə Antiplagiat komissiyasının yaradılmasına dair qərar qəbul edib. Daha sonra Elm şöbəsinin müdiri Qalibə Məmmədova çıxış edib: “Universitet fəaliyyətinin başlıca göstəricisi elmi potensialın hazırlanmasının davamlılığıdır. Bu davamlılığın təminində isə əsas yükün professorların üzərinə düşdüyü nəzərə alınaraq professorların motivasiyası gündəmə gəlib. Mövcud vəziyyət analiz edilib və kadr yetişdirilməsində daha çox əməyi olanlara əlavə əməkhaqqı verilməsi təklif olunur”. Şura üzvlərinin təkliflə bağlı fikirləri dinlənildikdən sonra səsvermə yolu ilə professorlar - Füzuli Məmmədov və Əhəd Nəbiyevə stimullaşdırıcı məqsədlə əlavə maaşların təyin edilməsinə dair qərar qəbul edilib.  İclas zamanı Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev isə doktorantların bəzi məsələləri ilə bağlı çıxış edib. Müzakirələrdən sonra Elmi Şura üzvləri tərəfindən tədris metodiki vəsaitlər təsdiq edilib.


Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işlərinə başlandı

Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işlərinə start verilib. Bununla bağlı rəhbər işçilərdən ibarət operativ ştab yaradılıb. Bütün korpuslar, o cümlədən auditoriyalar, laboratoriyalar, xidməti və dərs otaqları, zirzəmilər xüsusi maddələrlə dezinfeksiya edilir, təmizlik aparılır. İşçi heyətin 70%-i sanitar-təmizlik işlərinə cəlb olunub. Sabah isə universitet gücləndirilmiş rejimdə, aidiyyatı qurumların mütəxəssisləri tərəfindən Koronavirus (COVİD-19) infeksiyasına qarşı kompleks dezinfeksiya olunacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən sözügedən virusla bağlı 3-9 mart tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Məlumatda qeyd edilir ki, bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur. 

Azərbaycan Texnologiya Universitetinin professoru vəfat edib – NEKROLOQ

Azərbaycan Texnologiya Universitetinin professoru vəfat edib – NEKROLOQ "Gəncə təhsilinə ağır itki üz verib. Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika kafedrasının müdiri, texnika elmləri doktoru, professor Tofiq Bayram oğlu Qocayev 2020-ci il 1 mart tarixində, ömrünün 76-cı ilində vəfat edib. Tofiq Qocayev 1944-cü il 22 iyunda Tovuz rayonunun Qovlar şəhərində anadan olub. 1967-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitunun Mexanika fakultəsinin Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisasını bitirib. Həmin il təyinatla Azərbaycan SSR Nazirlər Soveti nəzdində olan “Azərkomplekt” idarəsində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1969/1970-ci illərdə ordu sıralarında nümunəvi xidmətinə görə “V.İ.Leninin anadan olmasının 100 illiyi” medqalı ilə təltif olunub. 1970-ci ildə müsabiqə yolu ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunun Maşın hissələri kafedrasında assistent vəzifəsinə seçilib, 1973-cü ildə həmin institutun kirovabad filialına (indiki Azərbaycan Texnologiya Universiteti) köçürülüb. 1979-cu ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisliyi İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsinə, 1984 cü ildə isə dosent elmi adına layiq görülüb. 1989-cu ildə Tofiq Qocayevə professor elmi adı verilib. 1990-cı ildə Kiev Politexnik İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib və SSRİ Ali Attestasiya Komisiyası tərəfindən texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.Tofiq Qocayevin Azərbayan Texnologiya Universitetində böyük əməyi var. Belə ki, işlədiyi müddətdə assistent, baş müəllim, dossent, professor, kafedra müdiri, 8 il dekan kimi fəaliyyət göstərib. Tədris işləri üzrə prorektor fəaliyyətindən sonra 1987-1992 illərdə Azərbayan Texnologiya İnstitutunun (hazırki Azərbayan Texnologiya Universiteti) rektoru vəzifəsində çalışıb. Sovet dövründə Dəfələrlə Kəpəz rayon və Kirovabad şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. 1992-ci ildə yüksək ixtisaslı mühəndis-mexanik və mühəndis-texnoloq kadrların hazırlanmasında xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Azərbaycan Dövlət Aqrar Universitetinin, eləcə də Azərbaycan Texniki Universitetinin müdafiə şuralarının üzvü olub. Tofiq Qocayevin Elmi kadrların hazırlanmasında böyük rolu olub. Belə ki, onun rəhbrliyi ilə 4 nəfər texnika elmləri doktoru adına layiq görülüb. Professor Tofiq Qocayevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır. Allah rəhmət eləsin!"

Akif Süleymanov, Adil Tağıyev, Vüqar İsmayılov, Mətanət Əhmədova, Nazim Vəliyev, Nüşabə Hacıyeva, Azər Hüseyn, Mərdan Tağıyev 

UTECA tələbələri Xocalı şahidi ilə tanış olublar

UTECA tələbələri Xocalı şahidi ilə tanış olublar Azərbaycan Texnologiya Universitetinin Oxu klubunun üzv tələbələri “Erməni zindanında 8 gün” kitabını mütaliə ediblər. Kitab sırf real hadisələr əsasında qələmə alınıb və Xocalı faciəsi zamanı əsir düşmüş 20 yaşlı rabitəçinin başına gətirilən müsibətlərdən bəhs edir. Müəllif Dürdanə Ağayeva 1992-ci ildə faciə gecəsi əsir götürülür. Özündən bir yaş kiçik qardaşını xilas etmək üçün qadın əsirlər dəyişdirilən zaman erməni zindadında qapı arxasında gizlənir. Əsl cəhənnəm də bundan sonra başlayır. Tələbələr iki günlük səsli mütaliədən sonra kitabın qəhrəmanı və müəllifi olan Dürdanə Ağayeva ilə videogörüntü ilə tanış olublar. Təəssürat dolu gənclər faciə gecəsi baş verənləri və əsirlik həyatında gördüyü məşəqqətləri bir daha şahidin dilindən eşidib, ona suallar ünvanlıyıb, müzakirə ediblər. Oxucular soyqırım həqiqətlərini gənc nəslə və dünyaya çatdırdığı üçün Xocalı şahidinə minnətdarlıq ifadə ediblər. Sonra kitabsevərlər Gəncədə yerləşən Qarabağ İgidləri Muzeyini ziyarət ediblər.