Azərbaycan Texnologiya Universitetində 31 mart soyqırımının ildonümu qeyd edilib. Dövlət himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Anım tədbirində çıxış edən UTECA-nın rektoru, professor Akif Süleymanov qeyd edib ki, erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür - 1918-ci ilin 31 mart soyqırımından. Həmin il, martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələndi. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbəri olduğu erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirdi, müsəlman ziyarətgahları yandırıldı, əhalinin əmlakı müsadirə edildi. İnsanlığa qarşı törədilən cinayət zamanı Bakının ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutub. Həmin vaxt ermənilər möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Digər çıxışçılar qeyd ediblər ki, Azərbaycanlılara qarşı başladılan soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmırdı. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən çox olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, Ulu Öndər Heydər Əliyev tariximizin bu qanlı səhifələrinin unudulmamasına nail olub. Müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. Dünyanın müxtəlif ölkələrində soyqırımı qurbanlarının xatirəsinə həsr olunuş tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Ümumiyyətlə ermənilərin Azərbaycana qarşı törətdiyi sorqırımı ХVIII əsrin əvvəllərindən başlayır və geridə qoyduğumuz ilə qədər davam edib. 1992-ci ildə törədilən 26 fevral Xocalı soyqırımı, Ağdaban faciəsi, Ballıqaya qətliamı, 2020-ci ildə yaşanan Tərtər, Bərdə və Gəncə faciələri. Azərbaycan xalıq bu faciələri unutmayıb, unutmur və unutdurmayacaq. Sonda 31 mart soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Bu gün Azərbaycan Texnologiya Universitetində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə dissertantura qəbulunun müsahibə məhrəhələsi təşkil edilib. Müsahibə Zoom platforması üzərindən, onlayn qaydada həyata keçirilib. Xatırladaq ki, bir gün öncə Azərbaycan Texnologiya Universitetinin fəlsəfə doktoru üzrə doktorantura ixtisaslarına sənəd verən və DİM tərəfindən keçirilən “Xarici dil” fənnindən və GDU tərəfindən təşkil olunan “Fəlsəfə” imtahanından müvəffəqiyyət qazanan namizədlərin “İxtisas” imtahanı keçirilmişdi. Müsahibə komissiyasının üzvlərinin və namizədlərin iştirakı ilə həyata keçirilən müsahibədə namizədlərə ixtisaslarına uyğun suallar ünvanlanıb. Nəticələrə əsasən 4 nəfər fəlsəfə proqramı üzrə doktoranturaya, 3 nəfər fəlsəfə, 2 nəfər isə elmlər doktoru proqramları üzrə dissertanturaya qəbul edilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun 70 illiyinə, UTECA-nın yaranmasının 50 illiyinə və Avtomatika, Telekommunikasiya və İnformatika Fakültəsinin “İnzibati idarəetmə və Kommersiya” kafedrasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. 100-ə yaxın elm xadiminin iştirak etdiyi tədbirdə Universitet əməkdaşları ilə yanaşı 9 dövlətin (İordaniya, Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Qazaxıstan) professor və müəllim heyəti də iştirak ediblər. Tədbirdə çıxış ediblər: AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Akademik Əli Abbasov, Akademik Akif Musayev, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, magistr Səadət Yusifova, Vitebsk Dövlət Texnologiya Universitetinin rektoru proffesor Kuzntsev Andrey Aleksandroviç, Moskva Dövlət Texnologiya Universitetinin rektoru Cebotarev Serqey Nikolaeviç, Daşkənd Dövlət Texniki Universitetinin prorektoru Salex Taşlanov, Khmelnytskyi Dövlət Texnologiya Universitetinin dosenti Boxonko Aleksandr Petroviç, İordaniyadan Kəmalə Süleymanova, Almaniyadan Gülnar Mustafayev, Gürcüstan Dövlət Texniki Universitetinin kafedra müdiri Nia Natbiladze, Moskva Dövlət Universitetinin professoru Plexanov Aleksey Feodroviç Tədbir Azərbaycan Respublikasının dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra “İnzibati idarəetmə və kommersiya” kafedrasının müdiri professor Füzuli Məmmədov konfrans dəvətini qəbul edən tədbir iştirakçılarını salamlayaraq onlara öz dərin minnətdarlığını bildirdi. Tədbirlə bağlı videoçarxlar təqdim edildi. Akademik Əli Abbasov bugünkü tədbirə dəvəti ilə bağlı professor Füzuli Məmmədova təşəkkürünü bildirərək başda universitetin rektoru hörmətli Akif Süleymanov olmaqla bütün UTECA ailəsini təbrik edib. Universitet yarandığı gündən ölkəmizin elmi-intellektual potensialının formalaşmasında, yüksək ixtisaslı milli kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Fəaliyyəti dövründə mühüm nailiyyətlər qazanmış UTECA bu gün müstəqil ölkəmizin sosial-iqtisadi və mədəni yüksəlişinə öz töhfələrini verməkdədir. Azərbaycan Texnologiya Universitetinin məzunu “Xan Şuşinski” fondunun rəhbəri Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvi Bəyimxanım Verdiyeva konfrans iştirakçılarına müraciət edərək bildirib ki, Beynəlxalq Konfransa dəvət edildiyim üçün təşəkkür edirəm və bu gün münasibətilə bütün proffesor-müəllim heyətini ürəkdən təbrik edərək şərəfli, parlaq fəaliyyətinizdə uğurlar diləyirəm. Daha sonra qeyd edib ki, bu 50 il ərzində Universitet yüzlərlə gəncə ixtisası üzrə sənət cığırı açmış və yüzlərlə savadlı mütəxəssis yetişdirmişdir ki, onların bir çoxu vətənimizin hüdudlarından kənarda öz savadları, uğurları ilə vətənimizi layiqincə təmsil edirlər. Mən də fəxarət hissi ilə qeyd etmək istərdim ki, UTECA-nın məzunuyam. Gələcəkdə də Universitetimizin fəaliyyətində uğurlar diləyərək bir daha yubiley ilini təbrik edirəm. Moskva Dövlət Texnologiya Universitetinin rektoru Cebotarev Serqey Nikolaeviç bu təqdirəlayiq konfransd iştirak etdiyi üçün böyük fəxr hissi duyduğunu bildirərək rektor Akif Süleymanov başda olmaqla bütün Universitet əməkdaşlarını təbrik edərək bildirib ki, 70 yaş – elə bir yubileydir ki, təkcə geridə qalmış yolu gözdən keçirmək üçün deyil, eyni zamanda gələcəyə də nikbin baxmağa və addımlarımızı planlaşdırmağa imkan yaradır. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini yüksək dəyərli məhsul yarada bilən insan resursları müəyyən edir.Məhz bu Universitetdə elm, təhsil və digər Universitetlərlə rəqabətlilik prinsipinin aparılmasında və inkişafı prosesində rektor Akif Süleymanovun aydın strategiyası dayanır.
Azərbaycan Texnologiya Universiteti Erasmus+ proqramı çərçivəsində Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti ilə də əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATİ fakültəsinin "Kompüter mühəndisliyi" ixtisası üzrə II kurs tələbəsi Yaşar Niyazov proqramdan yararlanmaq hüququ əldə edərək, 2020-2021-ci tədris ilinin yaz semestrində Şmalkalden Tətbiqi Elmlər Universitetində bir semestr müddətinə təhsil alacaq. UTECA-nın rektoru, professor Akif Süleymanov Novruz bayramından sonra yola düşəcək Yaşar Niyazovu təbrik edərək öz tövsiyələrini verib, dərslərdədə nizam-intizamlı və məsuliyyətli olmağı tapşırıb. Rektor bildirib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlara göstərilən etimadı doğrultmalıdırlar.
Azərbaycan Texnologiya Universitetinin Şəhid məzunu Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Zoom platforması üzərindən həyata keçirilən tədbirdə Milli Məclisin deputatı Müşviq Cəfərov, UTECA-nın Tədris işləri üzrə Prorektoru Vüqar İsmayılov, ADAU-nun dosenti Aidə Həsənova, eyni zamanda Kərimə dərs deyən müəllimlər, tələbə yoldaşları və şəhidimizin ailə üzvlərindən bacısı Günay xanım, yaxın dostları da iştirak edib. Tədbir Azərbaycan Respublikasının dövlət Himninin səsləndirilməsi və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Şəhidimizin həyatı və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş etdirikdikdən sonra çıxışlara yer verilib. Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə Prorektoru Vüqar İsmayılov Zəfər yürüşünün tarixi rolundan bəhs edərək müharibə günlərində dövlət, xalq və ordu birliyinin əhəmiyyətini, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısını xüsusi vurğulayıb. Kərim Əhmədəliyev kimi digər Şəhid tələbə və məzunlarımızın da dərin ehtiramla yad edildiyini bildirib. Kərim Əhmədəliyevə dərs demiş müəllimlərdən Əsgər Babazadə, Aysel Məmmədli, Şəhla Əliyeva Şəhid məzunla bağlı xatirələrini bölüşüblər. İştirakçılar sırasında Kərimin məzun qrup yoldaşlarının və tələbələrin çıxışları da yer alıb. Kərim Əhmədəliyevə həsr olunmuş şeirin səsləndirilməsi tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. I kurs Dizayn ixtisası üzrə təhsil alan Zərda Əsədzadənin Kərimin xatirəsinə həsr etdiyi portret də iştirakçıların diqqətini çəkib. Tədbirin sonunda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş bütün həmvətənlərimizə Allahdan rəhmət diləyərək, şəhidlərimizin xatirəsinin daim dərin hüzünlə yad edildiyini bildirib.
Dövlət qurmaq, dövlətçilik ideyalarını həyata keçirmək və bu prosesin dönməzliyini təmin etmək bir xalqa göstərilə biləcək ən böyük xidmətdir. Optimal dövlət modeli yaratmağın əsas yolu onun gələcək maraqlarının da nəzərə alınaraq ideoloji, siyasi və iqtisadi əsaslarının formalaşdırılmasından keçir. Müstəqil bir dövlət o zaman yaranır, möhkəmlənir və davamlı inkişaf yoluna qədəm qoyur ki, tarixi-siyasi səbəblərdən başqa xalqı həmin dövlət ətrafında birləşdirəcək güclü bir ideya olsun. Müstəqilliyimizin ilk illərinin Azərbaycan xalqı üçün çox ağır bir dövr olduğu hamıya məlumdur. Bunun əsas səbəbi isə 1991-1993-cü illərdə yeni yaradılmış dövlətdə siyasi hadisələrə düzgün qiymət verilməməsi, gələcəyi görə bilməmək, vəziyyətdən çıxış yolunun tapılması qarşısında aciz qalınması idi. Bu zaman xalq haqlı olaraq hələ 70-80-ci illərdən ölkənin inkişafı istiqamətində atdığı qətiyyətli addımlardan yaxşı tanıdığı, geniş dünyagörüşə, dərin zəkaya, ensiklopedik biliyə malik tarixi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişini təkidlə tələb etdi. Xalqın müraciətlərini və dövlətin durumunu nəzərə alaraq umummilli lider 1993-cü ilin iyununda Bakıya döndü. Həm xalqın istəyi, həm də tarixi zərurət kimi tarixə düşən bu qayıdış insanların inam hissini artırdı. Çünki Azərbaycan xalqı Ulu Öndəri sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq öz Vətənində milli şüurun yüksəldilməsi üçün atdığı qətiyyətli və ardıcıl addımlardan yaxşı tanıyırdı. Bu qayıdışla Azərbaycanın tarixində yeni bir inkişaf mərhələsi başladı. Ulu öndər hər zaman öz çıxışlarında dilimizin saflığının, zənginliyinin qorunmasının nə qədər vacib olduğunu deyirdi. Bir dilin dövlət dili statusu alması şübhəsiz ki, hər bir dövlətin formalaşması ilə bağlıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin qarşısında böyük imkanlar açıldı. Gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqeyinin bərqərar edilməsinə imkan vermədi. Sonrakı dövrlərdə dövlət dili haqqında Konstitusiyada heç bir məlumat olmamışdır. Bütün maneələrə baxmayaraq Ulu Öndər 1978-ci ildə qəbul edilən konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın daxil edilməsinə müyəssər oldu. Müstəqil Azərbaycan Respublikası 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, cəmiyyətdəki mövqeyi tam bərpa edildi. Dövlət dili anlayışı əslində dərin bir anlayışdır. Ümummilli Lider bu ifadəni strateji məqsədlə işlədirdi. Həqiqətən Azərbaycan müstəqil dövlət olduqdan sonra bu strateji məqsəd həyata keçdi. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Buna görə də bütün mütəxəssislərin qarşısına konkret vəzifələr qoyulurdu. Yazılı və şifahi dil arasında yaxınlaşmağa nail olunması sabitləşmiş normalara malik dilin formalaşmasında mühüm amil olduğuna görə nitq mədəniyyətinin inkişaf etdirilməsi zəruri bir məsələ kimi qarşıda dururdu. Nitq mədəniyyəti varsa, nitq etiketləri də var. Nitq mədəniyyəti varsa, yazılı və şifahi dilin normaları da var. Haqlı olaraq dövlət dilinin formalaşmasında nitq mədəniyyəti onun əsas təməli hesab edilir. Heydər Əliyev dili xalqın böyük sərvəti adlandırır, onu insanlar arasında əsas ünsiyyət vasitəsi olması fikri ilə məhdudlaşdırmır, dilin funksiyasının məsafədən-məsafəyə, nəsildən-nəsilə informasiya vermək olduğu tərifini verir – “ Mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə, dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır. Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Çünki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir”. Heydər Əliyev hər zaman ana dilimizə, müqəddəs Azərbaycan dilinə böyük hörmətlə yanaşmış və ona biganə yanaşmağın, etinasız qalmağın, xüsusən də onun adının kimsə tərəfindən dəyişdirilməsinin qətiyyən yolverilməz olduğunu göstərmişdir. Ümummilli Liderin ikinci dəfə xalqın təkidi ilə Azərbaycana rəhbərlik üçün dəvət edilməsi elə bir zamana təsadüf edirdi ki, burada təkcə ədəbiyyat, dil, mədəniyyət məsələlərinin həll edilməsi ilə kifayətlənmək olmazdı. Siyasi islahatlara start verməyin vacibliyi qarşıda duran ən mühüm və zəruri məsələlərdən biri, bəlkə də birincisi idi. Bu səbəbdən də Konstitusiyadan irəli gələn vəzifələrə xidmətini təmin etmək şərti ilə dövlətin müstəsna səlahiyyətləri çərçivəsində ordu quruculuğuna dövlət rəhbərliyi təmin edildi. Ordunun maddi-texniki bazası təkmilləşdirildi, ehtiyaclarının vaxtlı-vaxtında aradan qaldırılması üçün dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Hələ 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmasına nail olmuşdu ki, bu da dahi şəxsiyyətin uzaqgörənliyindən irəli gəlirdi. Hansı ki, Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 80%-ə qədəri həmin liseyin yetirmələri idi. Elə müstəqillik illərində də ordunun qurulması prosesində bu il 50 illiyini qeyd edəcəyimiz bu hərbi məktəbin rolunu danmaq olmaz. Hər zaman çıxışlarında güclü ordu üçün güclü iqtisadiyyatın lazım olduğu məsələsini ön plana çəkən Ulu Öndər ölkə iqtisadiyyatının yenidən qurulması, neft sektorunun inkişaf etdirilməsi, xarici investisiyaların ölkəyə cəlb edilməsi kimi iqtisadi islahatlara start verdi. İqtisadiyyatın yaxşılaşması ilə Azərbaycan ordusu yeni silahlarla, hərbi texnika ilə təmin edildi, müdafiə imkanları və döyüş qabiliyyəti gücləndirildi. Bütün bunlarla yanaşı xalqın orduya doğma münasibətinin, onu qayğı ilə əhatə etməsinin Milli Ordumuz üçün əsas güc mənbəyi olduğunu unutmaq olmaz. Ümummilli Lider hər zaman çıxışlarında hərbi peşənin ən gərəkli peşə olduğunu, Milli Ordunun zabitinə, əsgərinə hörmət və ehtiramın vacibliyini dilə gətirirdi. Bəlkə də elə bu səbəbdən Azərbaycan Ordusu belə uğurla formalaşa bildi. Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qoruması üçün aparılan müharibədir. Bunun üçün də insanın daxilində vətənpərvərlik hissi olmalı, xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Nəbzi Vətənin nəbzi ilə döyünməyən, mənəviyyat yoxsulu olan xalq heç vaxt öz ordusu ilə bir yerdə ola bilməz. Biz xalq-ordu birliyinin nə qədər əhəmiyyətli olduğuna 44 günlük Vətən müharibəsində bir daha şahid olduq. Körpə uşaqdan tutmuş ahıl insanlara qədər, hamı bir nəfər kimi Azərbaycan əsgərinin yanında oldu. Yaralı əsgərlərimizin, zabitlərimizin bir arzusu var idi ki, haqlı savaşlarının davamı üçün tezliklə sağalıb yenidən döyüş bölgələrinə getsinlər. Bu iradə, qətiyyət və dövlət- xalq-ordu birliyi sayəsində bu gün bayrağımız 30 ilə yaxın həsrət qaldığımız əbədi və əzəli torpaqlarımızda, o cümlədən Azərbaycanın tarixi mədəniyyət mərkəzi Qarabağın baş tacı və hərbi strateji əhəmiyyətə malik qədim şəhərimiz Şuşada dalğalanır. Ümummilli Liderin siyasi xəttini qətiyyətlə davam etdirən Ali Baş Komandan Prezident İlham Əliyev müstəqil dövlətimizin tarixinə qürurverici səhifələr yazdı və dövlət-xalq-ordu birliyi sayəsində bundan sonra da yazacaqdır.
Zəminə Novruzova
UTECA-nın İctimai elmlər və multikulturalizm
kafedrasının baş müəllimi