Dayanıqlı inkişaf, birlik və qələbəyə inam “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var..." Bu sözlər Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışındandır. Yəqin ki, çoxlarımız o zaman bu sözlərin altındakı böyük mənanı tam dərinliyi ilə anlaya bilməzdik. Biz bu təsəvvürlərin, planların və proqramların altında yatan böyük siyasətin, xalqımızın illərdir gözlədiyi qələbənin xəbərçisi olduğunu bilmirdik. Cənab İlham Əliyevin prezident seçkisindəki qələbəsi təxminən 2 il sonra bütün xalqımızın illərdir qurumayan göz yaşlarının sevinc yaşları ilə əvəz olunmasına, işğalda olan torpaqlarımızın azadlığına, 30 illik həsrətə son qoyulmasına, dünyanın ədalətsiz siyasətinə meydan oxumamıza və bütöv Azərbaycanın qələbəsinə gətirib çıxardı. 2020-ci il 27 sentyabr tarixində Cənab Ali Baş komandanımız İlham Əliyevin torpaqlarımızın yağı düşməndən azad olunması naminə verdiyi “əks hücüm!” əmri bizə öz kimliyimizi qaytardı. Yaşından, tutduğu vəzifəsindən, kimliyindən asılı olmayaraq hamı vətən naminə birləşib “Dəmir Yumruğ”a döndü. “El bir olsa, dağ oynadar yerindən, söz bir olsa zərbi kərən sındırar” ifadəsi 2018-ci ilin prezident seçkilərində olduğu kimi, həmin gün də öz təsdiqini bir daha tapdı. 44 günlük zəfər tariximizdə ön cəbhədə düşmənlə üz-üzə dayanan ordumuz el birliyini, Ali Baş Komandamızın diqqət və qayğısını hiss etdikcə azğın düşmənə daha da ağır zərbələr endirməkdə davam edir, bir an belə olsun geri çəkilmir, daim irəliləyirdi. Ən kiçik yaşlı uşaqların belə küçələrdə axışaraq “Qarabağ bizimdir, bizim olacaq!” şüarını dayanmadan səsləndirmələri, yol boyunca evlərin eyvanından, pəncərələrindən üçrəngli bayrağımızın dalğalandırılması, cəbhəyə getmək üçün könüllərimizin sayının gündən-günə artması hər bir ölkə vətəndaşına mənəvi güc verir, bizi qələbəyə daha da yaxınlaşdırırdı. Azərbaycanın təkcə daxilində deyil, xarici arenada da uğurları - ölkə prezidentinin xarici ölkə jurnalistlərinin qərəzli suallarına layiqli, faktlara söykənən cavabları, eləcə də Xarici İşlər nazirinin xarici görüşlərdəki çıxışları dövlət-xalq birliyini möhkəmləndirirdi. Bu tarix təkcə azərbaycanlıların yox, bütün türk millətinin birliyini, əzmini, gücünü bir daha dünyaya bəyan etdi. Qardaş Türkiyə həmişə olduğu kimi bu meydanda da bizi tək buraxmadı və bu savaş tarixi unudanlara bir dərs oldu. Bu yerdə ölməz sənətkarımız Xəlil Rza Ulutürkün aşağıdakı misraları yerinə düşər: Yadda saxla, qoca tarix, mən Türk oğlu, Ulutürkəm Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm Bircə kişi qalsam belə, güman etmə yalqız, təkəm Mən - dünənəm, mən - bugünəm, gələcəyəm, yerəm - göyəm Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu! Od torpağı ! Son iki ildə dünyanın Azərbaycana və Azərbaycan prezidentinə fikri, baxışı tamamilə dəyişdi. Gücümüz, qüdrətimiz, ədalətimiz, birliyimiz bizim kim olduğumuzu, nəyə qadir olduğumuzu hər kəsə göstərdi. Amma hələ bunlar nədir ki, Cənab Ali Baş Komandanın rəhbərliyi ilə bütöv Azərbaycanın işıqlı gələcəyi, inkişafı, qazanacağı qələbələr hələ qabaqdadır.
Ulduz BABAYEVA
Azərbaycan Texnologiya Universitetinin
Magistratura və doktorantura şöbəsinin müdiri,
texnika üzrə fəlsəfə doktoru