Haqlı qələbələri əldə etmiş Azərbaycan idmançıları Ölkəmizin idman şöhrətini yüksəldən güləşçilərimiz Budapeştdə keçirilmiş Avropa çempionatında bir daha xalqımızı sevindirmiş və böyük qələbə ilə Vətənə qayıtmışlar. İdmançılar 16 medal qazanmaqla bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Avropada istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Keçirilmiş Avropa çempionatında komandalarımızdan medalların birini qadın idmançımız, digərlərini isə sərbəst güləş və Yunan-Roma güləşi üzrə idmançılarımız qazanmaqla sərbəst güləş və Yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Böyük tarixi Qələbəni 44 gün ərzində qazanmış müzəffər ölkəni və qalib xalqı təmsil etmək həm böyük qürur, həmçinin böyük məsuliyyətdir. Qazanılan uğurlar ölkəmizin idman sahəsində beynəlxalq nüfuzunu artırmaqla güləşdəki ənənələrimizin yaşadığını və güclü gənc nəslin yetişdiyini göstərir. Respublikamızın vətəndaşları – istər idmansevərlər, istərsə də idmanla o qədər də maraqlanmayan vətəndaşlar hər zaman idman arenalarında əldə edilmiş uğurların xəbəri gələndə sevinirlər. Vətəndaşlarımız öz əməyi ilə ölkəmizi gücləndirməklə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınmaqla yanaşı, dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll və müəyyən edir, eyni zamanda öz siyasətini müstəqil şəkildə apararaq, istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır. Azərbaycan idmançıları rəqib qaydaları pozduqda, nalayiq hərəkət etdikdə öz gücü ilə qaydalar çərçivəsində onları yerinə oturda bilmişdilər. Erməni ordusu İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlub olarkən çirkin əməllərindən əl çəkməyərək dinc insanlara qarşı terror etmişdilər. Bizim dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı bu namərd atəş nəticəsində həlak oldu. Mərd Azərbaycan əsgəri düşmənə döyüş meydanında layiqli cavab vermişdir. Ədalətli davranmaq, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət göstərilməsi xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Azərbaycan xalqı üçün əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz ləyaqət prinsipi ilə qaydalar çərçivəsində məğlub etməliyik. Azərbaycan xalqı üçün hər zaman qələbədən daha vacib ləyaqətdir. Ümumiyyətlə, idman yarışlarında “fair-play” anlayışı unudulmamalı və idmançılarımız bu prinsiplərə hər daim əməl etməlidirlər. Qalibiyyət əlbəttə hər bir fərd üçün çox vacibdir. İdmançılarımız öz istedadı, zəhməti hesabına halal qələbəni qazanıblar.
Ayşə Əhmədova
Azərbaycan Texnologiya Universitetinin magistr tələbəsi