Misilsiz xidmətlərilə tarixdə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyev dünya siyasətinin ən öndə gedən şəxsiyyətləri arasında özünə məxsus yer tutur. Onun siyasi kursu, uzaqgörənliyi, Azərbaycanın daimi inkişafına hesablanmış ideyaları yarım əsrdən artıqdır ki, xalqımızın gələcəyinə işıq tutur. 46 yaşından Azərbaycana rəhbərlik edən Heydər Əliyev hər zaman xalqımızın ən çətin vaxtlarında bu missiyanı üzərinə götürmüşdür. 1969-1982-ci illər Azərbaycan üçün çətin keçən sınaq dövrlərindən biri idi. Gələcəyi əvvəlcədən hesablayan dahi şəxsiyyətin xalqı üçün etdiyi böyük xidmətlər sayəsində keçən əsrin 70-80-ci illəri ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olmuşdur. Yeraltı və yerüstü sərvətlərlə zəngin olmasına baxmayaraq, o vaxta kimi Azərbaycan adlı Respublika nəinki dünya, hətta ittifaq miqyasında belə o qədər də tanınmırdı. Məhz Heydər Əliyevin Respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. Daha bir çətin dövrdə 1993-cü ildə yenidən xalqının köməyinə gələn Ulu Öndərin həyata keçirdiyi siyasət onun həqiqətən fenomen şəxsiyyət, tarixdə öz yeri olan siyasətçi, xalqının xilaskarı olduğunu sübut etdi. Azərbaycanın tarixində siyasi hakimiyyətin əvvəlkindən tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət və hətta qəhrəmanlıq gərəkdirirdi. Məhz Heydər Əliyev ölkəni belə bir çətinlikdən, dağılmaq təhlükəsindən qurtara bilərdi. Onun siyasəti nəinki ölkəni dağılmaq təhlükəsindən qurtarmağa yetdi, həmçinin müstəqilliyimizi qoruyub saxlamağa, hətta iqtisadi inkişafa, dünyada tanınmağa, siyasi gücə, birliyə, dost ölkələr qazanmağa, yeni, daha qüdrətli, suverən, qazandığı müstəqilliyi qoruyub saxlaya bilən Azərbaycanı yaşatmağa zəmin yaratdı. Heydər Əliyevin siyasi gücünü görmək üçün Azərbaycanın keçdiyi 50 illik bir həyat yoluna təkrar-təkrar nəzər salınmalıdır. O zaman biz hər dəfə bu siyasətdə daha bir yenilik kəşf edə bilərik. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu siyasətin davamı olaraq həyata keçirdiyi siyasi kurs da məhz ölkəmizin siyasi və iqtisadi davamlılığına hesablanmışdır. İlham Əliyevin siyasi gücü isə Azərbaycanın bütün sahələrdə inkişafı ilə yanaşı, xalqımızın 30 illik həsrətinə son qoyaraq, yaralarına məlhəm oldu. Cənab prezidentin 44 günlük Vətən müharibəsində göstərdiyi siyasi iradə, hərbi güc, xalqın birliyi Azərbaycanı bütün dünyaya bir daha tanıtdı. Bu dəfə biz iqtisadi gücümüzlə yanaşı, hərbi gücümüzlə də dünyanın diqqət mərkəzində oduq. Ulu öndərin siyasi kursunun davamını ona layiq şəkildə davam etdirən Ali Baş Komandan İlham Əliyev bu gün dünyanın tanınan liderləri arasındadır. Cənab prezidentin səbrli, uzaqgörən, qorxmaz siyasəti Azərbaycan xalqına illərdir gözlədiyi qələbə sevincini yaşatdı. İllərdir hər tədbirdə, hər bayramda, bütün duamızda, bütün arzularımızda yer alan və uzun sürən həsrətdən sonra hər birimizin qəlbini sözlə ifadə edə bilməyəcək qədər sevinclə, fərəhlə, qürurla dolduran, 27 il idi ki, harda yaşamağımızdan asılı olmayaraq hər birimizin döyünən ürəyinə çevrilən Qarabağın işğaldan azad olunması Azərbaycanı sanki o günlərdə dünyanın mərkəzinə çevirdi. Qarabağ azərbaycanlıyam deyən hər bir kəsin qəlbində illərdir ki, sağalmaz bir yaraydı. Qarabağ deyəndə sızlamayan bir azərbaycanlı ürəyi yox idi. Biz bu sevinci yaşayacağımıza əlbəttə ki, hər zaman inamlıydıq. Düzdür, insanların bu həyatda yaşadığı müddətcə öz həyatları, yaşamları ilə bağlı problemləri olur, ancaq bütün bunlardan əlavə hər birimizin çiyinlərində gözə görünməyən, altında əzildiyimiz bir yük var idi. Bu yük işğalda olan torpaqlar, qanı yerdə qalan insanlar, doğmalarından uzaq düşən Vətən parçası idi. Bu ağır yük hər birimizin içində yığılıb qalan hıçqırıqlar idi. Amma 44 günlük Vətən müharibəsi, bir-birinin ardından aldığımız qələbə xəbərləri, cənab Ali Baş Komandan İlham Əliyevin hər çıxışı bizim içimizdəki o gizli hıçqırıqları sevinc göz yaşlarına döndərərək özümüzdən ixtiyarsız axmasına səbəb oldu. Nəhayətdə isə Azərbaycan xalqı elə bir qələbə yaşadı ki, bu sevinc, bu iftixar bizə illərlə stimul verməyə kifayətdir. Əlbəttə ki, ulu öndərin siyasi kursu və bu siyasətin İlham Əliyev tərəfindən uğurlu davamı bizlərə daha böyük qələbələr qazanmağı, sabahın daha güclü, daha qüdrətli Azərbaycanında yaşamağı nəsib edəcəkdir.
Ulduz Babayeva
Qida mühəndisliyi və ekspertiza kafedrasının dosent əvəzi, t.f.d.
Demokratik ənənələrin inkişafı Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, demokratik qurumlarında və vətəndaşlarının həyatında sürətli dəyişikliklər yaşanır. Adətən bu dəyişiklik ölkədə İnsan İnkişafı İndeksinin müəyyən bir həddi keçməsindən sonra baş verir. Azərbaycanda da İnsan İnkişafı İndeksinin səviyyəsinin əvvəlcə demokratiyanı, daha sonra isə vətəndaşların daha yüksək azadlığını təmin etdiyini görürük. Nəticədə inkişaf edən demokratik ənənələr vətəndaş azadlığının sahiblərinin artan təhsil səviyyələrinin və həyat standartlarının yüksək ekzistensial təhlükəsizliyini təmin edir. Yuxarıda qeyd olunanlar Azərbaycandakı sosial-iqtisadi inkişaf və siyasi demokratikləşmə arasındakı müsbət əlaqənin empirik təqdimatıdır. Məlumdur ki, millətin sosial-iqtisadi inkişafı üçün alternativ variantın nəzəri əsası İnsan İnkişafı İndeksidir. İnsan İnkişafı İndeksi isə təhsil, zənginlik və ömür uzunluğunun birləşmiş ölçüsüdür. Məhz bu səbəbdən də dünya siyasətinin aparıcı liderlərindən biri olan hörmətli Prezidentimiz cənab İlham Əliyevin bütün fəaliyyətinin özəyində daim insan kapitalının inkişafı durur. İnsan kapitalının inkişafı isə sosial-iqtisadi və demokratik ənənələrin inkişafı cəminin təzahürüdür. Digər tərəfdən insan kapitalının inkişafını təmin edən əsas faktor təhsildir. Təhsil isə çox vaxt sosial-iqtisadi inkişaf və demokratiya arasındakı müsbət əlaqədə vasitəçi kimi təsbit edilir. Ona görə də Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və cənab İlham Əliyevin davamçılığı ilə olan bütün dövrlərdə təhsil demokratik ənənələrin inkişafına zəmanət verir. Demokratik ənənələrin inkişafına zəmanət verən, təhsillə yetişən insan kapitalı isə vətəndaş cəmiyyətini formalaşdırır. Yetkin bir özünüdərk hissi sayəsində müxtəlif təbəqələri və vətəndaş kateqoriyalarını təmsil edən ictimai birliklərin ictimai-siyasi və iqtisadi proseslərin tənzimlənməsindəki fəal rolu vətəndaş cəmiyyətini xarakterizə edən əsas amillərdən biridir. Bu dövlətin və kütlələrin inkişafında daha yüksək bir mərhələdir. Demokratik ənənənin ayrılmaz tərkib hissələrindən biri vətəndaş cəmiyyətinin formalaşması prosesi, söz və vicdan azadlığının təmin edilməsidir. Azərbaycan Respublikasının Konstitusiyası düşüncə, söz və vicdan azadlığını geniş miqyasda təmin edir. Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından biri sayılan söz və mətbuat azadlığının əsas optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Kütləvi informasiya vasitələri dövlət siyasətinin mahiyyətində, xalqın maarifləndirilməsində, vətəndaş cəmiyyətinin qurulmasında demokratiyanın, aşkarlığın və ədalətin təntənəsinə xidmət edən ümumbəşəri ideyaların təbliğində güclü bir vasitəyə çevrilib. Azərbaycanın müstəqilliyini bərpa etməsi suveren bir ölkənin beynəlxalq aləmə inteqrasiyası, qlobal hadisələrlə əlaqələrin ifadə olunması üçün həqiqi hüquqi zəmin yaratdı. Planetimizdə baş verən müsbət dəyişiliklər də öndə olmaqla, beynəlxalq təşkilatlardakı təmsilçiliklə, bu təşkilatlar tərəfindən təşkil edilən yüksək səviyyəli tədbirlərdə, idman daxil olmaqla bütün sahələrdə iştirakla Azərbaycan beynəlxalq arenaya çıxmaq imkanı qazanıb. İdmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda ölkəmizin bayrağı ilə təmsil olunaraq uğurlar qazanırlar. Hər hansı bir ölkənin kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı əsasən idman ənənələri, idman üçün şərait və imkanlar, idman mütəxəssislərinin təhsili, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, idmanın təbliği və onlara sahib olmaq kimi amillərdən asılıdır. Bu amillər arasında dövlətin idmana münasibəti xüsusi yer tutur. Çünki bu münasibət özü yuxarıda göstərilən məsələlərin müəyyən bir hissəsinin həllinə birbaşa təsir göstərir. İdmanın inkişafında, fiziki və mənəvi cəhətdən sağlam bir nəslin yetişdirilməsində, milli-vətənpərvərlik hisslərinin gücləndirilməsində, respublikamızın beynəlxalq miqyasda daha çox tanınmasında və nüfuzunun yüksəlməsində, bədən tərbiyəsi və Olimpiya Hərəkatında, böyük nailiyyətlərin əldə olunmasında dövlətimizin rolu əvəzolunmazdır. Son illərdə gənclər siyasət üzrə dövlət səviyyəsində misilsiz işlər görüblər. Ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, müxtəlif yönümlü siyasi partiyaların sərbəst fəaliyyəti, senzuranın ləğvi, yüzlərlə yazılı medianın nəşri, özəl radio və televiziya kanallarının yayımı, məhdudiyyətsiz və sürətli internet siyasi plüralizmin, azad düşüncənin, ən nəhayət demokratik ənənələrin inkişafının bariz sübutudur.
Elmi-tədqiqat şöbəsinin
müdiri Qalibə Məmmədova
Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici kapitaldır. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 %-ni təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. Azərbaycan qlobal layihələrin aktiv iştirakçısıdır. “Bir Qurşaq, Bir Yol” layihəsinin əsas iştirakçı dövlətlərindəndir. Hazırda ölkəmiz çox əhəmiyyətli energetika və nəqliyyat layihələrini həyata keçirir. Dövlət başçısı ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında yer alan rəqəmlər tamamilə normal və gözləniləndir. Azərbaycanın vurğulanan istiqamətlərdə irəliləməsi məntiqidir. Hətta Azərbaycan bununla kifayətlənməyəcək. Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacaq. Azərbaycan müstəqillik və suverenlik yolunda növbəti zirvələri fəth edəcək. Vaxt gələcək ki, ermənilərin özləri Azərbaycanın tərkibində qalmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevə xahiş – üzrxahlıq məktubu göndərəcəklər. Onun altında yüzminlərin və milyonların imzası olacaq. Azərbaycan bu kimi yüksəkliklərə doğru irəliləyir. Azərbaycanda sosial infrastruktur, biznes mühiti, əhalinin sosial təminatı və başqa sferalar yüksələn xətlə inkişaf edir. Ermənistan bütün bu istiqamətlər üzrə Azərbaycandan geridə qalır. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, əhalinin elektriklə təmini 100 % təşkil edilir. Ölkəmiz hesabatda bəzi indiqatorlara görə isə ilk 15-liyə daxil olmaq imkanı qazanıb. Təhsilə, elmə, mədəniyyətə, idmana dövlət qayğısı artıb. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alıb. Azərbaycanda son 15 ildə 30 elektrik stansiyası istifadəyə verilib, bölgələrdə qazlaşma 95%-ə çatmaq üzrədir. Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Azərbaycan bütün qonşu dövlətlərlə əməkdaşlıq edən müstəqil dövlətdir. Rusiya, Türkiyə, İran kimi dövlətlərin rəhbərləri İlham Əliyevlə həm yaxşı münasibətdədirlər, həm də ölkələrarası əməkdaşlığın bütün istiqamətlərini inkişaf etdirməkdə maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Uzaq Amerikadan dövlət rəhbərləri bəyan edir ki, İlham Əliyevlə əməkdaşlığı inkişaf etdirməklə bağlı müzakirə aparmağa can atırlar. Tarixin qədim İpək Yolunun üzərində yerləşən ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq - Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı- Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton və 100 min konteyner yükdaşıma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükdaşıma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.
Nazim Kərimov
Azərbaycan Texnologiya Universitetinin
rektor məsləhətçisi
Siyasi və coğrafi cəhətdən vacib müstəvidə yerləşən Azərbaycan 80-ci illərin sonunda, 90-cı illərin əvvəllərində baş verən hadisələrdən dolayı, 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun olan yeni xarici siyasət kursunun formalaşmasını və reallaşdırılmasını ön plana çəkdi. 2 mart 1992-ci ildə qısa müddətə bir sıra dünya ölkələri tərəfindən tanındıqdan sonra BMT üzvlüyünə qəbul olundu. Bu tarix bir çox ölkələrlə Azərbaycanın diplomatik münasibətlərinin yaranması səbəbindən onun dünya çapında sistemli inteqrasiyasının başlanğıcı sayıla bilər. İkitərəfli və çoxtərəfli siyasi münasibətlərin tənzimlənməsi iqtisadi və mədəni əlaqələrin də inkişafına zəmin yaratdı. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq siyasi maraqların, münasibətlərin dərinləşməsində, qarşılıqlı etimadın gücləndirilməsində mühüm rol oynayır. Bu baxımdan Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının istismarı üçün 20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünyanın digər ölkələri ilə ikitərəfli əlaqələrinin genişləndirilməsi, möhkəmlənməsi üçün güclü bir təkan oldu.
Azərbaycanı keçmiş Sovet respublikalarından bir çox parametrlərə görə fərqləndirmək mümkündür. Konkret olaraq xarici siyasətə gəldikdə isə qeyd etmək olar ki, ölkəmizdə ötən beş ildə sabiq müttəfiq respublikalardan fərqli olaraq xarici siyasətin effektiv formada qurulması və nümayiş etdirilməsi üçün daxildə mövcud ola biləcək bütün əngəllər aradan qaldırılmışdır. Tarixən Azərbaycan həmişə Şərq və Qərb arasında bir körpü olmuşdur. Bu da öz növbəsində qonşu ölkələr arasında mədəniyyətin inkişafına təsir etmişdir. Digər tərəfdən, Azərbaycan ənənələrini inkişaf etdirmiş misilsiz bir ölkə və tolerantlığın, ahəngdar milli-etnik münasibətlərin xüsusi modeli olan dövlətdir.
Yuxarıda göstərilənlərlə yanaşı Qərb ölkələri ilə əlaqələr də xarici siyasətimizdə ən vacib yerlərdən birini tutur. Ölkəmiz ABŞ ilə əlaqələrə də böyük önəm verir. Azərbaycan ərazi bütövlüyü və müstəqilliyini qorumaq, təhlükəsizliyini gücləndirmək naminə bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Bu münasibətlərin iqtisadi və siyasi cəhətdən inkişafı bir təkan kimi xidmət edərək Azərbaycanın tərəqqisi, Xəzərdə neft və qaz layihələrinin həyata keçirilməsi, Şərqlə Qərbi birləşdirən trans-regional koridorun yaradılması ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiyasının əsas elementi kimi çıxış edir. Dünyada müşahidə olunan son tendensiyaların ortaya çıxması, beynəlxalq təhlükəsizliyi pozan yeni təhdidlər Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə tələbi artırır. Azərbay,can ABŞ-ın bölgədəki vacib müttəfiqi kimi bu strateji əlaqələri inkişaf etdirməyə davam edir.
Azərbaycanın Qərbi Avropa ölkələri ilə, o cümlədən İsrail ilə münasibətləri də xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələrin inkişafının həyata keçirilməsində həm dövlət, həm də özəl sektorda köklü islahatların aparılması, müasir bazar iqtisadiyyatı və xarici investisiyaların cəlb edilməsi müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, Qərbi Avropa ölkələri Azərbaycan üçün əsas ixrac bazarı kimi çıxış edirlər.
Azərbaycan ölkələrlə faydalı əməkdaşlıqdan bəhrələnir. Çin və Yaponiya kimi inkişaf etmiş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi İpək Yolu layihəsini həyata keçirmək üçün Azərbaycanın qəti addım atmasına vacib təsir göstərdi. Çinin Avrasiyadakı mövqeyinin möhkəmlənməsi Azərbaycan və Çin arasındakı münasibətlərin intensivliyini artırdı. Yaponiyanın iqtisadi layihələrdə fəal iştirakı Azərbaycanla ikitərəfli münasibətlərin daha da dərinləşməsində qarşılıqlı maraq oyatmaqla zəngin potensialını açmaq üçün münbit bir zəmin yaratdı.
Cənub-Şərqdə yeni iqtisadi və siyasi güc mərkəzlərinin meydana gəlməsi Azərbaycanın Cənubi Asiyada xarici siyasətinin bu istiqamətdə marağının artmasına kömək etdi. Burada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyən Türkiyə və Pakistanı da qeyd etmək lazımdır.
Hesab edirəm ki, Azərbaycan müttəfiqləri ilə münasibətlərdə verdiyi sözün arxasında durmaqla, sözü ilə əməlinin üst-üstə düşməsi ilə onların etibarını qazanıb.
Səmimiyyət bir mənəvi keyfiyyət, böyük dəyərdir. Səmimiyyət hörmət və həqiqətə bağlılıqdır, digər ölkələrlə və hətta ölkə daxilində münasibətlərimizdə vacib bir dəyər kimi qəbul edilir. Əlavə olaraq, səmimi olmaqla özümüzə inam yaradır və dürüstlüyümüzü nümayiş etdiririk. Dürüstlük və səmimiyyət ölkələr arasında etibarlı və uğurlu əlaqəni təmin edir. Beləliklə, Azərbaycan Respublikası müvəffəqiyyətli, taraz və balanslaşdırılmış xarici siyasət apararaq ölkəmizin qlobal miqyasda mövqeyini gücləndirməyə çalışır, eyni zamanda onu Xəzərdə - Qafqaz bölgəsində ən vacib ölkəyə çevirmək, Azərbaycan xalqının xoşbəxt gələcəyini, onun təhlükəsizliyini təmin edən xarici mühitin yaradılmasına və onun qorunmasına nail olmağa çalışır.
Mətanət Əhmədova
Azərbaycan Texnologiya Universiteti üzrə Ərazi
İlk Partiyanın Qadınlar Şurasının sədri
10 illərdir dünya trikotaj istehsalında mövcud - “Fransız pikesi”, “İsveçrə pikesi”, “Holland pikesi”, “Belçika overniti”, “İsveçrə ilməsi”, “Milan lastiki”, “Punto di Roma hörməsi” və başqa ölkə, şəhər adları ilə məşhur olan trikotaj hörmələri sırasına t.e.d., prof. Cahangir Əhməd oğlu Hacıyevin 2012-ci ildə “Azərbaycan fanqı” adlandırdığı ixtiradan sonra, 2015-2017-ci illərdə ixtira edərək, 2019-cu ildə patent aldığı aşağıda adları qeyd edilən daha dörd ixtirası daxil olub:“Türkiyə fanqı” (İ 2019 0088)“Bakı fanqı” (İ 2019 0089)“İstambul hörməsi” (İ 2019 0086)“Ləmbəli fanqı” (İ 2019 0087). Bu ixtiralar trikotaj istehsalının texnologiyasında bilavasitə ikiqat eninə pres trikotajının quruluşuna aid olub, üst trikotaj məmulatlarının hazırlanması üçün qumaş və kuponların alınmasında istifadə oluna bilər. Yeni trikotaj hörmələri, onlardan istifadə olunaraq istehsal olunan məmulatların yüksək keyfiyyətli, uzun ömürlü və az material tutumlu olmaları ilə analoqlarından üstün sayılır. Bunlara trikotajın quruluşunda yer alan, qonşu lastik və saya pres ilmələrinin müxtəlif qaydada yerləşmələri ilə nail olunur.
Hər bir qurultayı ölkəmizin ictimai - siyasi həyatında böyük hadisə kimi yadda qalan Yeni Azərbaycan Partiyasının son qurultayı cəmiyyətimizdəki yeniliklə, bütün sahələrdə həyata keçirilən islahatlar fonunda keçirildi. 29 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib. Hər zaman siyasi proseslərdə öndə olan hakim partiya 30 illik yubileyinə daha fəal, yenilənmiş formatda qədəm qoyur. Yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir. Müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük işlərə imza atan Yeni Azərbaycan Partiyası həm də yeni siyasi nümunə nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında hakim partiya tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. Dövlət Başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. 6 siyasi partiyanın hakim partiyaya qoşulması Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsinə çevrildi. Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi təşkilatın - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının vahid platforma ətrafında vahid təşkilatda - Yeni Azərbaycan Partiyasında birləşməsi ölkəmizin siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yeni səhifələrin yazılacağının təməlini qoydu. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayındakı yekun nitqində bir neçə partiyanın hakim partiya ilə birləşməsinin çox önəmli, əlamətdar hadisə olduğunu diqqətə çatdırıb: ”Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir”. Hakim partiyanın və 6 siyasi partiyanın milli birliyə yönələn vahid partiyada birləşmək qərarı milli birliyimizə, həmrəyliyimizin sarsılmazlığına, sağlam dialoqa xidmət edən siyasi islahatların uğurlu davamıdır. Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyən siyasi partiyaların milli birliyinin 44 günlük Vətən müharibəsindən sonra da davam etməsi milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Siyasi təşklatın VII qurultayında qəbul olunan qərarlar xalqın etimadını qazanan partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir. Ardıcıl və sistemli şəkildə qarşıya qoyulan bütün hədəflərə inamla çatan Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.
Piri Axundov Azərbaycan Texnologiya Universitetinin
Tədris şöbəsinin müdiri, ATU YAP Ərazi İlk Partiya Təşkilatının sədri.ə
Fəlsəfə üzrə fəlsəfə doktoru, dos. əvəzi