Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Onlayn imtahanlara start verilib

Azərbaycan Texnologiya Universitetində onlayn imtahanlara bu gün saat 09:00 da start verilib. Proses saat 18:00 qədər davam edəcək. 50 test sualının cavablandırılması üçün tələbələrə 1 saat vaxt verilir. İnternet kəsintisi kimi texniki problemlərlə qarşılaşan tələbələrin proqrama yenidən qoşulmaq imkanı var. Hazırda imtahan prosesi öz qaydasında davam edir. Bu gün ərzində onlayn yay imtahanlarına Qida mühəndisliyi və Avtomatika, telekommunikasiya və informatika fakültələrinin 500-ə yaxın tələbəsinin onlayn şəkildə qatılması nəzərdə tutulub. Bütün tələbələrimizə uğurlar arzu edirik!    

Ənənəvi bayram sovqatı paylanıb

Azərbaycan Texnologiya Universitetində (UTECA) texniki və qulluqçu heyətə bayram sovqatı paylanıb. Ramazan bayramı münasibətilə Azad Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi ənənəvi aksiyada universitetin rəhbərliyi də iştirak edib. Hazırda universitetdə məhdud sayda əməkdaş işə çıxdığından sovqat bağlamaları texniki və qulluqçu heyətin ünvanlarına göndərilib.

Bu gün ölkədə könüllülük hərəkatları vacib rol oynayır

Dünyada könüllülük fəaliyyəti çox əsrli tarixə malikdir. XVII-XVIII əsrlərdə Fransa və İngiltərədə ilk könüllülülər hərbi xidmətə gedən insanlar olub. O zamanlar hərbi xidmət məcburi olmadığına görə kralın çağırışlarıyla insanlar könüllü şəkildə müharibələrə və hərbi xidmətə yollanırdılar. Şimal qonşu Rusiyada XIX əsrdə könüllülük əsasında işləyən müəllim və həkimləri misal göstərmək olar. O dövrdə bir sıra zadəganların təhsilsiz insanlara dərs keçməsi dəb halını almışdı. 1859-cu ildə İtaliya, Fransa və Avstriya arasında olan Solferino döyüşündən təsirlənən İsveçrə yazıçısı və iş adamı Anri Dünan yerli kilsələrin birində öz vəsaiti hesabına hospital yaratmışdı ki, orada yaralılara könüllülər ilkin tibbi yardım göstərirdilər. Bunun nəticəsində sonradan bu gün də fəaliyyətini davam etdirən Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri də yaradıldı ki, sözügedən qurumları könüllülük fəaliyyətinin bariz nümunələrindən hesab etmək olar.  Azərbaycanda da könüllülüyün tarixi kifayət qədərdir və bu prinsip milli dəyərlərimizin, sülhsevər, ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzu əks etdirir. XIX əsrin sonu XX əsrin əvvəllərində xeyriyyə cəmiyyətlərinin yaranması və insanlarımızın könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığı məlumdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkənin ictimai-siyasi həyatında könüllülərin böyük rolu olub. İlk yaranan könüllü özünümüdafiə dəstələri, müharibəyə könüllü gedən həkim və tibb bacıları buna maisaldır.   Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi gənclər siyasətinin bariz nəticələrindən biri də Azərbaycanda olan könüllülük hərəkatıdır. “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və s… Bu hərəkatların nə qədər gəncə nə qədər töhfə verdiyini saymaqla bitməz.  “Bir” Tələbə-Könüllü Proqramı 2015-ci ildə Bakı Avropa Oyunları, Formula 1 yarışlarına dəstək vermək və vahid könüllülük bazasının yaradılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Bu platformanın şəbəkəsinə Azərbaycan Texnologiya Universiteti (UTECA) də daxildir. Universitetdə 150 yaxın  “BİR” Tələbə-Könüllüləri beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərə könüllü dəstəyi verməklə yanaşı, tələbə könüllülərin inkişafı üçün müəyyən proqramlar həyata keçirirlər. Bu könüllülər yarış və müsabiqələrdə iştirak edir, şəhərdə beynəlxalq və digər əhəmiyyətli tədbirlərdə aktivlik göstərir, tez-tez universitet daxili, universitetlər arası intellektual yarışlar reallaşdırır, flaşmoblar təşkil edir, sosial layihələr həyata keçirirlər. Universitetin Bir tələbə könüllüləri pandemiya dövründə də aktivlik nümayiş etdirirlər. Onlar karantin günlərində yoluxmayla bağlı xüsusi risk qrupunu nəzərər alaraq yaşlı və tənha insanlara məişət işlərində yaxından köməklik göstəriblər. Yaşlı və tənha insanların gündəlik zəruri ərzaq alış-verişlərini edərək, kommunal ödənişlərini həyata keçirərək, dərmanlarını alaraq belə əhali kateqoriyasının izolyasiya olunmasına çalışıblar. Könüllülər maarifləndirmə tədbirlərində də yaxından iştirak ediblər. Virusdan qorunmaq qaydalarıyla bağlı broşürlər, dezinfeksiya edici və qoruyucu vasitələr paylayıblar, marketlərdə, bankların və bankomatların, ödəmə terminallarının qarşısında ara məsafələrin saxlanmasının vacibliyinə dair təbliğatlar aparıblar.  Bu gün ölkədə könüllülük hərəkatı vacib rol oynayır. Bu hərəkatların bizə qazandırdıqları təcrübəli, bacarıqlı, müasir düşüncəli və ölkə başçısının vurğuladığı dəyərləri özündə birləşdirən müasir Azərbaycan gəncinin və kadr ehtiyatının inkişafıdır. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahat və inkişafın kənardan passiv izləyicisindən aktiv bir parçasına çevrilirlər.  2020-ci il Könüllülər ili elan edilib. Odur ki, bu il könüllülük sahəsində gənclər üçün daha böyük perspektivlərin olduğunu demək olar. Dövlətimizin başçısının bütün dövlət və özəl qurumların fəaliyyətinə gənclərin könüllü kimi cəlb olunması ilə əlaqədar tövsiyəsi gənclər üçün yeni fürsətlər yaradacaq, vətəndaşlarımızın bu fəaliyyətə gündən-günə artan marağı sayəsində könüllülük digər qabaqcıl ölkələrdəki kimi tədricən həyat tərzimizə çevriləcək.  

Aysel Yolçuyeva Azərbaycan Texnologiya Universitetinin tyutoru 


İmtahanlar onlayn keçiriləcək

Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 7 saylı onlayn iclası keçirilib. Bu dəfəki iclasda yay sessiyasının təşkili ilə bağlı məsələlər müzakirə edilib. Universitet Elmi Şurası tərəfindən verilən yekun qərarda qeyd edilir ki, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş, eləcə də buraxılış işini yerinə yetirəcək tələbələr (belə tələbələrin müraciətləri əsasında) təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə - ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar. ÜOMG-yə uyğun olaraq çıxarılmış yekun dövlət attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə dövlət imtahanı təşkil ediləcək. Attestasiyalarda (yekun attestasiya və ya aralıq qiymətləndirmə) iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün 20.08.2020-ci il tarixindən başlayaraq ödənişsiz, iki həftəlik sürətləndirilmiş kurs vasitəsilə növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil olunacaq. Əvvəlki semestrlərdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) akademik borcu yaranmış tələbələrə imtahanda iştirak etmək hüququ veriləcək. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirmənin (aparıldığı halda) nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid ediləcək. Təkrar imtahan üçün ödəniş tələb olunmur. Magistratura səviyyəsində magistr dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn aparılacaq. Magistr dissertasiyası müdafiəsi ilə yekunlaşmayan ixtisaslar (MBA) üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr ÜOMG-yə uyğun olaraq yekun dövlət attestasiyadan keçmiş hesab olunacaqlar. ÜOMG-yə uyğun çıxarılmış yekun dövlət attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə dövlət imtahanı təşkil ediləcək. Bakalavr və magistrların imtahan sessiyaları onlayn təşkil edilməklə tələbələrin cari və aralıq qiymətləndirilməsinin ümumi nəticələri 100 ballıq sistemlə aparılacaq. Tələbələrin istəyi və müraciətləri olduğu halda (müraciətlər iyul ayının 5-ə qədər qəbul olunur) cari ilin avqust ayı ərzində icmal mühazirələr (ödənişsiz əsaslarla) təşkil olunacaq. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.          

Məmurların xalqa və dövlətə xəyanəti bağışlanmazdır

 Son illər ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə genişmiqyaslı islahatlar aparılır. Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları intensiv şəkildə davam edir. İslahatların prinsiplərindən biri, bəlkə də ən vacibi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam mühitdə təşkili oldu. Bu istiqamətdə - dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun təminilə bağlı bir sıra uğurlar əldə edilib. Bəzi ölkələrin Azərbaycan brendi olan ASAN Xidmət modelindən faydalanması buna sübutdur. Ancaq çox təəssüf hissilə qeyd edirəm ki, sadalanan uğurlarla yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ hallar hələ də qalmaqdadır. Bu səbəbdən də, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır. Həm də ciddi mübarizə. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dəfələrlə açıq çağırış və xəbərdarlıq etdi. Ölkə rəhbəri qanunsuz əməllərə son qoyulmasını tələb etdi.  Çağırış və xəbərdarlıqlara əməl etməyən, ifşa olunmuş məmurların aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zərurətə çevrildi. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi buna sübutdur. Digər icra başçıları da  bundan nəticə çıxarmalı, cənab Prezidentin qeyd etdiyi kimi xalqın xidmətçiləri olmalıdırlar. Onlar insanları incitməməli, əksinə qayğıları ilə maraqlanmalı və problemlərini həll etməlidirlər. Kasıb insanların, əlillərin, ahılların yardımını mənimsəmək, büdcə vəsaitlərini oğurlamaq dövlətə xəyanətdir. Çünki bu əməllər dövlətimizin imicinə zərbədir. Eyni zamanda, bu əməllər həqiqətən də vicdansızlıqdır. İnsanların haqqını yeyənlər gec-tez layiq olduqları cəzaları almalıdır.  Dövlətimizin başçısı Baş prokuror Kamran Əliyevi qəbul edərkən ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılması ilə bağlı qətiyyətli mövqeyini bir daha diqqətə çatdırdı. Cənab Prezident bildirdi ki, tətbiq edilən məsuliyyət tədbirləri təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcək, cəmiyyətin əsaslarını sarsıdan, çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcək. May ayının 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Onsuz da işğalçı  Ermənistan  tərəfindən yüzlərlə tarixi-mədəni abidələrimiz məhv edilib. Belə bir şəraitdə mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır.  

Zirəddin Cavadov "Texnoloq" qəzetinin redaktoru  

UTECA da Prezidentin təşəbbüsünə qoşuldu

Azərbaycan Texnologiya Universiteti Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na dəstək olub. Texnologiya Universiteti qlobal pandemiyaya çevrilmiş koronavirusa (COVİD-19) qarşı mübarizənin daha da gücləndirilməsi və vətəndaşların sağlam həyat tərzinin qorunması məqsədi ilə qeyd olunan fonda 5000 (beş min) AZN məbləğində vəsait ayırıb. UTECA olaraq biz də hər kəsi #evdəqal aksiyasına qoşularaq özümüzün və ətrafımızdakı insanların sağlığı naminə məsuliyyətli olub evdə qalmağa çağırırıq.