31 yanvar - Azərbaycan xalqının böyük oğlu, Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. “Vətən qayəsi və millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.
Azərbaycan Texnologiya Universitetində 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd edilib. Tədbir çərçivəsində UTECA-nın rektoru, professor Akif Süleymanov səmərəli fəaliyyətinə, öhdəsinə düşən işləri, verilən tapşırıqları dəqiq və məsuliyyətlə yerinə yetirdiyinə görə gənc müəllimlər və tyutorları, eləcə də universitetin ictimai həyatında, təşkil edilən yarışlarda fəal iştirakına görə bir qrup tələbələri fəxri fərmanla təltif edilib.
Universitetin rektoru, professor Akif Süleymanov ailə ilə görüşdə Texnologiya Universitetinin Rəşadla daim fəxr etdiyini bildirib. Rektor Rəşada verilən tərbiyə üçün onun valideynləri Şakir və Fərqanə Niftəliyevlərə təşəkkür edib, Rəşadın şəhidlik zirvəsinin həm də universitetin vətənpərvər gənclər yetişdirdiyinin bariz nümunəsi olduğunu qeyd edib. Akif Süleymanov əlavə edib ki, UTECA növbəti ayda Rəşadın adına həsr olunmuş turnir təşkil edəcək və universitet şəhid məzunun xatirəsini əbədi yaşadacaq, onun şücaətini bütün nəsillərə ötürəcək. Şəhidin valideynləri, qardaşı Tural Niftəliyev və nənəsi Səlimə Abbasova, eləcə də Rəşada dərs deyən müəllimlər onunla bağlı xatirələrini bölüşüblər.Görüş zamanı rektor universitet əməkdaşları olan texnoloqların UTECA-nın toxuculuq laboratoriyasında Rəşadın şərəfinə ərsəyə gətirdikləri portret xalçanı ailəsinə təqdim edib.
Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü keçirilib. İmtahanın gedişatını valideynlər, repetitorlar, media nümayəndələri ilə yanaşı UTECA-ya işgüzar səfər məqsədilə gələn Gürcüstanın Gəncədəki Baş konsulu Nikolaz İaşvili izləyib. Universitetin rektoru, professor Akif Süleymanov müşahidəçilərə bildirib ki, UTECA-da ümumi tələbələ sayı 2622 nəfərdir. İmtahanlarda isə 2618 tələbənin iştirakı nəzərdə tutulub. Bunun 135 nəfəri magistr, yerdə qalanı, yəni 2483 nəfəri isə bakalavrlardır. Ümumilikdə 229 imtahan qrupu üzrə 1306 imtahanın keçirilməsi planlaşdırılıb. Rektor əlavə edib ki, suallar bir ay əvvəldən tələbələrə verilir və tələbə həmin proqram əsasında hazırlaşaraq imtahanlarda iştirak edir. UTECA-da imtahanlar əsasən test üsulu və yazılı olaraq keçirilir. Bu il pilot olaraq İqtisadiyyat fakültəsinin tələbələrinə ingilis dilindən şifahi imtahan təşkil edilib. Bu addım dil biliyi hazırlığında “listing”in vacibliyi nəzərə alınaraq atılıb. Valideynlər və media nümayəndələri elektron, daha sonra yazılı imtahan keçirilən auditoriyalarda müşahidə apardıqdan sonra İmtahan Komisiyasının fəaliyyəti, eləcə də nəticələrin yoxlanma mexanizmi, obyektiv qiymətləndirmə sistemi ilə yaxından tanış olublar. UTECA-da imtahan otaqları müşahidə kameraları ilə təchiz edilib. İmtahan Komisiyası yaradılıb. Tələbələr yaxud valideynlər hər hansı xoşagəlməz halla rastlaşarlarsa bu komisiyaya və ya universitetin “Qaynar xətt”inə, yaxud da rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər. Qeyd edək ki, hələ 2016-cı ildə Təhsil Nazirliyinin sifarişi ilə tələbələr arasında hazırlanan sorğuda Azərbaycan Texnologiya Universiteti ən şəffaf universitet statusu qazanıb. Bu statusu öz devizinə çevirən universitetin missiyası həm də çeviklik olub.
Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov Bakı Biznes Universitetində bir sıra universitetin rektorları ilə tələbə-müəllim mübadiləsinin aparılması barədə müzakirələrdə iştirak edib. Müzakirələrin nəticəsi olaraq Azərbaycan Texnologiya Universiteti ilə Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Universiteti arasında tələbə-müəllim mübadiləsi ilə bağlı tərəfdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən yuxarıda sadalanan universitetlərin tələbə və müəllimləri ixtisaslarına uyğun olaraq mübadilə imkanlarından yararlana bilərcəklər. Əməkdaşlıq müqaviləsi Avropa Komissiyası tərəfindən maliyyələşən EQAC ERASMUS+ layihəsi çərçivəsində imzalanıb.
Azərbaycan Texnologiya Universitetində Azercell şirkəti tərəfindən Gəncə və ətraf rayonlardan olan gənclərin işə qəbulu ilə bağlı müsahibə (II tur) aparılır. İki gün davam edəcək müsahibələrdə gənclər Gəncə Əlaqə Mərkəzi təmsilçisi vakant yeri uğrunda mübarizə aparırlar.