“Azərbaycan Dəmir Yolları” QSC (ADY QSC) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı onlayn formatda görüş keçirilib.ADY QSC-ni İnsan Resursları İdarəsinin rəisi Tural Məmmədov, Maarifləndirmə və İnkişaf Mərkəzinin rəisi Pərviz Quliyev və digər məsul əməkdaşları təmsil edib. Azərbaycan Texnologiya Universiteti tərəfindən isə rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov və digər məsul şəxslərin iştirak etdiyi görüşdə iki qurum arasında qarşılıqlı səmərəli əməkdaşlıq imkanları ətraflı müzakirə edilib. Universitetin tələbə və məzunlarının “ADY” QSC-də təcrübə keçməsi və işlə təmin olunması, professor-müəllim heyətinin ADY QSC-nin təlim mərkəzində, ADY QSC-nin mütəxəssislərinin isə universitetdə tədrisə cəlb edilməsi, birgə karyera yarmarkalarının keçirilməsi və digər məsələlər müzakirələrin əsas mövzusu olub.Görüşün sonunda Azərbaycan Texnologiya Universiteti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında müzakirələrin davam etdirilməsi, əməkdaşlıq memorandumunun layihəsinin hazırlanılması və rəhbərliyə təqdim edilməsi barədə razılıq əldə olunub.