Azərbaycan Texnologiya Universitetinin İdman Zalında basketbol üzrə fakültələr arasında açıq birincilik keçirilib. Yarış torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilib.Oyunlardan öncə UTECA-nın İdman Zalında yeni quraşdırılmış şəhidlər lövhəsinə və UTECA tələbələrinin əl işlərindən ibarət rəsmlərə baxış keçirilib.Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid ailələrinin üzvləri çıxış ediblər. Şəhid ailələrinə dövlət qayğısından danışılıb, şəhidlərin xatirəsinin gənc nəsillərə ötürülməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, univeritetin şəhid məzunu Nemət Orucov həm voleybol, həm də atletika idman növləri üzrə təhsil müəssisəsinin əsas heyət üzvü olub.Daha sonra rəsmi hissədə ölkədə idmanın inkişafına cənab Prezidentin diqqət və qayğısından bəhs edilib. Tədris və sənaye işləri üzrə müşavir Aqil Eyvazov bildirib ki, təhsil naziri Emin Əmrullayevin basketbol Federasiyasının Prezidenti seçildikdən sonra basketbol idman növünün inkişafına diqqət daha da artıb. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov UTECA basketbolçularının hazırlanması üçün ciddi təşəbbüs göstərib, bu işə əməkdar məşqçi Elçin Süleymanovu cəlb edib. Artıq ilkin nailiyyətlərin əldə olunduğunu vurğulayan müşavir bir neçə gün əvvəl Gəncə şəhər Gənclər İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən spartakiadada basketbol birinciliyinin qalibi olan UTECA komandasını rektor adından bir daha təbrik edib, yeni-yeni nailiyyətlər arzulayıb.Yarışa start verilməzdən əvvəl UTECA-nın Tələbə Gənclər Təşkilatının sədri Nicat Nağıyevin ifasında “Xudayar təsnifi” dinlənilib.Yarışda UTECA tələbələri ilə yanaşı Telekom basketbolçuları da iştirak edib. Qida mühəndisliyi fakültəsinin tələbələri keçirdiyi bütün görüşlərdə qalib gələrək çempion adını qazanıblar.