Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində Əcnəbilərin hazırlığı proqramı davam edir

Azərbaycan Texnologiya Universitetində 3 fevral 2025-ci il tarixindən başlayan əcnəbi vətəndaşlar üçün hazırlıq proqramı uğurla davam edir. Proqram çərçivəsində xarici tələbələrə Azərbaycan dili, nitqin inkişafı və gələcəkdə təhsil almaq istədikləri ixtisasa uyğun fənlər tədris olunur. Bu hazırlıq mərhələsi əcnəbi tələbələrin yerli təhsil sisteminə uyğunlaşmasını və akademik uğurlarını təmin etməyə yönəlib.

Hazırlıq proqramını uğurla başa vuran tələbələrə şəhadətnamə təqdim olunur. Həmin sənəd əsasında onlar ölkəmizdəki ali təhsil müəssisələrində – həm bakalavr, həm də magistratura səviyyəsində təhsillərini davam etdirmək hüququ əldə edirlər.

Hazırda ATU-nun hazırlıq qruplarında Rusiya, Türkmənistan, Pakistan, Nigeriya və s. ölkələrdən 22 əcnəbi tələbə təhsil alır.

Azərbaycan Texnologiya Universitetində "Ekoloji irsimiz Göygöl" adlı elmi və maarifləndirici tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində "Ekoloji irsimiz Göygöl" adlı elmi və maarifləndirici tədbir keçirilib.

Göygöl Milli Parkının yaranması gününə həsr edilmiş tədbirdə Azərbaycan Texnologiya Universitetinin universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev,  Göygöl Milli Parkının direktoru Fuad Quliyev və baş elmi işçisi Zaur Məmmədov, Qida Mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Ətraf mühitin mühafizəsi kafedrasının müdiri Elşad Məmmədov və kafedranın müəllim-tələbə heyəti iştirak edib.

Çıxışlarda Göygöl Milli Parkın yaranması tarixindən, zəngin flora və faunasından, qorunmasından, eləcə də nəsli kəsilməkdə olan bəzi heyvan növlərinin müdafiəsi istiqamətində görülən dövlət tədbirlərdən bəhs edilib.

Seminar çərçivəsində Göygöl Milli Parkından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra ATU ilə Göygol Milli Parkı arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib, müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.

ATU-da Novruz şənliyi təşkil olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) Novruzun şənliyi təşkil olunub.

Tədbiri rektor Yaşar Ömərov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, qazilər, ATU əməkdaşları və tələbələr izləyiblər.

Tədbirdə müxtəlif ansamblların, eləcə də ATU tələbələrinin ifasında müsiqilər səsləndirilib, rəqslər ifa edilib. 

Şənlik çərçivəsində universitetin həyətində Novruz adət-ənənələrini əks etdirən süfrələr qurulub, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub, fakültələr arasında kəndirdartma yarışı keçirilib. Novruzun personajları olan Kosa və Keçəl tədbirə bayram əhval ruhiyəsi qatıb. 

Şənlikdə tədbirin fəxri qonaqları olan qazi tələbələr və məzunlar rektor Yaşar Ömərovla birgə bayram tonqalını alovlandırıblar.


Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb. 

İclasda elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidovun keçiriləcək elmi konfrans barədə məruzəsi dinlənilib.

Daha sonra Mehman İsmayılovun təqdimatında Qida mühəndisliyi fakültəsinin, Alimə Qurbanovanın təqdimatında isə Kitabxana İnformasiya Mərkəzinin hesabatı dinlənilib.

İclas çərçivəsində tədris metodiki vəsaitlər təsdiq edilib, Qiyabi təhsil sektorunun müdiri İrşad Abbasov 70 illik yubileyi, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının baş müəllimi Fizuli Fərəci 65 illik yubileyi münasibətilə təltif olunub, Qida mühəndisliyi və ekspertiza kafedrasının əməkdaşı Sevda Qurbanova isə elmi ad alması münasibəti ilə mükafatlandırılıb.

Azərbaycan Texnologiya Universitetində Elm Günü qeyd olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) Elm Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidov, Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Şakir Əliyev, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fazil Kərimov çıxış edərək elm və texnologiyanın inkişafında universitetlərin rolundan, elmi tədqiqatların əhəmiyyətindən, ATU-nun elmi nailiyyətlərindən, universitetdə elmi fəaliyyətin inkişafı istiqamətində görüləcək işlərdən danışıblar. 

Tədbirdə tələbələrin elmi məruzələri də dinlənilib. Aysun Hüseynova “Dizaynın gələcəyi: süni intellekt və avtomatlaşdırma”, Aydan İsayeva “İşğaldan azad olunmuş ərazilərdə zondlama üsulu ilə monitorinq”, Zeynəb Rzayeva “Proqramlaşdırma dillərində çeşidləmə alqoritmləri”, Elmira Yusifli isə “Qərb bölgəsində sənaye tullantılarının təkrar emalının əhəmiyyəti” başlıqlı məruzələrlə çıxış edib, mövzular ətrafında ünvanlanan sualları cavablandırıblar.

ATU-nun 55 illiyi münasibətilə Heydər Əliyev Parkında 55 çinar ağacı əkilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) 55 illik yubileyi çərçivəsində Gəncədə yerləşən Heydər Əliyev Parkında 55 çinar ağacı əkilib. Ağacəkmə aksiyası universitetin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin və Heydər Əliyev Park Kompleksinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, ATU-nun yaradılması vaxtilə — 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb və onun adı universitetin tarixində mühüm yer tutur. Məhz buna görə də, ATU-nun yubiley tədbirləri çərçivəsində Gəncədə Heydər Əliyevin əkdiyi çinar ağacının olduğu parkda yeni çinarların əkilməsi xüsusi rəmzi məna daşıyır. Bu təşəbbüs həm universitetin tarixinin əbədiləşdirilməsinə, həm də şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına töhfə vermək məqsədi daşıyır.