Azərbaycan Texnologiya Universitetində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İştirakçılara Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolunu, əldə etdiyi uğurları və qazandığı tarixi Zəfəri əks etdirən sənədli film nümayiş etdirilib.
Tədbirin açılışında çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov Azərbaycan Ordusunun yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə müasir ordu quruculuğunun formalaşdırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən, Silahlı Qüvvələrimizin keçdiyi inkişaf yolundan, Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən və ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər qazandığını, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Respublikası Qarabağ Qaziləri İctimai Birliyinin sədri Eyvaz Hüseynov və birliyin Gəncə filialı sədrinin müavini, ehtiyatda olan polkovnik-leytenant Ceyhun Əliyev çıxış edərək Silahlı Qüvvələrimizin keçdiyi şərəfli döyüş yolundan, xalq-ordu birliyinin əhəmiyyətindən və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən danışıblar.
Tədbirdə Humanitar elmlər və multikulturalizm kafedrasının müəllimi, Vətən müharibəsi qazisi, ehtiyatda olan zabit Xəlil İbrahimov da çıxış edib. O, Azərbaycan Ordusunun hərbi sahədə qazandığı nailiyyətlərdən, müasir döyüş təcrübəsindən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Dəmir Yumruq" əməliyyatı nəticəsində qazanılan tarixi Zəfərdən və sonrakı dövrdə uğurla icra olunan hərbi əməliyyatlardan söz açıb, şanlı Zəfər tariximizin əhəmiyyətini vurğulayıb.
Çıxışlarda Azərbaycan Ordusunun regionun ən güclü ordularından biri olduğu qeyd olunub, Silahlı Qüvvələrimizin qazandığı qələbələrin xalqımızın qürur mənbəyi olduğu bildirilib.