Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin bir qrup müəllim və tələbəsinin Mingəçevir Tekstil MMC-yə ekskursiyası təşkil edilib.
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Şakir Əliyevin rəhbərliyi, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyev, professor Cahangir Hacıyevin, eləcə də digər müəllimlərin iştirakı ilə baş tutan ekskursiyanın təşkilində məqsəd tələbələrin nəzəri biliklərini praktiki vərdişlərə çevirməkdən ibarətdir.
Ekskursiya zamanı tələbələr müəssisənin bölmələrini gəzərək emal və istehsalın bütün mərhələləri ilə əyani tanış olub, müvafiq fənn müəllimləri, mütəxəssislər və istehsalat ustaları ilə eyni anda görüşərək geniş fikir mübadiləsi aparıblar.
Ekskursiya çərçivəsində fabrikdə ATU Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbə seminarı da baş tutub. Seminarda prof. Cahangir Hacıyevin rəhbərliyi ilə Aysun Məmmədova və Cəvahir Mustafayeva, baş müəllim Hüsnü Kərimovun rəhbərliyi ilə isə Məryəm Atakişiyeva və Sayad Şükürova iplik istehsalı sahəsində müxtəlif mövzular üzrə çıxış ediblər.
Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşları üçün iftar süfrəsi açılıb.
Universitetin rektoru Yaşar Ömərov kollektivi Ramazan ayı münasibətilə təbrik edərək duaların qəbul olmasını diləyib, xalqımıza firavanlıq, sülh və əmin-amanlıq arzulayıb.
Mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahir çıxış edərək Ramazanın cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirdiyini dilə gətirib.
ATU Həmkarlar İttifaqı Komitəsinin xətti ilə baş tutan iftar süfrəsində dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə universitetin müxtəlif vəzifələrdə çalışan bir qrup xanım əməkdaşı ilə görüşüb.
Görüş zamanı Y.Ömərov Azərbaycan qadınının ölkəmizdə və cəmiyyətdə rolundan, aktiv fəaliyyətindən danışıb. Bildirib ki, mərhəmət, xeyirxahlıq kimi yüksək bəşəri, zəngin mənəvi, əxlaqi dəyərlərə malik Azərbaycan qadını bu gün bütün sahələrdə uğurla təmsil olunur. Y.Ömərov qeyd edib ki, qələbəmizin qazanılmasında, ərazi bütövlüyümüzün bərpa olunmasında qadınlarımızın da özünəməxsus payı var. Çünki, məhz onların dünyaya gətirdiyi, böyüdüb boya-başa çatdırdığı, vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların qəhrəmanlığı, şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib.
Y.Ömərov görüşdə iştirak edən xanım əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, uzun ömür və can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyi çərçivəsində baş tutacaq "GreenTech II" Startap və yaşıl texnologiyalar müsabiqəsinə dəstək verənlər qurumlar sırasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də qoşulub.
Müsabiqənin sponsorları siyahısı da genişlənib. Tədbirdə "Coca-Cola", "Lenovo", "Baku Electronics", "AZGRANATA" və "ATS Food" da sponsor qismində çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Coca-Cola", "Lenovo", Səhliyalı, "Baku Electronics", "AZGRANATA" və "ATS Food"un sponsorluğu ilə baş tutacaq yarışın final mərhələsi 17 aprel 2025-ci ildə Gəncə şəhərində, Azərbaycan Texnologiya Universitetində keçiriləcək.
Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya atu.edu.az/greentech linkindən istifadə edə bilərlər.
Qeydiyyat 17.02.2025-ci tarixindən başlayacaq və 07.04.2025-ci il tarixinədək davam edəcəkdir.
Bütün ali təhsil müəssisələrinin tələbələrini müsabiqədə iştirak etməyə dəvət edirik.
Qeyd: Tələbələr üçün Bakıdan Gəncəyə və əks istiqamətə transfer təşkil olunacaqdır.
Azərbaycan Texnologiya Universiteti (ATU) və “Qərbi Azərbaycan İcması”nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin əvvəlində Qərbi Azərbaycanda toponimlərin ermənilər tərəfindən dəyişdirilməsindən bəhs edən videoçarx izlənilib. Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov çıxış edib, Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış siyasətindən danışıb. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan Qarabağ və Şərqi Zəngəzurun azad olunması təkcə torpaq azadlığı deyil, həm də Azərbaycanın gələcək siyasətinin yeni mərhələsi idi. İndi dövlətimizin əsas prioritetlərindən biri tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı təmin etməkdir.
Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Adil Tağıyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qərbi Azərbaycan İcması Gəncə şəhər nümayəndəliyinin rəhbəri prof.Mübariz Yusifov, müavini Arifə Əhmədli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü prof. Bayram Apoyev, ATU-nun dosentləri – Qərbi Azərbaycan nümayəndəsi Zərdan Səmədov və Qərbi Azərbaycan İcmasının üzvü İrşad Abbasov çıxış edərək Ermənistanın Qərbi azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya siyasətindən, soydaşlarımıza qarşı törədilən vandalizm aktlarından, tarixi torpaqlarımızın adlarının dəyidirilməsindən danışıb, bu cür tədbirlərin keçirilməsində məqsədin məhz Qərbi Azərbaycan həsrəti ilə yaşayan azərbaycanlıların haqq səsini eşitdirməkdən, tarixi ədalətin bərpa ediləcəyi günün hər keçən gün daha da yaxınlaşdığını diqqətə çatdırmaqdan ibarət olduğunu bildiriblər.
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidovun və Tədrisin təşkili və idarə olunması şöbəsinin müdiri Cəsarət Şabanovun təqdimatlarında müvafiq olaraq Apellyasiya Komissiyasının və qış imtahan sessiyasının hesabatı, strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimovun təqdimatında Strateji İnkişaf Planının 2024-cü il üzrə hesabatı, eləcə də Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri Əhəd Nəbiyevin və Ətraf mühitin mühafizəsi kafedrasının müdiri Elşad Məmmədovun hesabatları dinlənilib.
Daha sonra Elmi fəaliyyətin təşkili və idarə olunması şöbəsinin müdiri Qalibə Məmmədovanın təqdimatı ilə universitetdə aparılan elmi işlərin nəticələri, Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramovun təqdimatı ilə doktorant və dissertantların attestasiya qaydalarının, mövzularının təsdiqi, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin təqdimatı ilə komissiyaların tərkibinin yenidən formalaşdırılması kimi məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.